Dövlətimizin başçısının “Euronews” telekanalına müsahibəsindəki xarakterik məqamlara baxış
Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqazın sülh gündəmi, İrəvanın Qarabağ ermənilərinin humanitar durumu ətrafında yaratdığı siyasi şou və sair bu kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin ölkəmizin mövqeyinə aydınlıq gətirməklə, prinsipial baxış ortaya qoyub. Şübhəsiz ki, müsahibə bəzi beynəlxalq dairələrin Bakı–İrəvan münasibətləri kontekstində nümayiş etdirdikləri ermənipərəst yanaşmalara da tutarlı cavab baxımından son dərəcə əhəmiyyətlidir.
Ümumən, dövlətimizin başçısı dünyanın nüfuzlu media orqanına bu müsahibəsi ilə 44 günlük müharibə dönəmində olduğu kimi, Azərbaycana qarşı yönəlmiş informasiya terroruna qarşı əks-arqument cəbhəsi açdığını yenidən göstərdi.
Məsələn, Prezident İlham Əliyev Ermənistanın Laçın yolu müstəvisindəki oyunlarına cavab olaraq bildirdi ki, sözügedən yolda hərəkət azadlığı bloklanmayıb. Ölkəmizin aprelin 23-dən sərhəd keçid məntəqəsi qurduğu vaxtdan etibarən, Qarabağın iki mindən artıq sakininin Ermənistana asan şəkildə gedib gəlmək imkanı əldə etdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və Azərbaycan sərhədçilərindən birini yaraladı: “Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar... Lakin bu yük maşınlarının üzərində də, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi”.
***
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin yuxarıdakı iqtibasda göstərdiyi xüsuslar onlara qarşı cavab tədbirlərinin görülməsini aktuallaşdırırdı ki, bu tədbirlər Ermənistan hakimiyyəti, ermənipərəst dairələr tərəfindən Qarabağ ermənilərinin humanitar durumunun ağırlığı ilə bağlı mənasız ritorikanı doğurub. İndi də həmin ritorika davam etməkdədir. Bu isə yekun nəticədə bölgədə separatizmin saxlanılmasına xidmət edir. Belə bir avantüra üçün bölgənin sıravi insanları alətə çevrilmiş durumdadırlar. Məhz mövcud səbəbdən Prezident İlham Əliyev “Euronews”a müsahibəsində onlara üz tutur və bildirir ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər. Həm də ona görə getməməlidirlər ki, adlarını lider qoyan ambisiozlar qrupu daim yalan danışıb. Həmin qurup eyni yalanlarını təkrarlayır. “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, – deyən cənab İlham Əliyevin xüsusən axırıncı fikrinin üzərində dayanaq.
Nəzərə alaq ki, Ermənistanın ayrı-ayrı siyasi dairələrində Azərbaycan Prezidenti sözünə daim əməl edən lider kimi tanınmaqda və qəbul edilməkdədir. Ölkənin bəzi siyasi ekspertləri bu məqamı özlərinin çıxışlarında vurğulayırlar. Çox yaxşı olardı ki, Qarabağ erməniləri də buna diqqət yetirsinlər və separatçıların və millətçilərin əsirliyindən çıxmaq üçün özlərində cəsarət tapsınlar.
Qarabağ erməniləri onu da düşünsünlər ki, Azərbaycanın yanaşması beynəlxalq hüquqa əsaslanır. Bu əsaslanma isə prinsipial əhəmiyyət daşısa da, bəzən sərtliyi ilə seçilsə də, mahiyyətcə aqressiv ritorikadan uzaqdır. “Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik”, – deyən Prezident İlham Əliyev Qarabağ erməniləri ilə yanaşı, Ermənistandakı ermənilərə də üz tutur və bəyan edir: “Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”.
Dövlətimizin başçısının ikinci mesajını xəbərdarlıqla yanaşı, daha çox gerçəklikləri görmək üçün fürsət vermək, ayıltmaq istəyi kimi də dəyərləndirmək mümkündür. Gerçəkliklərdən söz düşmüşkən, cənab İlham Əliyev müsahibəsində acı gerçəklikləri də yada salır və əslində, Ermənistanın hazırkı acınacaqlı durumunun keçmişə söykənmiş trayektoriyasını cızmaqla bildirir ki, uzun illər ərzində Ermənistanın liderləri xalqı aldadıblar. Nəticədə erməni xalqı inanıb ki, ölkələri dünyanın ən güclü ordusuna sahibdir, əgər müharibə başlasa, Bakını ələ keçirəcəklər: “Müharibə bu hekayələri məhv etdi”.
***
Bəli, hazırda hekayələrə yer yoxdur. Hekayələr yerini sərt reallıqlara verib. Ancaq Ermənistanın şansı var ki, həmin reallıqlardan maksimum az itki ilə çıxsın. Bunun ən yaxşı yolu isə Azərbaycanla sülh müqaviləsidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Euronews”a müsahibəsində sülh prosesinə də ətraflı nəzər salıb. Daha doğrusu, həmin prosesin Qərb nizamlaması xəttinə. Bu xətt çərçivəsində Avropa İttifaqının rolunu vurğulayıb. Xüsusən də Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsünü.
Ş.Mişelin təşəbbüsü, eyni zamanda ona görə cəlbedicidir ki, onun təmsil etdiyi qurumun istər Azərbaycanla, istərsə də Ermənistanla əməkdaşlıq səviyyəsi yüksəkdir. “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, – deyə Prezident İlham Əliyev fikrinə aydınlıq gətirib.
***
Bütün yollar sülhə aparmalıdır. “Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir”, – deyən dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlara dair suala cavabında bunları bildirib: “Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.
***
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi ilə görüşlər çox həssas məsələlərə toxunmaq imkanı verir: “Məsələn, sərhədlərin gələcək parametrləri – Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.
***
Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsindəki ən vacib, mənəvi əhəmiyyət daşıyan məqama keçid alaq. Dövlətimizin başçısı vurğulayıb ki, İkinci Qarabağ müharibəsində qalib gəlmək həyatının, o cümlədən, siyasi həyatının missiyası idi və həmin missiya uğurla başa çatdı. Qarabağ erməniləri, eləcə də Ermənistan rəhbərliyi əmin olmalıdırlar ki, bu qalibiyyət missiyası heç bir halda avantürizmə meydan tanımayacaqdır. Bunu cənab İlham Əliyev aşağıdakı fikirlərində də vurğulayır. “Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.
***
Nəhayət, sonuncu vacib məqama keçid alaq. Bəli, Azərbaycanın liderinin vurğuladığı kimi, Qarabağ erməniləri seçim etməlidirlər. Həm də ona görə ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıları olsa da, həmin ermənilərin ömür sürdükləri ölkənin adı Azərbaycandır: “…onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”.
“Xalq qəzeti”ninanalitik qrupu

