Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə onun Naxçıvanın müdafiəsində gördüyü əzəmətli işləri xalqımızın nəzərinə çatdırmaq üçün keçmiş xatirələrimi oxucularla bölüşmək qərarına gəldim. 1992-ci ilin əvvəlindən sentyabr ayına qədər yaşanmış gerçək hadisələr ilk dəfə olaraq qısa şəkildə bu məqaləmdə öz əksini tapır. Mən müstəqillik tariximizin çətin bir dövründə yurd naminə verilən ağır tapşırıqların yerinə yetirilməsində əməyi olan bütün insanları minnətdarlıqla xatırlayıram. Öz həyatını Azərbaycan xalqının xoşbəxt və çox parlaq gələcəyi naminə şam kimi yandıran ulu öndərimizə Allahdan rəhmət diləyirəm.
XX əsrin əvvəli və sonu tariximizin səhifələrində qızıl hərflərlə qan yaddaşımıza həkk olunmuşdur. Şərqdə ilk Demokratik Cumhuriyyət Azərbaycanda qurulmuş və 23 ay fəaliyyət göstərmişdi. İllər keçsə də, ötən əsrin sonunda Azərbaycan xalqı müstəqillik bayrağını yenidən qaldırmış, oğulları Vətən yolunda canlarını fəda etmişlər. Hər dəfə düşmənlərimiz fürsətdən istifadə edərək torpaqlarımızın bir qismini, sonuncu dəfə isə 20 faizini işğal etmişdi. Xalqımız dəfələrlə soyqırımına məruz qalmışdı. Müstəqilliyimiz Vətən övladlarının qanı bahasına qazanılmışdı...
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız da bu hadisələrdən kənarda qalmamışdı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik atributları Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmişdir. Beləliklə, Azərbaycanın müstəqilliyinin əsasları Naxçıvanda qoyulmuşdu. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə muxtar respublikanın erməni təcavüzündən 32 il bundan əvvəl qorunması ilə bağlı dövlət əhəmiyyətli xüsusi tapşırıq, gerçək hadisələr rəsmi sənədlərlə bu məqalədə ilk dəfə əksini tapır.
...Heydər Əliyev çox qayğılı görünürdü. Kabineti soyuq idi. Mənimlə səmimi görüşüb oturmaq üçün yer göstərdi. Ümumi söhbətdən sonra mənə məlum oldu ki, 1986-cı ildə xüsusi təyinatlı (“QRU”) zabit kimi, Əfqanıstana göndərilmək üçün seçildiyimdən də xəbəri var. Naxçıvanda olan ağır iqtisadi durumdan və erməni təhlükəsindən ətraflı danışaraq mətləbə keçdi. Naxçıvan MR ərazi bütövlüyünü, əhalisinin təhlükəsizliyini təmin etmək üçün mənə dövlət əhəmiyyətli xüsusi tapşırıq verdiyini, eyni zamanda, özünün hərbi səlahiyyətli nümayəndəsi elan etdiyini bildirdi...
Naxçıvan Sovet İttifaqının tərkibindən çıxan ilk muxtar qurum idi. Müstəqillik yolunda ilk şəhidlərimizi də vermişdik. Düşmən daha çox şey istəyirdi. Ərzaq qıtlığı hiss olunurdu, çörək üçün növbələr yaranmışdı. Ən qəribəsi o idi ki, çox ucuz qiymətlərə şəhərə Avropada istehsal olan Rusiya araqları daxil olurdu...
Heydər Əliyev qısa zamanda İran İslam Respublikası ilə gömrük keçid məntəqələrinin açılmasına nail oldu. Türkiyə ilə Naxçıvan arasında “Ümid körpüsü”nün tikintisi gedərkən mühüm bir əməliyyat xəbəri almışdıq. Körpüdə partlayış törədiləcəkdi. Keçirilmiş əməliyyat tədbiri nəticəsində əllərində partlayıcı qurğu ilə bir erməni və bir rus təxribatçı ələ keçirildi. Bir müddət sonra Heydər Əliyev İrəvanda əsirlikdə olan 16 yaşlı Vüqar adlı gənclə rusun dəyişdirilməsi tapşırığını verdi. Vüqar bizə dedi ki, Mingəçevirdə yaşayır. Gəncəyə dayısıgilə qonaq gəlib, oradan isə Gürcüstana gedib. Məqsədi Türkiyəyə getmək idi. Sərhəddə ruslar onu saxlayıb, sonra ermənilərə satmışdılar. Vüqarın söhbətindən məlum oldu ki, dayısı dostu ilə birlikdə Qarabağda gedən döyüşlərdə iştirak edir.
