Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-da fəaliyyət göstərən, BMT-nin Baş Qərargahında akkreditə olunmuş bir qrup jurnalist və media eksperti ilə görüşüb.
Komitədən bildiriblər ki, görüşdə qonaqlara ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, öz yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının üzləşdiyi məhrumiyyətlər, onların sosial müdafiəsinin təşkili və dövlət komitəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həllini Prezident İlham Əliyev sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərlə bağlı bütün məsələlərə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət göstərir.
Qonaqlara komitənin beynəlxalq təşkilatlarla əlaqələri, birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.
Sonra Dövlət Komitəsinin sədri və məsul əməkdaşları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Əcnəbi media nümayəndələrinin ölkəmizə səfərinin təşəbbüsçüsü, ABŞ-ın Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan jurnalist Vüsalə Abbasova səfərin məqsədinin ermənilərin tarixi torpaqlarımızda törətdiyi vəhşiliklər, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin postmüharibə dövründə regiondakı vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib.
“Xalq qəzeti”

