Azərbaycanın güzəşti Ermənistana düşünməyə vaxt verməsidir
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin dünənki ənənəvi brifinqdə işlətdiyi bir ifadə var. O bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına nail olmaq üçün çətin kompromislərə getməli olacaqlar. Əslində, oxşar mövqeni Birləşmiş Ştatlar Administrasiyası həmişə bəyan edib. Elə Miller də bu məqama diqqət yetirir və vurğulayır ki, Dövlət katibi Antoni Blinkenin tərəflərlə dialoqu davam edir. Bu dialoq isə haqqında söz açılan çətin kompromisləri təşviq etmək məramına söykənir.
Ermənistan mediasının yazdığına görə, M.Miller Laçın yolunda və münaqişə zonasında vəziyyətin gərginləşməsinə münasibət bildirməkdən yayınıb. Əlbəttə, Vaşinqton Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı hansısa fikir ifadə etməkdə xeyli ehtiyatlı görünür. Birincisi, ABŞ ermənipərəstlik dalğasının mövcudluğunu nəzərə alır və obyektiv həqiqətləri dilə gətirməkdən yayınır. Çünki həmin dalğa istənilən an ölkəni Azərbaycanın tərəfində dayanan kimi göstərmək potensialındadır. Bu isə Ağ evin vasitəçilik missiyasına, daha doğrusu, bütövlükdə, Qərb tənzimləmə xəttinə zərərdir.
Nəzərə alaq ki, bu tənzimləmə xəttini daim gözdən salmaq istəyən qüvvə var. Söhbət Rusiyadan gedir. Yeri gəlmişkən, RF Xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Moskvada keçirilmiş görüşdən sonrakı bəyanatında Qərbin vasitəçiliyini qeyri-ciddi saydığını bildirmişdi. Onun sözlərindən belə çıxır ki, bu nizamlama xətti sülh müqaviləsi ilə əlaqədar pafoslu təqdimatlardan başqa bir şey deyil.
Digər tərəfdən, düşünsək ki, ABŞ hər bir halda kollektiv Qərb tənzimləməsində yer alan tərəfdir. O zaman onun mövcud müstəvidəki uğursuzluğu, bütövlükdə, Qərbin uğursuzluğu anlamına gələcək. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin qənaətini də bölüşməliyik. Dövlətimizin başçısı iyulun 21-23-də keçirilmiş Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin tənzimləməsi üzrə iki qlobal xətti fərqləndirmişdi – ABŞ və Rusiya. Əlbəttə, bu bölgüdən Fransanın ənənəvi vasitəçilik ampluasından çıxdığı uzaqlaşdı(rıldı)ğı görünür. Eyni zamanda, yada salaq ki, Prezident Əliyev Şuşadakı məlum çıxışında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyini, bir növ, əlavə mexanizm qismində dəyərləndirmişdi. Deməli, indiki halda ABŞ-nin öz missiyasının üzərində daha çox əsməsi tam labüddür.
Qayıdaq yenidən Millerin açıqlamasına. Əslində, sözçü hər şeyi deyir, eyni zamanda, heç nəyi demirmiş kimi təsir bağışlamaqdadır. Tərəflərin kompromisə getməli olduğuna dair onun fikirlərinin də üzərində məhz bu baxımdan xüsusi dayanılmalıdır. Sual yaranır: Tərəflər dedikdə, konkret hansı tərəf nəzərdə tutulur? Azərbaycanın mövqeyi məlumdur. Ermənistanın isə mövqesizliyi.
Bakı özünün qanuni ərazilərində hüquqi hakimiyyətini təmin etmək istəyir. İrəvan isə Qarabağ ermənilərinə fokuslanaraq, onlarla bağlı hansısa hüquqlara yiyələnməyi düşünür və bunun gələcək sülh müqaviləsində əksini tapmasına cidd-cəhd göstərir. Bu gün də Ermənistanın Laçında Azərbaycanın qurduğu sərhəd nəzarət-buraxılış məntəqəsi ətrafında çıxardığı oyunlar bu cəhdin reallaşmasına hesablanıb. O cümlədən, Qarabağda humanitar böhranın yaşanmasına dair qaldırdığı hay-küy də.
Əlbəttə, böyük anlamda hazırkı status-kvonun saxlanılmasına çalışan Ermənistan baş naziri Nikol Paşinyan və onun administrasiyası yaxşı anlayır ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək. Yəni, sülh müqaviləsində Qarabağla Ermənistanın hansısa bağının olduğuna dair müddəanın yer almasına razılıq verməyəcək. Düşünülə bilər ki, sülh müqaviləsi də olmayacaq. Belədə Millerin haqqında söz açdığı kompromislər əhəmiyyətini itirmiş kimi görünəcək. Ancaq...
Bu gün Azərbaycan Qarabağdakı separatçılıq çənbərini daraldır. Əslində, ABŞ də yaxşı görür ki, bu, ölkəmizin suveren haqqıdır. Ermənistanın mövqeyi heç bir haqqa əsaslanmır. İrəvan yalnız avantürizmə güc verməkdədir. Beynəlxalq ictimaiyyət isə özünün ikili standartlar mərəzindədir. Hazırda bu mərəzin ayrı-ayrı qütblərinin Azərbaycan-Ermənistan münasibətləri kontekstində səsləndirdiyi anti-Azərbaycan baxışlar eyni mənfur siyasətin tərkib hissəsi kimi diqqət çəkməkdədir və prinsip etibarilə erməni avantürizminə xidmət məqsədini güdür. Əlbəttə, Birləşmiş Ştatlar vasitəçi kimi həmin baxışlara əhəmiyyət vermədiyi üçün, Miller kompromis məntiqindən çıxış edir. Yəni, ABŞ-nin bu məntiqi Ermənistan üçün keçərlidir. Məsələnin Azərbaycana isə aidiyyatı yoxdur.
Bəli, ölkəmizin kompromisə getməyəcəyi həm də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-nin Dövlət katibi Antoni Blinken arasında iyulun 29-da baş tutmuş telefon danışığının məzmunundan da aydın görünməkdədir. Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqların və bölgədə son vəziyyətin müzakirə olunduğu telefon təmasında dövlətimizin başçısı Ermənistanın atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirib, vurğulayıb ki, ölkənin silahlı qüvvələri Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam edir ki, bu isə bölgədə hərbi gərginlik mənbəyidir.
Göründüyü kimi, Prezident İlham Əliyev ABŞ-nin ali rəsmisinin diqqətinə Ermənistanın hazırkı sülh xəttinə aşkar etinasızlığını çatdırır. Belə olan halda Millerin haqqında söz açdığı kompromisin predmeti Bakı ola bilərmi? Əsla yox! Həm də ona görə ola bilməz ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələri qalırsa, Laçın dəhlizindən maneəsiz gediş-gəliş həmin birləşmələrin varlığının təminatı baxımından nəfəslikdir.
Deməli, indiki halda, həqiqətən, Qarabağ ermənilərinin taleyini düşünənlər varsa, belələrinin səmimi davranmaları şərtdir. Yəni, məsələn, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç insan həyatlarının qlobal siyasət üçün rıçaq olmamasını bildirərkən, bölgədə – Azərbaycanın Avropa Şurası tərəfindən qəbul edilmiş ərazilərində erməni hərbçilərinin mövcudluğu amilini mütləq şəkildə düşünməlidir. Düşünmürsə, birmənalı qaydada səmimi deyil. Qarabağ ermənilərinin həyatlarını ağırlaşdıran da elə bu səmimiyyətsizlikdir. Görünür, Birləşmiş Ştatlar Administrasiyası bacardığı qədər qeyri-səmimi davranmamağa üstünlük verir və Millerin açıqlaması da fikrimizin sübutudur.
Azərbaycan Prezidenti ilə ABŞ-nin Dövlət katibi arasındakı telefon danışığındakı bir məqamı da nəzərə alaq. Dövlətimizin başçısı ölkəmizin hazırkı prinsipial xəttinə sadiqliyini vurğulayarkən, Ermənistanın Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd göstərməsini, icazəsiz yük avtomobillərini Azərbaycana göndərməsini qeyd edib. Bu da kompromisizliyin bir təzahürü. Yəni, kimlərsə hesab edirsə ki, biz yuxarıda sadalananlara icazə verəcəyik, yanılır. Ümid edək ki, Millerin şəxsində Birləşmiş Ştatlar Administrasiyası yanılan tərəf deyil...
Digər yandan, Prezident İlham Əliyev cənab Blinkenə onu da bildirmişdi ki, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları isə siyasi manipulyasiyadır. Deməli, Birləşmiş Ştatlar nəzərə almalıdır və alır ki, Azərbaycan siyasi manipulyasiyaların reallaşması üçün güzəştə gedə bilməz.
Ən əsası isə ölkəmizin başçısı telefon danışığı zamanı Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışdığını vurğuladı və bunun qəbuledilməzliyini diqqətə çatdırdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlıdır. Bu məqsədlə Xocalıda bir görüş keçirilib, lakin Bakının ikinci görüşlə bağlı təklifi isə qəbul edilməyib.
Məlum olduğu kimi, Qarabağ ermənilərinə Azərbaycanın humanitar yardımlar çatdırması ilə bağlı məsələ ilk dəfə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iyulun 15-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilmiş üçtərəfli görüşünün yekunlarına dair açıqlamasında əksini tapmışdı. Məsələnin Ermənistan cəmiyyətində necə böyük hay-küy doğurduğu da məlum həqiqətdir.
Əlbəttə, bu baxımdan Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun açıqlamasını nisbətən konstruktiv saymaq mümkündür. Hərçənd, Lavrov fikirlərini birbaşa Ağdam-Əsgəran yolunun vacibliyi kontekstində bildirməmiş, sadəcə demişdi ki, Ermənistan Qarabağ ermənilərini Azərbaycanla dialoqa razı salmalıdır.
Millerin dünənki açıqlamasındakı kompromis məntiqini nəzərə alsaq, İrəvanın ən böyük kompromisi elə bu olmalıdır. Əlbəttə, ölkəmiz Rusiyanın dialoq məntiqini deyil, Qarabağın erməni icması ilə danışıqları əsas götürür. Azərbaycan Qarabağ ermənilərini tərəf qismində görmür. Həm də ona görə ki, belə yanaşma separatçılığa meydan vermək deməkdir. Bakı Qarabağdakı separatçılığın bütün elementlərinə qarşı barışmazdır. Vaqif Xaçatryan adlı caninin həbsi də bunun təsdiqidir...
Sonda onu da deyək ki, Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığında ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunmuşdu. Burada üzərində dayanılmalı məqam “digər alternativ yollar”dır.
Deməli, Mişelin açıqlamasındakı məntiq Blinken üçün də keçərlidir. Bu da o deməkdir ki, Millerin təmsil olunduğu administrasiyanın nəzərdə tutduğu kompromis məntiqinin Azərbaycana aidiyyatı yoxdur. Bir daha vurğulayaq ki, güzəştə getməli olan tərəf Ermənistandır. Hətta onu da vurğulayaq ki, indiki halda ölkə üçün ən sərfəlisi elə güzəştdir. Yoxsa, ona daha çətin olacaq. Yeri gəlmişkən, Miller də kompromislərin çətinliyindən söz açmışdı. Hər halda, çətin anlardansa çətin kompromislər yaxşıdır. İrəvan iki çətindən birini seçməyə tələsməlidir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”