Naxçıvan MR əks-kəşfiyyatının rəisi kimi onsuz da işlərim çox idi. 1991-ci ildə biz ilk dəfə olaraq Naxçıvanda DTK-nın (KQB) fəaliyyətini dayandırmışdıq. Heydər Əliyev Naxçıvanda dövlət təhlükəsizliyi ilə bağlı bütün məsələləri bizə həvalə etmişdi. Yeni təlimata görə, mən birbaşa Heydər Əliyevlə işləməyə başlamışdım. İstədiyim vaxt onunla görüşürdüm. İlk sualı “ermənilər hücum edərsə, onların qarşısını almağa gücümüz yetərmi?” – oldu. Ermənilərin xəyanətkarlığı dünyaca tanınmış siyasət adamı olan Heydər Əliyevi çox narahat edirdi. Qarşıda bizi böyük bir imtahan gözləyirdi.
Azərbaycanda gedən milli azadlıq hərəkatı öz bəhrəsini vermişdi. Xalqımız müstəqilliyə qovuşmuşdu. Müstəqil dövlətimizin atributları ilk dəfə olaraq Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda qəbul edilmişdi. O cümlədən müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün Dövlət Milli Müdafiə Komitəsinin (DMMK) yaradılması ilə bağlı xüsusi qərar xalqımızda milli qürur hissi yaratmışdı. İlk Milli Ordu hissəsi olan Naxçıvan DMMK qısa zamanda səfərbərlik elan edərək sıralarını qəhrəman övladları ilə genişləndirdi. Sıramıza hətta Cənubi Azərbaycandan, qardaş Türkiyədən gələn vətənpərvərlər də qoşulmuşdular. Məlum səbəblərdən onların adlarını yaza bilmirəm. Bu qəhrəmanların adları bizim qəlbimizdədir.
Tarix təkrar olunurdu. Türkiyədə istiqlal savaşında Mustafa Kamal Atatürkün rəhbərliyi altında 57 və 22-ci alaylarda Azərbaycandan gedən könüllü əsgər və zabitlər döyüşmüşdülər. İndi də qardaşlarımız könüllü olaraq bizə köməyə gəlmişdilər.
Azərbaycan xalqı Nuru paşanı, Ənvər paşanı, Kazım Qarabəkir paşanı sevgi dolu qəlbində yaşadır. Azərbaycanda hər yerdə olduğu kimi, Naxçıvanda da türk şəhidlərinə böyük ehtiram var. Məzarları daim ziyarət olunur, duaları əskik olmur.
Dövlət Milli Müdafiə Komitəsinin komandiri, yaxın dostum, Naxçıvanın qəhrəman oğlu Elman Abbasov oldu. Bu, o zaman idi ki, Bakıda Respublika Prezidenti Milli Ordu yaratmaq əvəzinə, özünü qorumaq üçün prezident qvardiyası yaratmaq istəyirdi. Bunun üçün Milli Məclisdə debatlar aparılırdı.
Bakı və digər rayonlardan olan çağırışçılar Rusiyaya, keçmiş Sovetlər Birliyinin respublikalarına hərbi xidmətə göndərilirdilər. Naxçıvanda isə çağırışçılar ilk Milli Ordumuzda – Naxçıvan Dövlət Milli Müdafiə Komitəsində həqiqi xidmət keçərək Naxçıvanın ərazi bütövlüyünü qoruyurdular.
