Azərbaycanın baş diplomatının qardaş ölkəyə səfəri haqqında mətbuatda verilmiş xəbərləri oxuyanda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki il əvvəl Bakıda səsləndirdiyi fikirlər yada düşdü.
Cənab Prezident demişdi ki, biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq: “Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. Iğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək... İran, Gürcüstan və Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları bundan istifadə edə biləcəklər”.
Bu iqtibası yada salmağımız heç də təsadüfi deyil. Ümumiyyətlə, türk dünyasının müasir ictimai-siyasi proseslər fonunda özünəməxsus nüfuz qazanması bir çox siyasi dairələrdə alqışlansa da, bu faktı bəzi qütblər açıq şəkildə qısqanclıqla qarşılayırlar. Kimi Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsini həzm edə bilmir, kimi Türkiyənin Avrasiyadakı uğurlarından narahat olur, kimi də, Şanxaydan Londona qədər uzanacaq yeni iqtisadi layihələrin Türkdilli ölkələrin iqtisadi inkişafına möhtəşəm töhfə verəcəyindən qorxur.
Çox təəssüf ki, belə bir məqamda bəzi ölkələr türk dünyasına qarşı olan bəd niyyətlərin reallaşdırılması üçün Ermənistandan bir alət kimi istifadə edirlər. Daha bir təəssüf ondan ibarətdir ki, İrəvan rəhbərliyi heç bir cəhdin və ya çapalamanın səmərə verməyəcəyini anlasa da, xaricdən gələn tapşırıqların icrasından imtina edə bilmir. Anlayırlar ki, 44 günlük İkinci Qarabağ müharibəsində darmadağın edilmiş Ermənistan ordusunu hələ 20-25 ilə bərpa etmək mümkün deyil. Ancaq neyləsinlər, Parisdən, Moskvadan, Tehrandan gələn sifarişləri yerinə yetirmək məcburiyyətindədirlər. Yəni Türk dünyası bu gün təkcə oyuncağa çevrilmiş Ermənistanla deyil, onların himayədarları ilə də üz-üzədir.
Bütün bunlara baxmayaraq, tarixin çox qədim qatlarından bugünümüzə qədər gələn türk karvanı heç bir səsə məhəl qoymadan öz yolu ilə gedir. Nə xoşdur ki, bu karvanın sarvanları arasında son 20 ildə Türkiyəni dünyanın əsas söz sahiblərindən birinə çevirmiş böyük strateq Rəcəb Tayyib Ərdoğan, Türk dünyasında qalib lider və müzəffər Ali Baş Komandan kimi tanınan İlham Əliyev və digər türk dövlətlərinin rəhbərləri də var. Yəni biz öz tarixi funksiyamızı məharətlə və uğurla icra edirik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun iyulun son günündə qardaş ölkəyə səfəri və apardığı danışıqlar da məhz həmin missiyanın tərkib hissələrindəndir.
Ceyhun Bayramovun Ankara səfərini əlamətdar edən əsas faktlardan biri də odur ki, ölkəmizin baş diplomatı səfər çərçivəsində təkcə öz həmkarı ilə görüşməmiş, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da onu qəbul edərək, gündəlikdəki məsələlərə öz münasibətini bildirmişdir. Bu görüş haqqında olan məlumatda bildirilir ki, nazirimizin cənab Prezidentlə görüşündə ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Cənab Rəcəb Tayyib Ərdoğan və Ceyhun Bayramov, həmçinin Azərbaycan–Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.
Bundan başqa, məlumat verilir ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla da görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Təbii ki, gündəlikdəki əsas məsələlərdən biri də İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən sülh gündəliyinin irəli sürülməsi ilə bölgədə regional əməkdaşlıq üçün imkanların yaranması olub. Eləcə də, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının zəruri olduğu vurğulanıb.
Ceyhun Bayramov, 44 günlük İkinci Qarabağ müharibəsinin bütün anlarında Azərbaycanın yanında olmuş Türkiyənin dövlət rəsmilərinə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd olaraq davam etdirdiyi hərbi-siyasi təxribatlar barədə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğunu bildirib. Təbii ki, baş müşavir iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin davam etdirilməsinin hər iki ölkənin, o cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.
Bu səfəri uğurlu edən başqa bir fakt isə Ceyhun Bayramovun Türkiyənin yeni Xarici işlər naziri Hakan Fidanla görüşərək, regiondakı vəziyyəti müzakirə etməsi oldu. Maraqlıdır ki, bu görüşlə bağlı məlumatları təkcə Azərbaycan və Türkiyə mətbuatı deyil, Ermənistan mətbuatı da ən incə məqamlarına qədər paylaşıb və müvafiq şərhlər verib. Erməni ekspertlər Ankara görüşü barədə dediklərini tam əsaslandırmaq üçün cənab Hakan Fidanın mətbuat konfransında söylədiyi fikirləri məhz olduğu kimi təqdim edirlər. Məsələn, “Aysor.am” erməni xəbər portalı cənab Hakan Fidana istinad edərək yazır: “Bilirsinizmi, Laçın yolu Azərbaycanın ərazisidir. Ona görə də Azərbaycan həmin ərazidə lazım bildiyi bütün tədbirləri həyata keçirir və bunlar Azərbaycanın suveren hüquqlarıdır”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

