Hayastan “tır”larını Rusiyanın “üstünə sürür”

post-img

Bu ölkənin “günah keçisi” kimdir?

Ermənistan hakimiyyətinin Qarabağa yardım aparan yük avtomobillərinin bölgədəki Rusiya sülhməramlılarından cavab alınana qədər sərhəd zonasında qalacağı ilə bağlı qərarı var. Sülhməramlıların isə belə bir məsələyə dair cavabının olmayacağı məlumdur. Kreml istəyəcək ki, qərarı rəsmi İrəvan özü versin. Yəni, faktiki olaraq, Qarabağ ermənilərini düşünən (düşünməyən – red.) tərəf Ermənistan hakimiyyəti olsun. Nəticədə baş nazir Nikol Paşinyan administrasiyasının bölgənin erməni sakinlərinin aqibətinə görə Moskvanı qınamaq istəyi iflasa uğrasın. Nəzərə alaq ki, Rusiya bu iflası həm də Ermənistan hakimiyyətinin iflasına aparan yol olaraq dəyərləndirir. Paşinyan isə məsələnin məğzini gözəl bilir. 

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda İrəvan tərəfindən həyata keçirilən “tır aksiyası”nın və ya “tır şousu”nun bir hədəfi Azərbaycandırsa, digəri Rusiyadır. Bakı bölgəni humanitar fəlakət səviyyəsinə gətirməkdə, Moskva isə buna göz yummaqda günahlandırılır. Beləliklə, Paşinyan məsuliyyəti üzərindən atmağa çalışır. Ancaq vurğulamaq istədiyimiz məqam yalnız bu deyil. Məsələnin digər tərəfinə yazının sonunda aydınlıq gətirəcəyik.  

Diqqət yetirək, hazırda Ermənistanda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə keçirilmiş görüşü aktiv müzakirə edilməkdədir. Daha doğrusu, görüşün bir detalı. Söhbət Lavrovun Ermənistan hakimiyyətinin Qarabağ ermənilərini Bakı ilə dialoqa inandırmaq yönümlü fikirlərindən gedir. Hazırda erməni ictimai rəyi Paşinyanın da bir neçə gün öncəki mətbuat konfransında səsləndirdiyi oxşar məzmunlu fikirləri bir kənara qoyub, Rusiya XİN başçısının dediklərinə köklənib. Yəni, Ermənistanda Moskvaya münasibətdəki antipatiyanın hazırkı dalğasını məhz bu məqam təşkil etməkdədir. 

Ermənistanın siyasi dairələri ölkə hakimiyyətinin əvvəlki tezislərini təkrarlayırlar. Onlar Xankəndi-Bakı dialoqu adlandırdıqları avantüranın beynəlxalq mexanizmlər formalaşmadan gerçəkləşməsini məqbul saymırlar. Nəzərə alaq ki, bu mexanizmlərin hətta yalnız kağız üzərində mövcudluğu belə, Qarabağdakı separatçı rejimi ayrıca tərəf qismində təsdiqləyir. Buna Azərbaycan heç bir halda razı ola bilməz. Ermənipərəstlər və erməni siyasilər isə belə düşüncədədirlər ki, beynəlxalq mexanizmlərsiz dialoq Bakının mənafeyinin nəzərə alınmasıdır. Ölkəmizin mövqeyi isə budur: dialoq yox, Qarabağın erməni icmasının nümayəndələri ilə danışıqların aparılması, uzun müddət mərkəzdən ayrı düşmüş vətəndaşların problemlərinin öyrənilməsi və onların köməyi ilə həmin problemlərin aradan qaldırılması. Böyük anlamda götürsək, məsələni bir ifadə ilə də əvəzləyə bilərik. Söhbət reinteqrasiyadan gedir. 

Bəli, hazırda Ermənistan siyasiləri və xaricdəki ermənipərəstlər Rusiyanı Azərbaycanın reinteqrasiya məntiqinə uyğun davranmaqda ittiham edirlər. Deməli, sərhəd zonasında, belə demək mümkünsə, lövbər salmış “tır”lar həm də Rusiyanı “günah keçisi” etmək niyyətinin gerçəkləşməsi üçündür. Yeri gəlmişkən, Ermənistan hakimiyyəti indiyədək Bakı–İrəvan münasibətləri fonunda əlinə düşən hər fürsətdə Kremlə ittiham yağdırmaqdan çəkinməyib. 

Yada salaq ki, qatı ermənipərəst mövqeyi ilə seçilən Fransanın Prezidenti Emmanuel Makronun Moskvanın öz müttəfiqi olan İrəvanın mövqelərini satmaqda günahlandırması kimi əcayib siyasi presedent var. Bu sıraya Paşinyan administrasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının timsalında Rusiyanın Ermənistanın maraqlarına etinasız yanaşdığını, Azərbaycana qarşı cəbhə açmadığını açıqlayan fikirlərini də əlavə etmək mümkündür.

Ekspertlər isə hesab edirlər ki, Ermənistan və Azərbaycan nazirləri arasında Moskvada keçirilən görüş, Rusiyanın vasitəçi kimi təkcə nəqliyyat kommunikasiyalarının açılması məsələsindən deyil, hər iki ölkə arasında danışıqlar prosesinin bütün detallarından xəbərdar olduğunu nümayiş etdirdi. Məsələn, erməni ekspert Tiqran Qriqoryan bildirir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar kifayət qədər aydın gündəmə malikdir və onu dəyişdirmək mümkün deyil. Tərəflər mövcud istiqamətdə irəliləyiblər. Bu baxımdan indiki mərhələdə Moskvanın prosesə öz təkliflərini və ya düzəlişlərini verməsi yox, onun danışıqlar prosesində vasitəçi qismində iştirakının davamı vacibdir. Mövcud məqam isə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Bəyanatda yalnız bir şərt irəli sürülür ki, o da danışıqların Moskvada baş tutması və sülh sazişinin də orada imzalanmasıdır. Yeri gəlmişkən, Lavrovun dilindən səslənmiş həmin bəyanatda başqa məqam da var ki, onun izahını da sona saxlamışıq. 

Qeyd edək ki, T.Qriqoryanla eyni düşüncədə olan erməni ekspertlərin sayı az deyil və Rusiya, eləcə də ölkənin XİN rəhbəri Sergey Lavrov onların müxtəlif məzmunlu fikirlərində sərt tənqidə məruz qalmaqdadır. Belə bir durumda qarşı tərəfdən də reaksiyalar var. Məsələn, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silaev S.Lavrovun bəyanatında erməni tərəfinin danışıqlardakı mövqeyini pozacaq heç bir şey görmədiyini vurğulayıb. “Ermənistan Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıyıb. Əgər bu tanınma baş veribsə, o zaman sual yaranır: Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi necə təmin edilməlidir? Bu haqda danışarkən, milli azlıqların hüquqlarına dair beynəlxalq konvensiyalara və ölkələrin milli qanunvericiliyində milli azlıqların hüquqlarının müdafiəsi məsələsinə istinad lazımdır”, – deyən politoloq məsələni açıq-aydın şəkildə qoyması ilə fərqlənir.

 Yeri gəlmişkən, Rusiyanın ictimai fikrində də politoloq Silayevin diqqətə çatdırdığımız düşüncələrinə bənzər fikirləri vurğulayanlar yetərincədir. Yəni təxminən belə: Qarabağı Azərbaycana vermisinizsə, biz nə etməliyik? Elə isə sonda üzərinə gələcəyimiz məqama keçid alaq.

Bəli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, bu oyunbazlıqlar nə üçündür? Axı, ortada kifayət qədər aydın formul var. Ancaq nəzəri baxımdan da olsa, Bakı-İrəvan münasibətlərinin son durumu müstəvisində Ermənistan–Rusiya gizli razılaşması ehtimalından söz açaq. Nəyə görə bu məqamı qabartdıq? Bəli, məlumdur ki, Lavrovun haqqında söz açdığımız açıqlaması erməni cəmiyyətində geniş əks-səda doğurub. Onu da vurğuladıq ki, Ermənistan hakimiyyəti “günah keçisi” qismində Rusiyanı göstərmək yolunu tutur. 

Ancaq bir məqamı düşünməyə ehtiyac var. Yekun nəticədə hazırkı gərgin durum Kremlin mənafeyinə tam uyğundur. Əvvəldə də bildirdik ki, İrəvan Rusiya sülhməramlılarından cavab gözləyir. Cavab olmasa, qeyri-müəyyənlik davamlı xarakter alacaq, beləcə Azərbaycanın Qarabağa tam sahiblənməsinin qarşısı alınacaq. Müvafiq olaraq, Azərbaycan–Ermənistan danışıqlar prosesi də iflasa uğrayacaqdır. O danışıqlar ki, onların əldə etdiyi nəticələr Rusiyaya da sərfəli deyil. Axı, Lavrov iyulun 25-də keçirilmiş üçtərəfli görüşlə bağlı söz açarkən, yalnız Ermənistan hakimiyyətinin Qarabağ ermənilərini Azərbaycanın səmimiyyətinə inandırmasından danışmamış, başqa mətləblərdən də bəhs etmişdi. 

Mələsən, Lavrov onu da demişdi ki, Qərbdə aparılan danışıqlar mənasız gündəm və razılaşmaların əldə olunduğu pafosuna köklənməməlidir. Budur, İrəvanın “tır aksiyası” ortada hansısa razılaşmanın olmadığından, tərəflərin əsas məsələdə anlaşmadığından xəbər verir. Deməli, Lavrovun “məntiqi” özünü doğruldur. 

Sonda qeyd edək ki, İrəvanın “tır şousu”, Qarabağda humanitar fəlakət ritorikası fonunda, Azərbaycan–Ermənistan münasibətlərinin ciddi əsəb gərginliyi mərhələsindən keçir. Bu mərhələdə təmkinli olmaq şərtdir. Azərbaycan təmkinini nümayiş etdirir. Ancaq səbrin və təmkinin də bir həddi var. Onu da nəzərə alaq ki, saman çöpündən yapışan Ermənistan üçün “tır aksiyası” Qarabağ müstəvisindəki dirənişin son akkordudur. Bundan sonrası müharibədir. İrəvan savaşa razı və hazırdırsa, buyursun.

 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 

Siyasət