Burada, eyni zamanda, Sovet Ordusuna məxsus hərbi diviziya və sərhəd dəstəsi fəaliyyət göstərirdi. Rus general və zabitləri bizə deyirdilər ki, siz ordu yarada bilməzsiniz. Onlar bizi daim qıcıqlandırır və gecələr milli formalarımızı geyərək avtomat silahlardan atəş açıb təxribat törədirdilər. “Təxribatı siz ruslar törədirsiniz” – dedikdə inkar edirdilər. Heydər Əliyevə dedim ki, “qısa vaxtda diviziya komandiri general Slaboşevski Sizin qarşınızda diz çökəcək, təxribatların qarşısı alınacaq.” Apardığım əməliyyat tədbirləri nəticəsində hər üç alayda xidmət edən əsgər və zabitlərdən aldığım 30-dək izahatı ulu öndərə təqdim etdim. İzahatlarda konkret yazılmışdı: “Polk komandirləri bizi məcbur edirlər ki, təxribat törədək.” Rus generalı bu izahatları görən zaman dili topuq vurmuş, deməyə söz tapmamış, Heydər Əliyevdən üzr istəyərək bu cür halların təkrar olmayacağına söz vermişdi. Əsas məsələ isə hələlik həll edilməmiş qalırdı. Bu Milli Ordumuzun silaha-sursata, ağır texnikaya olan ehtiyacını ödəmək idi.
Ruslar təxribatlarından əl çəkmək istəmirdilər. Sərhəd dəstəsinin zabitləri də fəaliyyətə keçmişdilər. DMMK sədri Elman Abbasov məni yanına dəvət edib bildirdi ki, Ordubadda ruslar silah gücünə 4 əsgərimizi əsir götürüblər. Üç gündür ki, onları Naxçıvan Sərhəd Dəstəsində saxlayıblar və buraxmaq istəmirlər. Onları azad etmək lazımdır. Mən baş leytenant paqonlarını çiynimə taxaraq sərhəd dəstəsinə gəldim. O zaman Sərhəd Qoşunları DTK-ya (KQB) bağlı qurum idi. “Rabitə bölüyünün komandiriyəm, polkovnik Jukovla görüşmək istəyirəm” – deyə növbətçiyə müraciət etdim. Planım baş tutmuşdu. Bir neçə dəqiqədən sonra Jukov məni qəbul etdi. Qurduğum dialoq ona çox təsir etmişdi. Yarım saatlıq görüşdən sonra qərargah rəisini və əlavə 3 nəfər podpolkovnik rütbəli zabiti yanına çağırdı. Həmin zabitlərdən biri Naxçıvandan idi. Mən onu tanıyırdım. Təxminən, 1 saat söhbətdən sonra əsgərlərimizi alıb iş yerimə qayıtdım. Valideynlərinin sevincdən gözləri yaşarmışdı.
Bu hadisədən bir neçə gün sonra məlumat aldıq ki, baş prokurora qarşı təxribat törədiləcək. O, işin çoxluğundan idarədə gecələyirdi. Təxribatçılar həmin gün otağın açarını oğurlamışdılar. Açarı onlardan alıb müvafiq söhbətdən sonra prokurorluğa gəldim. Prokurorun yanında sərhəd dəstəsində işləyən zabit Cahangir Qulamov da vardı. O, Hüseyn Hüseynova mənim əsgərlərimizi Jukovdan necə aldığımı söylədi. Sonralar o, Naxçıvan sərhəd dəstəsinin ilk komandirlərindən biri oldu. Açarı Hüseyn müəllimə verib ona ehtiyatlı olmağı məsləhət gördüm.
Qonşu ölkədən gələn casus qərargah rəisinin iş otağından Naxçıvanın müdafiə planını əldə edə bilsə də, onun şəhərdən çıxarılmasına yol vermədik. Sənədi alıb DMMK sədrinə təhvil verdik.
Az sonra xəbər gəldi ki, Ali Məclis Sədrinin 1-ci müavini yoxa çıxıb. Heydər Əliyev Rəşid Həsənovun təxribatçılardan azad edilməsi üçün bizə göstəriş verdi. Çətin danışıqlardan sonra onu geri aldıq. Bu hal bir neçə dəfə təkrar oldu.
Ermənilərə casusluq edən bir rus zabitini vaxtında ifşa edərək, onun İrəvana getməsinin qarşısını aldıq. Onu ciddi cəzalandırdıq. Bizə müxtəlif yollarla edilən təzyiq və təxribatlara baxmayaraq, vəzifəmizin başında ayıq-sayıq dayanmışdıq.
Vüqarı Gəncəyə Əbdül Məmmədov aparacaqdı. Lakin müəyyən səbəbdən bir gün sonra o, Gəncəyə getdi. Getməzdən öncə yarım saatlıq söhbətimiz oldu. İki gün sonra Əbdül bəy geri döndü. Gözlədiyim bir məktubu gətirmişdi. Vüqar ailəsinə qovuşmuşdu.
