Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın mövcud olmuş silahlı münaqişəyə son qoyub. Prezident İlham Əliyevin həmin gecə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, 10 noyabr ölkəmiz üçün tarixi bir gündür. Dövlət başçımız bildirib ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq.
Ölkəmizin qazandığı tarixi zəfər təkcə münaqişəni həll etməyib, həm də “Dağlıq Qarabağ” sözünün tarixin arxivinə göndərilməsi ilə nəticələnib. Laçın rayonunun işğaldan azad olunması münasibətilə 2020-ci ilin dekabrın 1-də xalqa müraciət edən Prezident İlham Əliyev bu istiqamətdə də öz fikirlərini doğma xalqı ilə bölüşüb. Cənab İlham Əliyev deyib: “Bir daha demək istəyirəm ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar”.
Ümumiyyətlə, biz tarixə boylandıqda orada “Dağlıq Qarabağ” terminini görə bilmirik. “Azərbaycanfilm” kinostudiyasının 1985-ci ildə istehsal etdiyi “Qanlı zəmi” bədii filmində xalq qəhrəmanı Qaçaq Nəbinin dediyi məşhur sözlər var: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu başı olmaz. Bunu sırğa elə, as qulağından”. Həmin sözləri bir qədər dəyişərək deyə bilərik ki, Vətəni arana, dağa, aşağıya, yuxarıya bölmək olmaz. Vətən elə Vətəndir. Qarabağın dağı da, aranı da Vətəndir.
“Dağlıq Qarabağ” termini siyasi dövriyyəyə bolşeviklər tərəfindən daxil edilib. 1923-cü ilin iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ölkəmizin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Muxtar vilayət bu bölgəyə Rusiya imperiyasının 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsindən sonra İrandan, Yaxın Şərqin digər yerlərindən köçürdüyü ermənilər üçün qurulub. DQMV-nin inzibati sərhədləri elə cızılıb ki, orada mümkün qədər çox erməni yaşamış olsun. Bu vilayətin yaradılması Azərbaycan dövlətinin altına qoyulmuş mina idi. Bu mina nə vaxtsa işə düşməli idi. Onun işə düşməsi 1987-ci ilin noyabrın 18-də Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, SSRİ Elmlər Akademiyasının akademiki Abel Aqanbekyanın Fransanın “Humanite” qəzetində dərc olunan müsahibəsi ilə başlayıb. Həmin müsahibədə başabəla müşavir-akademik deyib: “Mən Qarabağın Ermənistanın tərkibində olmasını istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən Ermənistanla daha çox bağlıdır, nəinki Azərbaycanla”.
Separatçı DQMV-nin varlığına Azərbaycan Ali Sovetinin 1991-ci ilin 26 noyabr tarixli qərarı ilə son qoyulub. Həmin gün Ali Sovet DQMV-nin ləğv olunması barədə qərar qəbul edib. Vilayətin ərazisi Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Təxminən, 30 ilə yaxın bu ərazilər Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibində olub. Ermənistan üzərində qələbə çaldıqdan sonra işğaldan azad edilmiş ərazilərin yeni bölgüsünün yaradılması zərurəti meydana çıxıb. Dövlər başçımızın Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında 2021-ci ilin 7 iyul tarixli fərmanına əsasən, işğaldan azad edilmiş ərazilər iki iqtisadi rayonun – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tərkibinə daxil edilib. Hazırda Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının DQMV-nin yaradılmasının 98-ci ildönümü günündə yaradılması da, zənnimizcə, təsadüfi sayılmamalıdır.
Azərbaycanın “Dağlıq Qarabağ” terminini siyasi dövriyyədən çıxarmaq istəyi həm də Qarabağ ermənilərinin reinteqrasiyasına hesablanıb. Ölkəmiz bununla Qarabağ ermənilərinə və bölgədə separatizm ocağını yenidən alovlandırmaq istəyən yaxın-uzaq xaricdəki müxtəlif qüvvələrə subliminal mesaj verir. Qarabağın vahid, bölünməz, onun dağı və aranı ilə birgə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın bu istiqamətdəki səyləri nəticə verməkdədir. Məsələn, iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən öncə baş vermiş olay bunun göstəricisi hesab oluna bilər. Belə ki, köməkçisi Rusiya XİN başçısının qulağına “keçmiş DQMV” termininin istifadəsinin azərbaycanlıların xoşuna gəlməyəcəyini pıçıldayır. Mikrofon açıq qaldığı üçün köməkçinin Sergey Lavrova pıçıldadığı sözlər aydın eşidilir. Bundan sonra Lavrov cəld mikrofonu söndürür. Maraqlıdır ki, Rusiya XİN başçısı görüş zamanı bir dəfə də olsun nəinki “keçmiş DQMV”, ümumiyyətə, Dağlıq Qarabağ sözlərindən istifadə etməyib.
