Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb olunması erməni hüquq müdafiəçilərini bərk narahat edib
Üstündən nə qədər vaxt keçməsinə baxmayaraq, cinayət törətmiş şəxs mütləq öz cəzasına çatmalıdır. Hətta dünyasını dəyişmiş olsa belə, məhkəmənin çıxardığı qərar onun qəbri üzərində belə oxunmalıdır. Vaqif Xaçatryan olayı Qarabağ iqtisadi rayonumuzda günlərini sayan separatçı rejimə, onun funksionerlərinə xəbərdarlıq mesajıdır. Onları qarşıda gözləyən oxşar aqibətdən yan keçmək üçün bu olaydan nəticə çıxarmalı, təslim olmalı, bəlkə onda amnistiya aktı ilə bağışlanma ehtimalı gerçəkləşə bilər. Amma bu humanizm əli soydaşlarımızın qanına bulaşmış qatillərə göstərilməyəcək. Hərbi cinayətkarlar ya ərazimizdən çıxışda, yəni Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsində, ya da keçiriləcək növbəti antiterror əməliyyatı zamanı həbs olunacaqlar.
Baş vermiş hadisənin qəribə tərəfi odur ki, beynəlxalq təşkilatların boynuna düşən və görməli olduqları işi yenə də Azərbaycan özü yerinə yetirir. 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin icrasını təmin etdiyi kimi, beş gün əvvəl İnterpolun əvəzinə bu öhdəliyi də icra etdi. Meşəli kəndində soyqırımı törətmiş hərbi cinayətkar Laçın yolunda ölkədən qaçarkən saxlanıldı. Bu fakt həm də ondan xəbər verir ki, Xaçatryan kimi axtarış siyahısında olan yüzlərlə erməni hələ də Qarabağımızda yaşamaqda davam edir. Xankəndidəki daşnak-revanşist separatçı rejim və İrəvan iqtidarı onları hər vəchlə himayə edir, beynəlxalq təşkilatlar isə nəinki bu vandalizmə göz yumur, hətta onların müdafiəsinə qalxır. Hüququn ayaqlar altına atılması belə olur...
Məhkəmə hökmləri icrasını gözləyir
“44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımdan bir sıra hadisələr baş verib. Azərbaycan Respublikasının cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı, insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”. Bu sözləri Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov mediaya açıqlamasında söyləyib. M.Abbasov bildirib ki, Meşəli hadisələri ilə bağlı saxlanılan Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına tamamilə uyğundur: “Bu təcrübə Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcuddur. Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti insanlıq əleyhinə, hərbi, soyqırımı cinayətlərinə şamil edilmir”.
Yəni, beynəlxalq hüququn qaydalarına əsasən, 22, 32, yaxud 52 il əvvəl törədilməsindən asılı olmayaraq, insanlıq əleyhinə törədilən hərbi cinayət mütləq məsuliyyətə cəlb edilməlidir. Müharibə cinayəti törətmiş şəxslərin mühakiməsi üçün müddət tətbiq olunmur və onlar mütləq qaydada məsuliyyətə cəlb olunurlar. 1991-ci ildə 25 soydaşımızın qətlə yetirildiyi, 14 nəfərin yaralandığı Meşəli faciəsini törədənlərdən biri, hərbi cinayətkar Vaqif Xaçatryan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə cinayət işi açılıb. Onun 32 il əvvəl törətdiyi hərbi cinayətləri yerli qanunvericiliklə yanaşı, beynəlxalq konvensiyaların da kobud şəkildə pozulması deməkdir.
V.Xaçatryanın da üzvü olduğu cinayətkar dəstənin milli-etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin, eləcə də 1966-cı il 10 dekabr tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın pozulmasıdır. Həmin beynəlxalq normalar bu cür əməlləri törədənlərin cəzalandırılmasını tələb edir. “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, soyqırımı və yaxud 3-cü maddədə sadalanan digər əməlləri törətmiş şəxslər bu əməlin törədildiyi dövlətin ərazisində səlahiyyətli məhkəmələr tərəfindən və ya yurisdiksiyasını Konvensiya tərəflərinin də qəbul etdiyi və tərəflərə şamil olunan beynəlxalq cinayət məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. Bütün hallarda cinayət sübut olunmalı, cinayətkar cəzasını çəkməlidir.