Bundan əvvəl biz goranboylu Ümid kişini erməni əsirliyindən azad etmişdik. Bu hadisə Azərbaycanda xilaskar Heydər Əliyev obrazı yaratmışdı. Vüqarın ailəsi Əbdül bəyi çox səmimi qarşılamışdı. O, çox sevincli idi. Heç kəsə bəlli deyildi ki, bir neçə aydan sonra Sədərəkdə gedən ağır döyüşlərdə Əbdül bəy onurğa sütunundan güllə yarası alıb ömrünün sonunadək yataq xəstəsi olacaq. Üstəlik, 2016-cı il Aprel döyüşlərində oğlu mayor Rasim Məmmədov qəhrəmancasına şəhid olacaq və oğlunun qırxı çıxmamış bu acıya dözməyən ata da dünyasını dəyişəcək. Cəhri kənd qəbiristanlığında iki qəbrin üzərində Azərbaycan Bayrağı dalğalanır. Burada qəhrəman ata-oğul uyuyur.
Yenicə işə gəlmişdim. Köməkçim məlumat verdi ki, Gəncədən bir nəfər qəbula gəlmək istəyir. Vüqarın dayısı idi. Nədənsə təşəkkür etmək məqsədilə mənim yanıma gəlmişdi. Minnətdarlığı Heydər Əliyevə çatdırmaq üçün onu Ali Məclisə göndərdim. Görüşdən sonra yanıma gəldi. Heydər Əliyev onu çox səmimi qəbul etmişdi. Mənə dedi ki, dostu Gəncə Şəhər Müdafiə Şurasının sədridir. Biz sizə müəyyən köməklik edə bilərik.
Heydər Əliyev Gəncəyə getməyimə icazə verdi. Hazırladığım təklif və planı məruzə etdim. Üç gün ərzində Gəncədən Naxçıvana hərbi yardım gətirməli idim.
O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana münasibəti məlum səbəblərdən çox soyuq idi. Naxçıvan tam blokada vəziyyətində çətin günlərini yaşayırdı. Azərbaycanla əlaqə yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bütün bunları nəzərə alaraq Naxçıvan MR Nazirlər Kabinetindən “AZAL”a ünvanlanmış bir məktub aldım. Məktubda yazılmışdı ki, Gəncədən Naxçıvana meyvə-tərəvəz daşımaq üçün bizə bir yük təyyarəsi verilsin. Məktubla Bakı şəhərinə gəldim. “AZAL”ın rəhbərliyinə məktubu verəndə xahiş etdim ki, ekipajın komandiri azərbaycanlı olsun. Xahişimi təmin etdilər. AN-26 tipli yük təyyarəsinin komandiri Cavanşir bəyin heyəti ilə birlikdə Gəncə aeroportunda yerə endik. Qabaqcadan planlaşdırdığımız kimi, bir maşın hərbi yüklə aeroporta yaxın yerdə bizi gözləyirdi. Təzəcə təyyarədən enmişdik ki, iki nəfər mülki geyimli şəxs bizə yaxınlaşdı. Bakı ləhcəsində rusca danışırdılar. Bakıdan telefonoqram aldıqlarını, Naxçıvana kimə, hansı yükün gedəcəyindən xəbərdar olduqlarını bildirdilər. Aeroportun binasını göstərib orada snayper yerləşdirdiklərini, əgər təyyarəyə yük vurularsa, nəinki mənim, hətta ekipaj üzvlərinin həyatlarının təhlükədə olacağını deyib getdilər. Ekipaj üzvlərinin həyatları ilə risk edə bilməzdik. Odur ki, Cavanşirə dedim ki, iki gündən sonra saat 10.00-da Gəncə aeroportunda olsun. Təyyarə Bakıya geri uçdu.
Bakıda vəziyyət yenidən gərginləşmişdi. Respublika rəhbərliyinin ciddi səylə gizlətdiyi Xocalı faciəsinin dəhşətləri Azərbaycan xalqını ayağa qaldırmışdı. Ermənilər ruslara məxsus 366 saylı alayın köməyi ilə insanlıq tarixinin görünməmiş vəhşiliyini həyata keçirmişdilər. Bu vəhşilik insanlıq tarixinin ən utancverici səhifəsi idi. Xocalı faciəsi axıradək tam tədqiq olunmayıb. Hər bir sakinin həyatı dəhşətli faciədir.
