Səudiyyə Ərəbistanı şirkətlərindən bərpa prosesində fəal iştirak gözləyirik

post-img

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ənənəvi dostluq və tarixi əlaqələr mövcuddur. Ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri və İki Müqəddəs Ocağın Xadimi mərhum Kral Fəhd bin Əbdüləziz ilə görüşü zamanı qoyulub. 2015-ci ildə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri, eləcə də 2017-ci ildə Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Ər-Riyada işçi səfəri bu əlaqələrin möhkəmlənməsinə gətirib çıxarıb. Hazırda iki ölkə arasında əlaqələr dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri olaraq qeyd edilə bilər. 

Bunu Azərbaycan Prezidentinin kömək­çisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.

Prezidentin köməkçisi Azərbaycan xalqının Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın ölkəmizə hərbi təcavüzünü pisləməsini və işğalçı dövlətlə diplomatik əlaqələr qurmamasını heç vaxt unutma­dığını və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanının ədalətə söykənən, Təhlükə­sizlik Şurasının dörd məlum qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplə­rinə, İslam həmrəyliyinə əsaslanan mövqeyi bütün dünyaya nümunədir. 1990-cı illərdə Ermənistanın torpaqlarımızı işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı törətməsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin salınaraq məc­buri köçkünə çevrilib. Məhz həmin dövrdə qardaş Səudiyyə Ərəbistanının Azərbayca­na dəstəyi heç vaxt unudulmur. 

Bu gün əlaqələrimizin uğurla inkişaf etdi­yini, ölkələrimizin beynəlxalq təşkilatlar çər­çivəsində sıx əməkdaşlıq həyata keçirdiyini və bir-birini fəal dəstəklədiyini diqqətə çatdı­ran Prezidentin köməkçisi bildirib: “Azərbay­canla Körfəz Əməkdaşlıq Şurası dövlətləri və Ərəb Dövlətləri Liqası arasında əlaqələ­rin inkişafında Səudiyyə Ərəbistanının rolu­nu yüksək qiymətləndiririk. Eyni zamanda, biz Səudiyyə Ərəbistanının “Ekspo-2030” sərgisinə ev sahibliyi etməsini dəstəkləyir və Krallığa bu mötəbər tədbiri uğurla təşkil et­məsini arzulayırıq. Səudiyyə Ərəbistanının regionda və dünyada sülhün və təhlükəsiz­liyin qorunmasında göstərdiyi cəhdləri yük­sək qiymətləndiririk. Azərbaycan Səudiyyə Ərəbistanına qarşı PUA-larla və ballistik raketlərlə edilən hücumları pisləyib və bunu qəbuledilməz hesab edir”. 

İkitərəfli əlaqələrimizdə turizmin va­cib yer tutduğunu vurğulayan H.Hacıyev birbaşa aviareyslərin sayının artırıldığını, ötən il 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşının Azərbaycana səfər etdiyini, bu dinamikanın bu il artdığını qeyd edib. Azər­baycanın Səudiyyə Ərəbistanı ilə iqtisadi-ti­cari əlaqələrin inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində investisiyaların artırılmasında maraqlı oldu­ğu, bu ölkənin şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözlədiyi bildirilib. 

Müsahibədə Körfəz ölkələri ilə Azər­baycan arasında institusional əməkdaşlı­ğın qurulmasının önəmi, eləcə də qlobal və regional təhlükəsizlik məsələlərinin müza­kirəsi üçün təhlükəsizlik dialoqunun aparıl­masının mümkünlüyü vurğulanıb. Həmçinin iqtisadi-ticari və humanitar sahələrdə əmək­daşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycanın Körfəz ölkələrindən turistlərin cəlb edilməsində maraqlı olduğu bildirilib. Qeyd edilib ki, viza prosedurunun sadələşdirilməsi Körfəz ölkələrindən gələn turistlərin sayının artmasına gətirib çıxarıb. Bununla yanaşı, ticarət dövriyyəsinin həc­minin artırılması baxımından investisiya və biznes sektorunda əlaqələrin gücləndirilmə­sinin, Körfəz sərmayəsinin Azərbaycana, xüsusən də azad edilmiş ərazilərin yenidən qurulması prosesinə cəlb olunmasının önə­mi vurğulanıb. 

