Dövlətimizin başçısı “Euronews” telekanalına müsahibəsində Bakı – İrəvan danışıqlarının vacib parametrlərinə aydınlıq gətirməklə, ölkəmizin prinsipial mövqeyini bir daha bəyan etdi
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın nüfuzlu media orqanlarından sayılan “Euronews” telekanalına müsahibəsində bir sıra məqamlara toxundu. Bu yazıda daha çox dövlətimizin başçısının Ermənistanla sülh gündəliyi ilə bağlı söylədikləri üzərində dayanacağıq. Amma bilavasitə mövzuya keçməzdən öncə diqqəti bir məqama yönəltmək istərdik.
Məlum olduğu kimi, cənab İlham Əliyev 44 günlük müharibə dönəmində də dünyanın tanınmış kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermişdi. Bu müsahibələr Ermənistanın, onun havadarlarının ölkəmizlə bağlı reallaşdırdıqları anti-təbliğatı alt-üst etmişdi. Ölkəmizin lideri, faktiki olaraq, müharibənin informasiya cəbhəsinin böyük bir səngərində təkbaşına mübarizə apararaq, beynəlxalq ictimai rəyin yanlış yönləndirilməsinin qarşısını almışdı. Azərbaycan Prezidentinin “Euronews”a bir neçə gün əvvəlki müsahibəsini də məhz bu baxımdan dəyərləndirmək mümkündür.
Nəzərə alaq ki, indi də Ermənistan rəhbərliyi, xaricdəki ermənipərəst qüvvələr Cənubi Qafqazda sülh gündəliyi, Laçın yolu, həmin yol üzərindəki Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsi üzərində respublikamıza qarşı əks-təbliğatla məşğuldurlar. Niyyətləri diqqəti əsl həqiqətlərdən yayındırmaq, beynəlxalq aləmin Azərbaycana total mənfi münasibətini yaratmaq, yekun nəticədə 44 günlük müharibədən sonra bölgədə formalaşmış reallıqları dəyişdirərək, Qarabağdakı erməni avantürizmini qoruyub saxlamaqdır. Prezident İlham Əliyev “Euronews”a müsahibəsindəki vurğuladığı məqamlarla məhz bu sayaq mənfi təmayüllərə qarşı ölkəmizin prinsipiallığa və qətiyyətə söykənmiş immunitetini, müqavimət hissini bir daha ortaya qoydu, gücümüzə yeni əminlik çalarları qatdı.
***
Keçək mətləbə. Dövlətimizin başçısının Ermənistanla sülh gündəliyi müstəvisində üzərində dayandığı ilk məqam özündə Bakı-İrəvan danışıqlarının, hər iki tərəfin təmsilçilərinin görüşlərinin əhəmiyyətinin vurğulanmasını ehtiva edir. O anlamda ki, həmin təmaslar çox həssas məsələlərə toxunmaq imkanı verir. Bunlardan biri sərhəd məsələsidir. Daha doğrusu, sərhədlərin gələcək parametrləri.
Prezident İlham Əliyev bildirir ki, uzun onilliklər Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb. Çünki hər iki respublika sabiq Sovet İttifaqının tərkibində yer alıb. İttifaq süquta uğradıqdan sonra isə ölkəmiz təcavüzlə üzləşib: “İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.
Bəli, Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas məsələ Naxçıvana gedən yoldur. O yol ki, şərti də olsa, 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol şəklində göstərilir. Onun açılması İrəvan üzərinə öhdəlik kimi qoyulur.
Dövlətimizin başçısı sözügedən yolu Zəngəzur dəhlizi adlandırıb. Ötən iki il yarımdan artıq müddətin təcrübəsi göstərir ki, bu ifadə beynəlxalq siyasi terminologiyada da oturuşub. Çünki dünya Zəngəzur dəhlizinin əhəmiyyətini çox yaxşı dərk edir. Beynəlxalq dairələr, eyni zamanda gözəl anlayırlar ki, əslində, Naxçıvana quru yolu olan həmin dəhlizə qarşı müqavimət göstərən tərəf Ermənistan rəhbərliyi və xaricdəki bəzi qüvvələrdir. Mövcud istiqamətdəki dirəniş isə bütövlükdə, Azərbaycan – Ermənistan sülh prosesinin vacib maneə seqmentini təşkil etməkdədir. Hesab edirik ki, ölkəmizin lideri “Euronews”a müsahibəsində bu məqama heç də əbəs yerə toxunmadı. Deməli, Zəngəzur dəhlizi həm də fərqli maraqların toqquşduğu plasdarmdır.
