Yaxud erməni din xadimi Xocalını hansı məqamda xatırladı?
Din xadimlərinin, ümumən kilsənin erməni qövmünün avantürizminin başlıca dayağı olduğunu bilirik. Onu da bilirik ki, kilsə tarix boyu özünün anarxist baxışları ilə millətçiliyi, şovinizmi təbliğ edib, türklərə və müsəlmanlara qarşı dərin nifrət və düşmənçilik hissi aşılayıb. Bu mənada hazırda haqqında söz açacağımız məsələ bəlkə yenilik sayılmamalıdır. Hesab edə bilərik ki, bu mənada təəccüblənəcək elə bir şey də yoxdur. Amma, sən demə, onun üzərində dayanmağa ehtiyac varmış.
***
Əvvəlcə onu bildirək ki, idman siyasətdən uzaq tutulmalıdır. Elə biz də toplum olaraq məsələyə diqqət yetirməliyik. Bəzən idmançımızın erməni idmançı üzərində qazandığı qələbəni xüsusi formada təqdim edirik. Yada salaq ki, bir müddət əvvəl karyerasının başa vurmuş güləşçimiz son görüşündə erməni idmançıya qalib gəlmişdi. O, görüşdən sonra verdiyi açıqlamada heç vaxt erməni rəqibinə uduzmadığını bildirmiş və bununla öyündüyünü dilə gətirmişdi.
Uzun sözün qısası, bu sayaq fikirlərin ictimailəşməsi doğru deyil. Ən azı, ona görə ki, indiki halda həmin güləşçinin onun özündən də populyar həmkarları var və onların karyeraları ərzində erməni rəqibinə yenildikləri anlar olub. Yəni, həm erməni atletin azərbaycanlı rəqibini, həm azərbaycanlı atletin erməni rəqibini məğlubiyyətə uğratması haradan, hansı səmtdən diqqət yetirsək, idman hadisəsidir. Normal məntiq məsələyə məhz bu səpkidə yanaşmağı diktə edir. Tam anormal məqama keçid alarkən, ön planında dayanan isə erməni din xadimidir.
***
Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan karateçisi erməni rəqibinə uduzmuşdu. Əslində, sonradan məlum olacaqdı ki, mövcud qaydalar çərçivəsində hərəkət etməyən, qadağan olunmuş zərbə vuran erməni idmançının özüdür. Ancaq sosial şəbəkələrdə yayılmış video görüntü var idi ki, orada erməni idmançının zərbəsindən azərbaycanlı idmançı yerə yıxılır, huşunu itirir və həkimlər onu meydandan xərəkdə aparırlar.
Mümkündür ki, bu hadisəyə hansısa sıravi erməni xüsusi pafos versin və yekun nəticə etibarilə məhz həmvətəninin yolverilməz zərbə endirdiyi üçün yarışdan uzaqlaşdırıldığının fərqinə varmasın. Amma bunu erməni din xadimi edirsə, məsələ qəlizləşir. Durumu daha da qəlizləşdirən isə həmin videonun üzərindəki qeyddir. Rusca yazılmış qeydi təxmini tərcümə ilə təqdim edirik: “Erməni azərbaycanlını xocalılaşdırdı”.
***
Burada başlıca məqam məhz “xocalılaşdırdı” sözündədir. Deməli, özünü din xadimi adlandıran, sosial şəbəkə hesabında, indiki halda facebook səhifəsində dini ayin icra etdiyi səhnənin fotosunu yerləşdirən şəxs, eyni zamanda, üzərində belə qansız, təfriqəçi fikrin yazıldığı video-görüntünü də paylaşır. Yəni, ortada din, dindar adına bu qədər böyük rəzalət var!
Digər tərəfdən, Xocalı faciəsini xüsusi vurğulamalıyıq. O faciəni ki, xalqımızın qan yaddaşına son dərəcə böyük dərd kimi yazılıb. Erməni din xadimi isə sanki bu yaşantını məsxərə predmetinə çevirir, Xocalının timsalında bir xalqın öz millətinin nümayəndələri tərəfindən başına gətirilmiş soyqırımına, bir növ, həqarətli münasibət ortaya qoyur. Dinə qulluq göstərən birinin bu qədər qeyri-insani təbiətə malik olması, həqiqətən, dəhşətdir!
***
Sonda onu da deyək ki, Ermənistan mediası və qeyri-hökumət təşkilatları hər zaman belə bir fikir yayırlar: Türklərdə, daha doğrusu, Azərbaycan türklərində ermənilərə qarşı pataloji nifrət var və sair və ilaxır. Bir müddət öncə bununla bağlı, guya, Bakı əhalisi arasında sorğu keçirən qurum da peyda olmuşdu. “Sorğu”da respondentlərə ünvanlanmış suallardan bəlli idi ki, onu təşkil edənlər hansı məqsədə kökləniblər. Suala diqqət yetirək: rus sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni uşağı ilə qarşılaşsanız, nə edərsiniz? Hələ saxta cavablara baxın: Uşağı görsəm, kölə edərəm; doğrayaram və sair.
Göründüyü kimi, “sorğu keçirənlər” öz mahiyyətlərini ortaya qoyurlar. Məqsəd isə bəllidir – azərbaycanlılarla ermənilərin birlikdə, dinc şəkildə ömür sürmələrinin mümkünsüzlüyünü göstərmək. Beləliklə ermənilər yaşayan Qarabağda Azərbaycanın hüquqi hakimiyyətinin qurulmasını əngəlləmək.
Əslində, həm erməni mediası, həm həmin “sorğuçular”, həm də haqqında söz açdığımız erməni din xadimi davranışı ilə Ermənistanın inkişafının, erməni cəmiyyətinin, belə demək mümkünsə, sivil tərtibatının qarşısını aldığının fərqində deyil. Ən pisi də elə budur. Xaricdəki erməni havadarları isə Azərbaycanı anti-humanist davranışda günahlandırırlar. Belə insani hisslərdən uzaq, başqasının ağrı-acısından həzz alan faşist xislətlilərlə necə humanist olasan? Onsuz da insani dəyərləri anlamayacaq qədər iflicdirlər. Bir toplumun ki, din xadimi, yəni ziyalısı bu cür gerizəkalıdırsa, digərlərindən nə gözləyəsən?
R.ƏVƏZ, “Xalq qəzeti”


