Avqustun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb.
Məktubda bildirilir ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş və ərazi bütövlüyünü bərpa etmişdir. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi üçün sülh təşəbbüsü irəli sürmüşdür.
Məktubda təəssüflə qeyd edilir ki, ötən dövr ərzində Ermənistan Laçın yolundan istifadə etməklə Azərbaycana qarşı hərbi təxribatlarını və onun daxili işlərinə müdaxilələri davam etdirmiş, eyni zamanda, Qarabağ erməniləri ilə dialoqun irəliləməsinə maneçilik törətmişdir. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurmuşdur. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunmuşdur…
Vurğulanır ki, Azərbaycan Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etmiş və bu təklif beynəlxalq səviyyədə də dəstək almışdır. Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir.
Bildirilir ki, Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirmiş və bu istiqamətdə səylərini davam etdirəcək. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərinin hüquqları ölkə Konstitusiyası və qanunları əsasında təmin olunacaqdır.
Məktubun sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir.
“Xalq qəzeti”

