Rumıniyanın Yassı şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aleksandr İohan Kuza Universiteti və Yassı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Yay Məktəbi təşkil olunub.
“Qara dəniz və Xəzər hövzəsi: Tarix, ənənələr və multikultural perspektivlər” mövzusuna həsr olunan məşğələlərdə Rumıniya, Azərbaycan, Moldova, Bolqarıstan, Gürcüstan, Ukrayna və Türkiyədən olan tələbə və araşdırmaçılar iştirak ediblər. Məktəbdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri, dosent İrina Kunina “Multikulturalizmin Azərbaycan modelinin xüsusiyyətləri” mövzusunda mühazirə ilə çıxış edib. Məktəb iştirakçılarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla ilə onlayn görüşü də əşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadifar Məmmədli XQ-yə açıqlamasında bildirdi ki, qurumun önəmli layihələrindən olan və ildə 2 dəfə təşkil edilən beynəlxalq multikulturalizm məktəbi ilk dəfə olaraq Azərbaycandan kənarda həyata keçirildi. Yay məktəbi “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Layihənin məqsədi xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunduğu ölkəmizdə əyani şəkildə tanış olmalarına şərait yaratmaqdır.
T.RÜSTƏMLİ
XQ