***
Ermənistan Azərbaycanla sülh istəyirsə, hansısa şərt qoymamalı, ölkənin rəhbərliyi məsələyə səmimi yanaşmalı, konstruktiv davranmalıdır. Təəssüf ki, biz bunun əksini müşahidə etməkdəyik. Nəticə etibarilə Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh əldə olunmur. Lakin Bakı-İrəvan danışıqlarının pozitiv tərəfləri var ki, Prezident İlham Əliyev müsahibəsində onların da üzərində dayanıb. Məsələn, sülh sazişinin əsas bəndlərinin nazirlər tərəfindən tərtib edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirir ki, Ermənistanın rəhbər şəxsləri ilə ölkəmizin rəsmilərinin təmasları yaxşı mühit yaradır: “Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.
Sülh variantından söz düşmüşkən, Azərbaycan Prezidenti müsahibəsində mövcud istiqamətdəki danışıqların hazırkı tematikasındakı Avropa İttifaqı müstəvisindən də söz açıb. Söhbət, konkret olaraq, Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsündən gedir. O təşəbbüsdən ki, onun aktivliyini, belə demək mümkünsə, leqallaşdıran amil qismində Mişelin təmsil olunduğu qurumun həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq səviyyəsi çıxış etməkdədir. Deməli, ölkəmizin lideri, faktiki olaraq, Aİ-nin Cənubi Qafqaz siyasi akvatoriyası üçün yad olmadığını vurğulamaqdadır.
Yeri gəlmişkən, onu da diqqətə çatdıraq ki, Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanması üzrə aktiv vasitəçilərdən sayılan Rusiya zaman-zaman Aİ-nin Cənubi Qafqaz bölgəsi üçün kənar element imicini formalaşdırmaqdadır. Qurumun ayrı-ayrı rəsmiləri isə çıxışlarında buna qarşı immunitet formalaşdırmağa yönələn bəyanatlar səsləndirir, müxtəlif arqumentlər irəli sürürlər. Əlbəttə, ən böyük arqument münaqişə durumunda olan Cənubi Qafqaz ölkələrinin mövqeyidir. Azərbaycanın mövqeyi ortadadır və cənab İlham Əliyev onu bir daha vurğuladı. Ermənistana gəldikdə isə, ölkənin manipulyativ yol tutduğu aşkardır. Təxminən belə: Sərf edəndə Avropa, etməyəndə Rusiya...
Bəli, Azərbaycanın rəhbəri müsahibəsində Aİ-nin sülh missiyasına hörmətini ifadə etdi. Həm də ona görə ki, “bizim onunla (Aİ ilə - red.) münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir”. Digər tərəfdən, Brüsseldəki təmaslarla yanaşı, Aİ-nin təşviq etdiyi Avropa Sülh Təşəbbüsü çərçivəsində də danışıqlar getməkdədir. Sonuncu dəfə bu görüş Kişinyovda baş tutdu. Bu kimi məqamları vacib hesab edən ölkəmizin liderinin söylədiklərindən gəlinən qənaət budur ki, ikitərəfli təmaslar bölgədə vəziyyətin durğunlaşmasına imkan verməmək baxımından da əhəmiyyətlidir: “Çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”.
***
Əlbəttə, sülh vasitəçiliyindəki başlıca indikator səmərəlilikdir. Azərbaycan konkret nəticəyə, belə demək mümkünsə, təşnədir. Bu, o deməkdir ki, bütün torpaqlarımızda ölkəmizin hüquqi və faktiki hakimiyyəti tez bir zamanda bərqərar olmalıdır.
2020-ci ilin 10 noyabr üçrətəfli Bəyanatı ilə bölgədə müharibəyə son qoyan Rusiya vasitəçilik baxımından son dərəcə ciddi dividend əldə etmişdi. Yada salaq ki, həmin vaxt dünyanın bir sıra aparıcı qütbləri qanlı savaşın dayandırılmasına görə Moskvaya təşəkkürlərini də bildirmişdilər.
Sonrakı mərhələdə Rusiya, ölkəmizin rəhbərinin də bildirdiyi kimi, ilk dəfə olaraq Azərbaycan və Ermənistan liderlərini bir masa ətrafına gətirməyə müvəffəq oldu. Ancaq görünən budur ki, başlanmış prosesin səmərəlilik baxımından ardı gəlmədi.
Moskva 2020-ci ilin noyabrından ötən müddətdə çox çalışıb ki, Ermənistan 2018-ci il inqilabına qədərki dövrə qayıtsın. Yəni, yenidən onun orbitinə. Buna görə, əslində, Ermənistan üçün sərfəli olan bir sıra məsələləri gündəmə gətirib.
Məsələn, Qarabağın statusunun müəyyənləşdirilməsinin sonraya saxlanılmasını götürək. Halbuki, status 44 günlük müharibə ilə Prezident İlham Əliyevin təbirincə desək, “gorbagor” olmuşdu. Hələ sonraya saxlanılanlar siyahısına sülh müqaviləsini də əlavə etmək mümkündür. Bütün bunlar isə Azərbaycanın maraq və mənafelərindən irəli gəlmirdi. Üstəlik, onu da nəzərə alaq ki, həmin üçtərəfli bəyanatın heç də bütün şərtlərinə əməl olunmayıb – Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri qalmaqdadır, yuxarıda da vurğuladığımız kimi, Ermənistan Naxçıvana yolun açılmasını təmin etməyib və sair.
Belə bir durumda ABŞ-ın və Avropa İttifaqının sülh vasitəçiliyi platformasında fəallaşmasını təbii saymaq mümkündür. Birincisi, kollektiv Qərb Rusiya ilə rəqabət meydanı əldə etməyi düşünürdü. Moskvanın passivliyi və məsələyə yanaşmanın ədalətsizliyi şəraitində bu meydanı tapdı. İkincisi isə hətta, Rusiya ondan gözlənilənləri həyata keçirsəydi də belə, yenə ermənipərəstlik mərəzinin Qərbi Cənubi Qafqaz müstəvisində hərəkətə gətirəcəyi qənaətindəyik.
Mövcud dolaşıq labirintdə Azərbaycanın rolu ondan ibarətdir ki, ölkəmiz balansı ciddi şəkildə qorudu və özünün düşünülmüş siyasəti ilə Qərbi fakt qarşısında qoymağı bacardı. Əslində, bu nəticə yalnız ötən iki il yarımdakı fəaliyyətin deyil, uzun illərə əsaslanmış və ölçülüb-biçilmiş xəttin məhsuludur. Yəni, indiki halda prinsip etibarilə ermənipərəst mövqedə olan və lazım gələndə bütün resurslarını mövcud istiqamətdə cəmləşdirib anti-Azərbaycan ritorikasına baş vuran Qərb son anda geri çəkilmək, reallıqları qəbul etmək məcburiyyətindədir...
Elə həm də buna görədir ki, hazırkı situasiyada ölkəmiz üçün Birləşmiş Ştatlar və ya Avropanın Rusiyadan daha fəal olmasının fərqi yoxdur. Bu qütblər arasında rəqabət hər zaman olub. Əsas olan rəqabətin ölkəmizin maraq və mənafelərinin təminatına xidmətidir. Prezident İlham Əliyevin də vurğuladığı məhz budur: “Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.
Nəticə ədalətli olmalıdır. Ədalətli olmaq üçün isə dünyanın, indiki halda Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi qismində çıxış edən tərəflərin ikili standartlardan uzaqlaşmaları mütləqdir. Sülh prosesinə yanaşmadakı normal məntiq ikili standartlardan uzaqlaşmanı diktəyə çevirməkdədir. O səbəbdən ki, dünya təcrübəsi və beynəlxalq aləmdəki presedentlər var. Azərbaycan Prezidenti isə onlarla paralellər aparmaqda tam haqlıdır.
Həqiqətən də necə ola bilər ki, dünya Ukraynadakı separatçılıq meyillərinə qarşı birləşir, ölkənin ərazi bütövlüyünün qorunması kontekstindən çıxış edir, Azərbaycana gəldikdə, eyni fəallıq göstərilmir? Digər tərəfdən, cənab İlham Əliyev müsahibəsində beynəlxalq ictimaiyyətin Gürcüstanın suverenliyinə təhdidə qarşı da vahid mövqe sərgilədiyini diqqətə çatdırır və sual verir: “Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır?”
***
Ermənistan hakimiyyəti, ermənipərəst dairələr Qarabağ ermənilərinin blokadası məntiqini qabardarkən, 120 min rəqəmi üzərində dayanır, Azərbaycanın guya yaratdığı vəziyyət nəticəsində bu sayda əhalinin sosial durumunun ağırlığını, həyati ehtiyaclardan məhrum vəziyyətə düşdüyünü önə çəkirlər. Dünyanın müxtəlif media orqanları da məsələni gündəmə gətirmək yolu tuturlar. Belə təəssürat formalaşır ki, heç kəs Azərbaycanın Qarabağın erməni əhalisi ilə bağlı konstitusyon öhdəliklərini yerinə yetirməyə hazır olduğunu nəzərə almır.
Ermənistan iqtidarı isə mövcud istiqamətdə əlavə beynəlxalq mexanizmlərin işə salınmasını gündəliyə gətirmək, bunun Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin tərkibində yer almasını istəyir. Yəni əvvəlcə saxta, qeyri-qanuni gündəm yaradılır, sonra həmin gündəmin, bir növ, leqallaşdırılmasına, hüquqi sənədlərdə yer almasına cəhd göstərilir. Halbuki Qarabağ ermənilərinin sayı bəyan edildiyi kimi, heç də 120 min deyil, təqribən 30 minə yaxındır.
Ancaq hətta 120 min olsa belə nə isə dəyişmir. Bu baxımdan Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində gətirdiyi ritorik arqument son dərəcə əsaslıdır. Dövlətimizin başçısı Avropanın baxışlarındakı anti-separatizm seqmentini əsas götürərək həm sual verir, həm də ölkəmizin qəti mövqeyini açıqlayır: “Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik!”.
***
Sonda bir məqamı da vurğualayaq ki, Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində Azərbaycan – Ermənistan danışıqları ilə bağlı səsləndirdiyi xüsuslar, dövlətimizin başçısının əminlik jestikulyasiyaları ölkəmizin qətiyyətli və prinsipial mövqeyinə yenidən aydınlıq gətirilməsi, xarici təpkilərə qarşı dirənişimizin ideoloji motivlərinin bir daha bəyan edilməsidir. Müsahibədəki fikirlər, həmçinin xəbərdarlıq mahiyyəti daşıyan siyasi manifestdir. Bu xəbərdarlıq isə həm Ermənistan hakimiyyətinədir, həm ermənipərəst dairələridir, həm də Bakı – İrəvan münasibətlərinin tənzimlənməsi üzrə vasitəçilik missiyasını öhdəliyinə götürmüş tərəflərədir. Birinci, yəni Ermənistan iqtidarı anlamalıdır ki, ölkəmizin baxışları sorğu-sualsız qəbul edilməlidir. Əks halda, onun üçün vəziyyət indikindən qat-qat fəlakətli ola bilər. Ermənipərəst dairələr bilməlidirlər ki, anti-Azərbaycan ritorikasına güc verməklə, Ermənistan iqtidarını illüziya bataqlığına sürükləyirlər ki, bu da İrəvanı növbəti fəlakət ssenarisinə yuvarlandırmaqdadır. Vasitəçilərə gəldikdə isə onlardan tələb olunan ədalət və yalnız ədalətdir. Nəzərə alınmalıdır ki, məhz ədalətli sülh dayanıqlı ola, inkişafa və tərəqqiyə yola aça bilər.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”