Gec də olsa ədalət zəfər çalır
Azərbaycan xalqı bu günləri çoxdan gözləyirdi. Qarabağda insanlıqla bir araya sığmayan cinayətlər törətmiş şəxslərin müəyyənləşdirilməsi, onların hüquqi məsuliyyətə cəlb edilməsi tək Femidanın yox, həm də tarixin hökmüdür. Otuz ilə yaxın davam edən işğal zamanı minlərlə soydaşımız qətlə yetirilmiş, ağır işgəncələrə məruz qalmış, yüz minlərlə insan yurd-yuvasından didərgin düşmüşdür.
Haqq nazilər, amma üzülməz – deyiblər. Bütövlükdə, Ermənistan dövləti, onun başında duranlar, ayrı-ayrı şəxslər cinayət əməllərinə görə cavab verəcəklər. V.Xaçatryanın saxlanılması və həbsi həmin zərərdidələrin hüquqlarının qorunması, ədalətin bərpa olunması yönündə görülən “qisas” əməliyyatıdır.
Cinayət törətməkdə ittiham olunan, beynəlxalq axtarışa verilən şəxsin saxlanılmasına görə Ermənistan XİN-in bəyanatı həm də onları gözləyən qorxunun təzahürüdür. Törətdikləri ağır cinayətlərə görə ifşa olunmaq və cəzalandırılmaq xofunun.
İndi Xaçatryanın müdafiəsi üçün utanmadan beynəlxalq hüquqa “istinad” edən Hayastan minlərlə soydaşımızın vəhşicəsinə qətlinə rəvac verib. Dörd minə yaxın azərbaycanlının əsirlikdə qalmasında, itkin düşməsində iştirak edib. Bəs nədən bu zaman beynəlxalq hüquq yadlarına düşmürdü? Ermənistanın XİN məsələnin mahiyyətinə dəxli olmayan, hüquqi cəhətdən səbatsız, manipulyativ bəyanat verməklə dünya ictimaiyyətinə, guya, Qarabağda yaşayan ermənilərin təhdid altında olduqları fikrini sırımağa çalışır. Şər-böhtandan yoğrulmuş bu yalanınız da əvvəlkilər tək baş tutmayacaq, heç kəs sizə inanmayacaq
İstər milli, istərsə də beynəlxalq hüququn tələbləri Azərbaycan dövlətinə təkcə Meşəlidə, Xocalıda deyil, eyni zamanda, Malıbəyli, Quşçular, Ağdaban, Ballıqaya, Başlıbel və digər yaşayış məntəqələrində xalqımıza qarşı ağır cinayətlərdə əli olan şəxsləri məsuliyyətə cəlb etmək imkanını verir. Bakı müharibə canilərini məsuliyyətə cəlb etməklə hüququn aliliyini, ədaləti bərpa edir və bu yöndə presedent formalaşdırır.
Cəzasızlığa son qoyulacaq
Əgər vaxtında Meşəli qətliamını törədən cəlladlara münasibətdə zəruri hüquqi addımlar atılsaydı, onların məsuliyyətdən yayınmasına imkan verilməsəydi, beynəlxalq birlik ikili standartlardan deyil, ədalət prinsiplərindən çıxış etsəydi, sonra nə Xocalı soyqırımı, nə də başqa müharibə cinayətləri baş verərdi. Bu mənada Azərbaycan hökuməti soyqırımı canilərini məsuliyyətə cəlb etməklə, yeni qətliamlara, hərbi cinayətlərə zəmin yarada biləcək cəzasızlıq mühitini aradan qaldırır. Hazırda Azərbaycanın müvafiq strukturlarının həyata keçirdiyi hüquqi-prosessual tədbirlərə münasibətdə İrəvanın hər hansı bir formada etiraz etməyə ixtiyarı yoxdur. Ona görə ki, torpaqlarımızın işğal edildiyi, işğal altında olduğu və işğal rejiminin hərbi yolla saxlanmasına cəhdlərin göstərildiyi həmin dönəmdə etnik təmizləmə, soyqırımı və deportasiya cinayətləri də daxil olmaqla, təcavüzdən qaynaqlanan bütün növ cinayət əməllərinə görə məsuliyyət Hayastanın üzərinə düşür. Bundan savayı, İrəvanın boynunda Azərbaycan torpaqlarında törədilən müharibə cinayətlərinin təhrikçi, təşkilatçı və icraçılarını uzun illər cinayət məsuliyyətindən yayındırdığı üçün məsuliyyət yükü də var.
Əslində, rəsmi İrəvanın bir hərbi cinayətkarla bağlı qopardığı vay-şivən “dəhliz blokadası”, “humanitar böhran”, “karvan şousu” kimi Bakıya qarşı düşünülmüş ideoloji təxribatın tərkib hissəsidir. Özünün siyasi şantajına beynəlxalq qurumları da şərik etməyə çalışan haylar bununla heç nəyə nail ola bilməyəcəklərini özləri də anlamamış deyil. Hüquqi baxımdan dünyanın nə bir dövləti, nə də beynəlxalq təsisatı Azərbaycana mane ola bilər. Bizdən sadəcə sübutlar istənilə bilər. Həmin qatilin əməlləri ilə bağlı faktlar və şahid ifadələri isə yetərincədir. Bütün bunların əsasında Femida hələ çox xaçatryanların əməllərinə hüquqi qiymətini və hökmünü verəcək.
Fikrət SADIXOV,
politoloq
Xaçatryan Azərbaycan xalqına qarşı cinayət törədib. Bu cinayətin subut edən faktlar, o cümlədən canlı şahidlər var. Əldə olan videogörüntülər də deyilənləri təsdiq edir. Yəni bu cinayətkarın həbsi həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycanın Cinayət Məcəlləsinə uyğun şəkildə həyata keçirilib. Bununla bağlı kimlərsə hay-küy salmağa başlayıbsa, getsinlər beynəlxalq hüququn prinsiplərinə, müvafiq konvensiyaların şərtlərinə nəzər yetirsinlər.
Vaxtilə İsrail hökuməti İkinci dünya müharibəsi dövründə yəhudilərə qarşı cinayət törətmiş şəxsləri, nasistləri üçüncü ölkələrdən Tel-Əvivə gətirir və burada mühakimə edirdi. Ədalət məhkəməsi insanlığa qarşı cinayət törətmiş, müharibə canilərinin hamısı barədə hökm çıxarır, onları layiq olduqları cəzaya məhkum edirdi. Bu, beynəlxalq təcrübəyə tamamilə uyğun bir hüquqi prosesdir. Cinayət törətmisənsə, buna görə cavab verməlisən. Yox, əgər hesab edirlərsə ki, üstündən uzun illər keçəndən sonra Azərbaycan o dəhşətləri unudacaq, yanılırlar. Ortada cinayətkarların siyahısı var, hamısı beynəlxalq axtarışa verilib. Həmin hərbi canilərin “həmkarları”, havadarları, onları təlimatlandıranlar da bunu unutmasınlar. Çünki növbədə onlardır...
Fərid ŞƏFİYEV,
beynəlxalq məsələlər üzrə ekspert
Dünya təcrübəsinə nəzər yetirsək, soyqırımı, insanlığa qarşı, hərbi cinayətlərlə bağlı cinayətə cəlbetmə müddəti yoxdur. Adi cinayətlərdən söhbət gedirsə, orada on, iyirmi, otuz il var. Amma bu müddəa müharibə canilərinə şamil edilmir. Belə bir fakt da olmuşdu ki, hətta yüz bir yaşlı nasist cinayətkarı məhkəmə qarşısına çıxarmışdılar. Yəni insanlığa qarşı törədilən cinayətlərdə hüququ cəhətdən hansısa hədd yoxdur. Bəli, 1991-ci ildə baş vermiş cinayət hadisəsi istintaq araşdırmasına cəlb olunmalıdır. Meşəli kimi Xocalı, Başlıbel qətliamları da bizim hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, törədilən cinayətlərin üstü açılıb, konkret adlar var. Səhv etmirəmsə, həmin siyahıda üç yüzdən çox cinayətkarın adı keçir.
Bəziləri iddia edir ki, həmin xəstə Xaçatryanı Qırmızı Xaç müalicəyə apardığına görə, guya, onu saxlamağa ixtiyarımız yox idi. Beynəlxalq Qırmızı Xaç Komitəsinə öz nəqliyyat vasitəsində cinayətkarı daşımasına heç kim səlahiyyət verməyib. Bəli, onlar bu hərəkəti bilməyərək ediblər. Sərhəddə yoxlanılıb, buna hüququmuz var və cinayətkar saxlanılıb. Beynəlxalq hüquq baxımından onu saxlamağa da, həbs etməyə də ixtiyarımız var.
Belə cinayətkarların amnistiyaya düşüb-düşməyəcəyi məsələsinə gələndə isə, bu humanist akt Xaçatryan kimi insanlığa qarşı cinayət, soyqırımı törədənlərə deyil, adi cinayətkarlara tətbiq edilə bilər. Yəqin bu proses reinteqrasiya prosesi çərçivəsində öz həllini tapacaq.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



