Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Şuşa şəhərində 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə konfrans keçirilib.
Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva məclisi giriş sözü ilə açaraq doğma dilimizlə bağlı bu toplantının Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsinin qürurverici olduğunu söyləyib. Alim qeyd edib ki, 1969–2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə də öz əksini tapıb, Ulu öndər tərəfindən imzalanan sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən edib. Monitorinq Mərkəzi bu fərman və sərəncamlardan irəli gələn məsələləri, dövlət dili ilə bağlı Ulu öndərin göstərişlərini rəhbər tutaraq doğma dilin saflığının qorunmasına, azərbaycançılıq ideologiyasının təbliğinə öz töhfələrini verməkdədir.
Konfransda Mərkəzin direktor müavini, dosent Gülarə Əmirova “Azərbaycan əlifbasının dünəni və bu günü”, filologiya üzrə fəlsəfə doktoru Aynur Paşayeva “Təhsildə Azərbaycan dili” mövzusunda məruzələrlə çıxış ediblər. Bakı Mühəndislik Universitetinin tədris məsləhətçisi, dosent Zabitə Teymurlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Avrasiya Universitetinin ümumi filologiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəyli, Əməkdar jurnalist Mətanət Ağamirli, Laçın şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vəfa İsmayılova, “Art Mood” reklam şirkətinin təsisçi-direktoru Xəyalə Mütəllimova, “Diksiya Akademiyası” MMC-nin rəhbəri Cəlalə Nəzəroğlu, “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva və digər çıxış edənlər Ümummilli liderin ana dilinə qayğısının hər bir azərbaycanlıya örnək olduğunu, bütün sahələrdə ana dilinin saflığının qorunmasının vacibliyini vurğulayıblar.
T.RÜSTƏMLİ, “Xalq qəzeti”