Qeyri-rəsmi şəkildə el arasında İmam Hüseyn şəhəri adlandırılan, Şeyx Nizami Gəncəvinin ana yurdu olan, həmçinin Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı kimi tarixə düşən Gəncə Azərbaycanda milliliyini qoruyub saxlamış ikinci böyük şəhərdir. Gəncəlilər tarixi igidimiz Cavad xan kimi vətənpərvər, mərd, qorxmaz və çox qonaqpərvərdirlər. İzmir Türkiyə üçün nə qədər əhəmiyyət daşıyırsa, Gəncə də Azərbaycan üçün bir o qədər qiymətlidir.
İki gün ərzində şəhərin rəhbərliyi və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb tanış oldum. Yalnız risk edib birinə gəlişimin əsl məqsədini açıqladım. Çox təhlükəli və heç bir qanun çərçivəsinə sığmayan bir işi görmək istəyirdik. Bu qanunsuz işə görə həbs olunsaydım, azı 15 il “yatacaqdım”. Müraciət etdiyim şəxs Gəncə şəhər polis idarəsi rəisinin müavini, polkovnik Ramiz Cahangirov oldu. İlk dəfə idi ki, onunla görüşürdük. Məni gözlədiyimdən səmimi qəbul etdi. Ramiz müəllim vaxtilə Naxçıvanda Daxili İşlər Nazirliyində Cinayət Axtarış İdarəsinin rəisi işləmişdi. Naxçıvanı çox yaxşı tanıyırdı, o cümlədən də mənim atamı. Yeri gəlmişkən Ramiz müəllim dinc Xocalı sakinlərinin döyüş bölgəsindən vertolyotlarla çıxarılmasında şəxsən iştirak etmişdi. Qısa məşvərətdən sonra mənə kömək edəcəyini bildirdi.
Gəncə aeroportunda ruslara məxsus hərbi hava qüvvələrinin bazası yerləşirdi. Bütün silahlı qüvvələr general Şerbakın tabeliyində idi. Aeroportda rus desantçıları, demək olar ki, hər şeyə nəzarət edirdilər. Mənə, təxminən, 30 dəqiqə vaxt lazım idi ki, desantçıların diqqətini cəlb etmədən təyyarəni yükləyim. Təyyarənin iç ölçülərini öncədən götürmüşdüm. Hansı yük təyyarənin hansı tərəfinə yüklənəcəksə, bu barədə sxemi çəkib mənə kömək edəcək dostlarıma vermişdim. Plan belə idi: Mən Ramiz müəllimin xidməti maşınında, arxamızca da üstüörtülü bir yük maşını aeroportun ərazisinə daxil olacaqdıq. Cavanşir bəy təyyarəni əvvəlcədən şərtləşdiyimiz yerdə saxlayacaq və AN - 26 tipli təyyarə 4 ton yükümüzü aparacaqdı. Ona görə də bizə son dərəcə vacib olan yükləri öncədən tədarük etmişdik. Təyyarəyə girişin arxadan olması işimizi çox asanlaşdıracaqdı. Bu səbəbdən AN-26-nı seçmişdik.
Həmin gün Gəncə Müdafiə Şurasının sədri Elşən Əliyevin atası Şubay kişinin evində qaldım. Onların yük maşınına müəyyən ardıcıllıqla qutuları yerləşdirdim. Özü, üç oğlu və iki qohumu mənə kömək edirdi. Aeroporta onlarla gedəcəkdik. Hər şey qaydasında idi. İçimdə ağır narahatlıq vardı. Ekstremal vəziyyətə hazır deyildim. Üstümdə silahım yox idi. Şubay kişiyə bir avtomat lazım olduğunu dedim. İki saatdan sonra bir Kalaşnikov avtomatı gətirdi. Silahı paltosunun altında, aeroporta keçirəcəyini tapşırdım və lazım olduğu halda müəyyən işarə ilə mənə verəcəyini dedim. Elşənlə görüşə bilmədim, o cəbhədə döyüşürdü.
Həyəcanla səhərin açılmasını gözləyirdim, gecəni yatmamışdım. Sabah Gəncədə üç gün olduğum tamamlanırdı. Nəyin bahasına olursa-olsun yükü Naxçıvana çatdırmalıydıq.
(ardı var)
Urfullah QURBANOV,
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi



