Ermənistan zorakılığı dövlət siyasətinə çevirib

post-img

Mövzuya belə bir preambula ilə başlayaq və bildirək ki, 44 günlük müharibə zamanı cəbhədə ölmüş erməni əsgərlərin nəşini yaxınlarına vermir və onları xüsusi soyuducularda gizlədirdilər. Sonradan Ermənistan mediası həmin səyyar soyuducuların foto görüntülərini yayımladı. İndi İrəvandan Qarabağa yön almış “tır” karvanındakı yük avtomobillərinə baxanda yadımıza həmin səhnə düşür. Xatırladaq ki, müharibə müdddətində Ermənistan rəhbərliyi əsgər cəsədlərini üzərində məhz “Spayki” yazılmış soyuducu “tır”larda saxlayırdı. İndi Qarabağa doğru yön almış avtomobillərin üzərində də “Spayki” yazısı var…

Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl keçirdiyi və beş saata qədər davam etmiş mətbuat konfransında söylədiklərinin fonunda İrəvanın Qarabağa humanitar yardım göndərməsi qəribə durum yaradır. Onu xarakterizə etməzdən əvvəl Ermənistandakı “Yerablur qəbiristanlığı” deyilən yerin olduğunu da xatırladaq.  Axı “Spayki” soyuducu “tır”ları sonradan yollarını həmin qəbiristanlıqdan salmışdılar. 

Nəzərə alaq ki, Yerabluru İkinci Qarabağ müharibəsində canını tapşırmış erməni döyüşçülərin məzarları bəzəyir. Nəzərə alaq ki, Ermənistanın Qərbpərəst, özünü demokrat adlandıran hakimiyyəti sıravi ermənilərin yolunu bir dəfə həmin qəbiristanlıqdan salıb. Deyəsən, ikinci dəfə də eyni addımı atmaq niyyətindədir. Təkcə ona görə yox ki, baş nazir Nikol Paşinyan iqtidarı qeyri-konstruktivdir və sair. Ən əsası o səbəbdən ki, bütövlükdə erməni cəmiyyəti xəstəlikdən qurtula bilmir və onun müalicəsi Yerablur qəbiristanlığının sahəsinin genişlənməsi ilə düz mütənasibdir. Yəni, məzarlığın ərazisi nə qədər böyük olsa, erməni qövmü qorxunc mərəzdən bir o qədər tez qurtular. Yeri gəlmişkən, bu fikri Ermənistan ictimaiyyətində də dilə gətirənlər az olmayıb. Təəssüf ki, onların səsi revanşist başıpozuqlarının qopardıqları vay-şivənə yenik düşüb.

Əlqərəz, Nikolun mətbuat konfransında nələri söylədiyinə diqqət yetirək. Paşinyan bildirmişdi ki, Qarabağ, yəni oradakı separatçı rejim başına çarə qılsın. Bu baxımdan təkliflər də irəli sürmüş və demişdi ki, Xankəndi Bakı ilə dialoqa getməlidir. Əlbəttə, dialoq məntiqi bizim üçün qəbuledilməzdir. Ölkəmiz Qarabağın erməni icmasının nümayəndələri ilə danışıqların aparılmasını təklif edir. Bu deyim dialoqdan fərqli olaraq, Qarabağı tərəf qismində görmür. 

Azərbaycan, sadəcə olaraq, uzun müddətdir ondan ayrı düşmüş erməni vətəndaşlarının problemləri ilə maraqlanır. Məsqəd isə həmin vətəndaşların güzəranının yaxşılaşdırılması naminə görüləcək işləri birgə müəyyənləşdirməkdir. Paşinyanın dialoq məntiqi də, əslində, Bakının baxışlarındakı kimidir. Sadəcə, ifadə tərzi fərqlidir. Ancaq bu tərz də, necə deyərlər, əl yeri qoyur. Tam mümkündür ki, İrəvan sırf dialoq ritorikası ilə sonradan hansısa separatizm meyillərini ortaya atsın. Heç şübhəsiz, Paşinyan bunu düşünməmiş deyil. Düşünür və ona görə dialoqdan söz açmaqla yanaşı, “tır aksiyası”nı da həyata keçirir. 

Nikol çalışır ki, beynəlxalq aləm Ermənistanın nəhəng Qarabağ aktivliyini görsün. Yeri gəlmişkən, həmin aktivliyi İrəvan küçələrində Qarabağa dəstək aksiyaları düzənləməklə də göstərmək istəyir. 1988-ci ildəki metodu işə salır. Ancaq o zamanda fərqli olaraq, indi Ermənistan rəhbərliyinin hərəkəti acizlikdən və özünə bəraət qazandırmaqdan başqa bir şey deyil. Yəni, Paşinyan Qarabağ üçün hər şeyi etdiyinin görüntüsünü formalaşdırır. Hər halda, hazırda vəziyyətin 1988-ci ildəki kimi olmadığını anlamamış olmaz. Axı, Azərbaycan da ötən əsrin sonlarına doğru olan Azərbaycan deyil. 

Məsələyə digər rakursdan yanaşaq. Qeyd edək ki, Nikolun mətbuat konfransında səsləndirdiyi fikirlər ermənipərəst dairələri də hərəkətə gətirib. Spayki “tır”larının Azərbaycan-Ermənistan şərti sərhədində - Laçın rayonu ərazisindəki Həkəri körpüsü üzərində yerləşən nəzarət-buraxılış məntəqəsi həndəvərində görünmələri, eyni zamanda, həmin hərəkətliliyin nəticəsidir. Çox güman ki, yük avtomobillərinin sürücülərinə özləri ilə azuqə götürmək də tapşırılıb. Çünki Azərbaycan ərazisinə keçə bilməyəcəkləri, ilişib-qalacaqları çox yaxşı məlumdur. 

Necə də ilişməsinlər, axı, Paşinyan administrasiyası sərhəddə bayrağımızı qaldırmaq istəyən Azərbaycan hərbçilərinə atəş açılması faktını araşdırmayıb, hadisəyə görə tədbir görməyib, məsuliyyətini etiraf etməyib. Üstəlik, Həkəri sərhəd keçidindən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin müşayiət etdikləri yüklərin nə üçün qaçaq mal olduğu sualına cavab tapılmayıb. İrəvan səmimi davranıb bu məsələlərə aydınlıq gətirməkdənsə, ənənəvi “metoduna” əl atır. Ancaq…

Ermənistan hakimiyyəti “tır şousu”, “tır aksiyası” olaraq adlandırılmış bu hərəkəti ilə sanki çırpınmaqdadır. Aksiya (şou – red.) boğulanın saman çöpündən yapışmasına bənzəyir. Nəzərə alsaq ki, Paşinyan Qarabağ da daxil olmaqla, 86,6 min kvadratkilometrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, üstəlik, bir neçə gün əvvəl bölgədəki separatçı rejimə faktiki olaraq yolun sonuna gəlindiyinə dair mesaj verib, o zaman hazırda sərhəddə baş verənləri nə ilə əlaqələndirək? Nikol yolu uzatmaqmı istəyir? 

Xeyr, Paşinyan yolu uzatmaq istəyənlərin, daha doğrusu, Laçın yolunu əvvəllər olduğu kimi, açıq darvaza kimi görmək arzusu ilə alışıb-yananların oyunlarında alətə çevrilib. Çox güman, Nikol onlara da bildirib ki, dediklərini edir, amma sonra başlarına çarə qılsınlar. 

Ümumən, Paşinyan Azərbaycan–Ermənistan münasibətləri kontekstində hansısa razılaşmalar əldə olunanda, bu sayaq qeyri-ordinar addımlar atmaq üzrə püxtələşib. Onun qətiyyətsizliyi aşkardır. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib uşaqlıq etdiyi kimi, yenə də eyni ampluadadır. O zaman da elə bilmişdi ki, beynəlxalq ictimaiyyət ona kömək edəcək, hazırda da oxşar düşüncədədir. Çox güman, sözügedən bəyanatı verəndə də kimlərinsə felinə uymuşdu. İndi Yerablur qəbirstanlığında övladı uyuyan erməni anaları da soruşurlar ki, Ermənistan hakimiyyəti Azərbaycanla bacarmayacaqdısa, nə üçün onların balalarını qırğına verdi? Sosial şəbəkələrin erməni seqmenti həmin anaların qəbirstanlıqdan etdikləri fəryad paylaşımları ilə doludur. Nəinki Nikola, eləcə də bütün ermənipərəstlərə başqa anaların ah-nalələri lazımdırsa, buyursunlar. Çünki hadisələr ona doğru gedir. 

Bir azdan Ermənistanda “tır” sürücülərinin analarının, qohum-əqrəbalarının fəryadları da baş qaldıra bilər. Onlar çox haqlı olaraq soruşa bilərlər: bir halda ki, Paşinyan Qarabağ ermənilərinin Bakı ilə anlaşmalı olduğunu bildirir, o zaman nə üçün sürücülər günün istisində sərhəddə qalmalıdırlar? Prinsipsiz Paşinyanın və ermənipərəstlərin bunu da dedizdirmələri tam mümkündür. Çünki hər kəsə yaxşı məlumdur ki, Azərbaycan öz mövqeyindən bir addım da geri durmayacaqdır. 

Bəli, Azərbaycan prinsiplərindən çəkilməyəcək, Qarabağa tam sahiblənmək haqqını əldə edəcəkdir. Sərhəddəki “tır”lar orda qalacaq, Ermənistan hakimiyyətinin və xəstə erməni ictimai rəyinin təmsilçilərinin dili ilə desək, hər cür xarici təpkiyə rəğmən, Qarabağda humanitar böhran davam edəcək. Belə bir durumda vəziyyəti dəyişmək üçün bir yol qalacaq – müharibə.  Yerablur qəbirstanlığından, “Spayki” səyyar morqlarından təsadüfən söz açmadıq. 

Bir daha dialoq barədə. Qeyd edək ki, N.Paşinyan administrasiyası əvvəllər Bakı–Xankəndi dialoqu haqqında söz açanda, bunun beynəlxalq mexanizmlərinin işlənib-hazırlanmalı olduğunu bildirir, manipulyasiyaya yol verirdi. Nikolun mətbuat konfransında söylədikləri isə onu göstərir ki, artıq mexanizm-filan yoxdur. Deməli, rəsmi İrəvanın nəzərindəki dialoq məntiqi də keçərsizdir. Bir daha bildirək ki, dialoqun konkret tərəfləri olur. Xankəndi isə heç bir halda Bakı üçün tərəf deyil. 

Nəticədə bu gün dialoqun yerini, belə demək mümkünsə, “tır”lar tutub. Daha doğrusu, “tır”lar Ermənistan hakimiyyətinin bütün konstruktiv meyillərini, obrazlı desək, tapdalayıb keçib. Bu isə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı növbəti təxribatdır. Təxribata qarşı isə cavab mütləq olacaqdır. N.Paşinyan necə ki, hakimiyyətə gəldikdən bir il sonra həmin vaxtadək Qarabağ mövzusunda aparılan danışıqlara əhəmiyyətsiz yanaşmışdı, indi də eyni yolu getməkdədir. Belə görünür, tarixin təkrarlanması qaçılmazdır. 

Bəli, tarix təkrarlana bilər. Mövcud xüsusda sonda bir məqamı da vurğulayaq. İndiyədək Ermənistan hakimiyyətinin çeşidli aksiyaları, şouları, təxribatları heç bir fayda verməyib. Beynəlxalq ictimaiyyət iki-üç mənasız qətnamədən başqa İrəvana hansısa real dəstək verməyib. Azərbaycan Ermənistan “tır”larını Qarabağa buraxmayacaqsa, onlar aylarla sərhəddə dayanacaqlar. Ermənipərəst dairələr isə həmişə olduğu kimi, danışıb-danışıb, öz aləmlərində Azərbaycana təzyiq göstərib sakitləşəcəklər. Bəs sonra? Sonra bir yol qalır - Yerablur qəbirstanlığı. Ermənistan hakimiyyəti və xaricdəki havadarları unutmasın və tam əmin olsunlar ki, bu dəfə Yerablurda torpağa tapşırılan erməni dövlətçiliyi olacaq. Onu səyyar morqlarda dondurub saxlamaq şansı belə qalmayacaqdır.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

 



Siyasət