“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

post-img

Azərbaycan çempionu "Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxıb. Ağdam təmsilçisi Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubu ilə bacarmayıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, qarşılaşmanın birinci  hissəsi qolsuz bərabərliklə başa çatıb.

Fasilədən sonra hesabı gözlənilmədən qonaqlar açıblar. "Rakuv" klubunun futbolçusu Fran Tudor 52-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. Lakin bundan 8 dəqiqə sonra "Qarabağ"ın heyətində (60-cı dəqiqə)  Redon Cica fərqlənib. Hesab 1:1 olub. Təəssüflər olsun ki, matç bu hesabla başa çatdığı üçün təmsilçimiz UEFA Çempionlar Liqasında mübarizəni erkən dayandırıb. 

Qeyd edək ki, "köhlən atlar" UEFA Avropa Liqasında mübarizəni davam etdirəcək. Ağdam klubunun rəqibi qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.

Xatırladaq ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırmışdı.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman