Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə açıq məktubla müraciət ediblər.
Müraciətdə deyilir:
Biz Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti xanım Mirjana Spoljariç Eqqerə üz tutaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqlarımızı ifadə edirik.
Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü müstəqil, bitərəf və qərəzsiz təşkilat hesab edir. Ancaq Azərbaycana münasibətdə bu əsas prinsiplərin pozulması başadüşülən deyil.
2000-ci illərdə Komitə Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etib, sonradan məlum olub ki, qurumun Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib.
2020-ci ildə 44 günlük müharibədən sonra da bu vəziyyətin dəyişmədən qalması dözülməzdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Şuşada “Euronews” televiziya kanalına müsahibəsində səsləndirdiyi kimi, Xankəndi ofisinin məhz Bakıdakı nümayəndəliyə tabe etdirilməsini tamamilə haqlı, legitim tələb hesab edirik...
Xanım prezident!
Biz Beynəlxalq Qırmızı Xaç Komitəsini son vaxtlar Ermənistanın manipulyasının alətinə çevrilməməyə, ədalətsiz açıqlamalar verməməyə çağırırıq. Qarabağ Azərbaycan ərazisi olduğu üçün Bakıdakı nümayəndəliyiniz Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yükləri çatdıra bilər. Xankəndinə Ağdamdan yol İrəvandan daha qısadır. Bu həm də nəqliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verə bilər.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Xankəndi ofisinin tamamilə Bakı nümayəndəliyinə tabe etdirilməsini gözləyirik. Beynəlxalq Qırmızı Xaç Komitəsi öz fəaliyyətini Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə uyğun şəkildə qurmalıdır. Biz sizdən həm də itkinlər mövzusunda Ermənistan tərəfi ilə dialoqun gücləndirilməsini gözləyirik.
İnanırıq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mümkün olan ən qısa bir vaxtda ictimai narahatlıqlarımızı nəzərə alaraq, məsələləri Cenevrədəki baş ofisində gündəliyinə çıxaracaq, konstruktiv qərarlar qəbul edəcək və Azərbaycanla bağlı fəaliyyətində zəruri düzəlişlərə gedəcək.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