Prezidentin köməkçisi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nor­mallaşdırılması, sülh danışıqları barədə də sualları cavablandırıb. Vətən müharibəsin­də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qa­zanan Azərbaycanın otuz illik işğala son qoyaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyi bil­dirilib. Qeyd olunub ki, müharibədən qısa müddət sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyü­nün qarşılıqlı tanınması əsasında sülh sazi­şi imzalamaq üçün beş əsas prinsipi təqdim edib. Lakin Ermənistan öz öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrinin qalıqlarını torpaq­larımızdan hələ də tam çıxarmayıb, əksinə, Laçın yolundan hərbi məqsədlər üçün isti­fadə edib. Bundan başqa, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Ermənistan ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirir. Yerevan ab­surd iddialar irəli sürməklə sülh müqaviləsi üzrə danışıqlara əngəllər yaradır.

Bildirilib ki, Azərbaycan öz sərhədlərinə nəzarət etmək və Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq üçün suveren ərazisində “Laçın” dövlət sərhədindən bu­raxılış məntəqəsi yaradıb. Ermənistanın regionda humanitar vəziyyətin guya gərgin olması ilə bağlı əsassız iddialar yayması­nın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndir­mək və sülh prosesini pozmaqdır. 

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində heç bir humanitar böh­ran yaşanmır. Ermənistanın Azərbaycanın bir sıra təkliflərinə, o cümlədən erməni əhalinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifa­də təklifinə qarşı çıxması bir daha göstərir ki, humanitar vəziyyətlə bağlı Yerevanın iddia­ları siyasi şantaj və manipulyasiya məqsədi daşıyır. Ermənistanın qondarma “humanitar yüklərlə” bağlı son hərəkətləri siyasi şoudan başqa bir şey deyil.

Həmçinin 1990-cı illərin əvvəllərində bir çox azərbaycanlının vəhşicəsinə qətlə ye­tirilməsinə görə məsuliyyət daşıyan hərbi cinayətkar Vaqif Xaçatryanın Qarabağdan qaçmaq istəyərkən “Laçın” sərhəd-keçid məntəqəsində saxlanıldığı qeyd edilib, erməni tərəfinin onunla bağlı iddialarının əsassız olduğu vurğulanıb. Bildirilib ki, son günlər baş vermiş bütün təxribatlara görə məsuliyyət Azərbaycanda qeyri-qanuni hər­bi mövcudluğunu davam etdirən, separatiz­mi təşviq edən və reinteqrasiya səylərinə mane olan Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. Bütün anti-Azərbaycan bə­yanatlar Azərbaycan rəhbərliyinin iradəsinə qətiyyən təsir göstərməyəcək. Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquq­larına ölkə konstitusiyası əsasında təminat verən Azərbaycan suverenliyinə və ərazi bü­tövlüyünə qarşı hər hansı addımın qarşısını qətiyyətlə alacaq. 

Prezidentin köməkçisi müsahibədə Qərbi Azərbaycan icmasının hüquqlarının bərpası məsələsinə də toxunub. Bildirib ki, Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənis­tandan qovulub. Ermənistanın ozamankı demoqrafik vəziyyətinə baxdıqda, müsəl­manların, xüsusilə də azərbaycanlıların ge­niş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar. Lakin bugünkü Ermənistan monoetnik cə­miyyətdir. Buna görə də Qərbi Azərbaycan İcmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqla­rını tam şəkildə pozur.

Müsahibədə Azərbaycan-İran münasi­bətlərindən də söz açan H.Hacıyev ölkəmi­zin qonşuları ilə münasibətlərini ərazi bütöv­lüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsipləri əsasında qur­duğunu xatırladıb. Bildirib ki, Azərbaycan ilə İran arasında tarixi qonşuluq əlaqələri var. Lakin Azərbaycanın İrandakı səfirliyinə edil­miş son hücum və nəticədə səfirliyin əmək­daşının qətlə yetirilməsi ikitərəfli əlaqələrdə gərginlik və anlaşılmazlıq yaradıb. Hazırda diplomatik kanallar vasitəsilə əlaqələr var, İranın rəsmi şəxslərinin Azərbaycana müva­fiq səfərləri həyata keçirilir. Bu gərginlik və anlaşılmazlıqların aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq da­vam edir. Azərbaycan İrandakı səfirliyimizə hücum edən terrorçunun və onun arxasın­da duran qüvvələrin İran qanunlarına uyğun olaraq cəzalandırılacağını gözləyir. Azər­baycan hər zaman dialoq və diplomatiyanı dəstəkləyir.

Siyasət