Buna baxmayaraq, Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ” termininin istifadəsindən əl çəkmir. Eyni zamanda, Qarabağdakı yer adlarının gerçək, yəni Azərbaycan variantını tələffüz etməkdən də bugünədək yayınır. Rusiya sülhməramlı kontingentinin gündəlik bülletenlərində Xankəndi əvəzinə “Stepanakert”, Xocalı əvəzinə “İvanyan”, Xocavənd əvəzinə “Martuni” sözləri işlədilir.
Burada bir maraqlı məqam da var. Məlumdur ki, erməni silahlı birləşmələri Azərbaycanın keçmiş DQMV-yə daxil olmayan rayonlarını da işğal etmişdilər. Onlar işğal müddəti ərzində əvvəllər heç vaxt yaşamadıqları Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçın rayonlarının adlarına da erməni yarlığı yapışdırıblar. Məsələn, haylar Laçın şəhərinə “Berdzor”, Laçın rayonuna isə “Kaşataq” deyirlər. İndi Rusiya Müdafiə Nazirliyinin də heç bir hüquqi qüvvəsi, tarixi dayaqları olmayan bu sözlərdən istifadə etməsi heç bir çərçivəyə sığışmır.
Bundan əlavə, Rusiya sülhməramlı kontingentinin Xocalı qəsəbəsində yerləşən qərargahında Rusiya və Ermənistan dövlət bayraqları ilə yanaşı, oyuncaq rejimin əski parçası da “dalğalanır”. Heç bir dövlətin, hətta Ermənistanın da işğal dövründə tanımağa cürət etmədiyi, bu gün isə Azərbaycanın ərazisi olduğunu bəyan etdiyi Qarabağda Rusiya bayrağı ilə yanaşı, hansısa parçanın dalğalanması Azərbaycanın suverenliyinə hörmətsizlik, Rusiya adına isə utancdır. Nəzərə almaq lazımdır ki, Rusiya Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyıb. Bu baxımdan Rusiya sülhməramlı kontingenti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, uzun müddətdir yol verdiyi bu təhrifi aradan qaldırmalı və gündəlik bülletenlərində, nəhayət, düzəliş etməlidir.
Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik
– Bu məsələ dəfələrlə gündəmə gəlib. Bir müddət bundan öncə sülhməramlıların, guya, xəritələrində dəyişiklik etməsinə dair məlumat yayılmışdı. Rusiya tərəfi bunu onlarda olan xəritələrin 1975-cü ildə hazırlanmış xəritələr olması ilə əsaslandırmağa çalışır. Rusiya Müdafiə Nazirliyi, nazirliyin məsul şəxsləri şifahi nitqlərində və yazılı açıqlamalarında Azərbaycan dövlətinə hörmət etməli, ölkəmizin bununla bağlı mövqeyini öyrənməli və bu mövqedən çıxış etməlidirlər. Bunlar Rusiyanın hansısa ərazi vahidi deyil. Azərbaycana aid yaşayış məntəqələridir. Rusiya özü də Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyıb. Belə olan təqdirdə Azərbaycan hansı toponimlərdən istifadə edirsə, Rusiyada da əlaqədar qurumlar həmin toponimlərdən istifadə etməlidirlər.
Bununla əlaqədar olaraq Rusiyaya dəfələrlə irad tutulub. Onların Müdafiə Nazirliyinə, sülhməramlıların komandanlığına müraciətlər olunub. Ola bilsin ki, onlar bununla Rusiyanın burada hansısa təsirə malik olduğunu göstərmək istəyirlər. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə qarşı tərəfə təklif edib ki, bizdə olan gerçək toponimiyaların olduğu xəritələri sizə təqdim edək və sair. Ancaq onlar hələ də bu düzəlişi etməkdən boyun qaçırırlar.
Gəlin, açıq danışaq. Rusiyanın mövqeyi bizə aydındır. Üçtərəfli bəyanatın təsir mexanizminə malik tərəfi olaraq Rusiya həmin bəyanatın müddəalarının yerinə yetirilməməsinə göz yumur. Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılmaması, əksinə silahlandırılması, qanunsuz postların yaradılması kimi hallar baş verir. Bu siyahını uzatmaq da olar. Bunlar sülhməramlı missiyaya olmayan və ona zidd yanaşmadır. Belə olan təqdirdə Rusiyanın Müdafiə Nazirliyi səviyyəsində toponimlərdə təhrifə yol verilməsi zəncirin bir halqasıdır. Düşünürəm ki, Azərbaycan hökuməti, nəhayət Rusiya tərəfinə haqlı iradını bildirməlidir.
Səxavət HƏMİD, “Xalq qəzeti”


