Fransa aranı qarışdırmaqdan əl çəkmir

post-img

Paris bölgədə sülhün əldə olunmaması üçün bütün səylərini səfərbər edib

Fransa Azərbaycanın daxili işlərinə kobud müdaxiləni davam etdirir. Ölkənin rəsmi şəxsləri açıq ermənipərəst mövqedən çıxış edərək, Azərbaycanın Laçın yolunu, guya, blokadada saxladığını bildirir, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhran yaşadıqlarını iddia edir və yolun açılmasına dair çağırışlar edirlər. Azərbaycan tərəfi bu çağırışların heç bir əsasının olmadığını dəfələrlə bəyan etsə də, fransız rəsmilər öz əməllərindən qalmırlar.

Sonuncu dəfə Fransa Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Nazirlik bildirib ki, Azərbaycanın atəşkəs sazişi ilə üzərinə götürdüyü öhdəliklərə zidd olan və danışıqlar prosesinə xələl gətirən Laçın dəhlizini (?) davamlı olaraq blokadaya almasından (?) təəssüflənir. Bəyanatda bildirilir ki, rəsmi Paris Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin iyulun 26-da Qarabağ əhalisinin humanitar vəziyyəti ilə bağlı bəyanatını tam dəstəkləyir. “Fransa Azərbaycanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarının məcburi hüquqi qüvvəyə malik müvəqqəti tədbirlərini yerinə yetirməyə çağırır. Fransa, həmçinin insanların və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə sərbəst hərəkətinin bərpasına, əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına çağırır”, – deyə bəyanatda qeyd olunur.

Onların bu çağırışları əsassız olduğundan ikrah doğurur. Əvvəla, Azərbaycanla Ermənistan arasında hansısa atəşkəs sazişi imzalanmayıb. Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində ciddi itkilərə məruz qalan, sarsıdıcı məğlubiyyətə uğrayan İrəvan 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə təslimolma sənədinə imza atıb. Prezident ­İlham Əliyevin noyabrın 10-da gecə xalqa müraciətində dediyi kimi, bu gün ölkəmiz üçün tarixi bir gündür. Həmin gün Ermənistanla Azərbaycan arasında 30 ildən artıq davam edən münaqişəyə son qoyulub. Dövlət başçımız qeyd edib ki, imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. İndi Fransa XİN-in həmin bəyanata atəşkəs sazişi deməsi, ən azı, faktları təhrif etməkdir. Digər tərəfdən, Fransa XİN-in bəyanatından müəyyən nəticələr çıxır. Belə anlaşılır ki, Paris üçtərəfli bəyanatı məsələnin yekun aktı kimi qiymətləndirmir, Ermənistanla Azərbaycan arasında silahlı qarşıdurma mərhələsinin başa çatdığını qəbul etmir. Onların fikrincə, hələlik, yalnız atəşkəs sazişi imzalanıb. Bu kontekstdə Fransanın Ermənistana son vaxtlar silah-sursat tədarük etməsi, İrəvandakı Fransa səfirliyində müdafiə missiyasının yaradılması maraq doğurur.

Fransa XİN Azərbaycanın hansısa öhdəlik götürdüyünü iddia edir. Ancaq, nədənsə, əsl öhdəliyi Ermənistanın öz üzərinə götürdüyünü unudur. Üçtərəfli bəyanatın müddəaları, xüsusilə, onun dördüncü bəndi Ermənistan tərəfindən kobudcasına pozulur. Orada açıq-aydın yazılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ermənistan ordusunun qalıqları isə hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Məlumatlara əsasən, Qarabağ bölgəsində, təxminən, 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi müharibədən sonra Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar. Bundan başqa, Ermənistan üçtərəfli bəyanatın bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsini nəzərdə tutan 9-cu bəndini indiyədək yerinə yetirməkdən imtina edir.  Orada da aydın şəkildə qeyd olunub ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. İrəvan bu zəmanəti vermək öhdəliyini icra etmir. Fransa XİN-in diqqətinə çatdırmaq istərdik ki, üçtərəfli bəyanata zidd olaraq Naxçıvana maneəsiz keçidin təmin olunmasından imtina edilməsi Bakının yox, İrəvanın öhdəliklərini heçə saydığını nümayiş etdirir.

Bəyanatda Laçın yolunun “Laçın dəhlizi” adlandırılmasına gəldikdə isə qeyd etmək lazımdır ki, Fransa XİN burada da təhrifə yol verir. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsi bir sıra anlayışlar kimi, “Laçın dəhlizi” anlayışının da siyasi leksikondan çıxmasına gətirib çıxardı. “Laçın dəhlizi” işğal dövründə azərbaycanlılar üçün göz dağı idi. Belə ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında quru yol mövcud deyildi. Yeganə yol keçmiş DQMV-yə daxil olmayan Laçın rayonu ərazisindən keçən altı kilometr uzunluğa malik və “Laçın dəhlizi” adı verilən dağ yolu idi.

Strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci ilin mayında işğal altına düşdükdən sonra Qarabağla Ermənistan arasında quru yolla əlaqə yarandı. Laçının işğalı və yolun erməni silahlı dəstələrinin nəzarəti altına keçməsi digər rayonlarımızın işğalının sürətlənməsinə səbəb oldu. Nəticədə qısa müddət ərzində keçmiş DQMV-yə daxil olmayan bir neçə rayonumuz işğal altına düşdü. İşğal müddətində Ermənistan və Qarabağ erməniləri, xaricdəki diaspor nümayəndələri, diasporun pulu ilə hərəkət edən şəxslər bu yol vasitəsilə Azərbaycan ərazilərinə istədikləri qədər girib-çıxıblar. Bura, belə deyək, bir növ açıq qapı olub. Hətta Laçın rayonu 2020-ci ilin dekabrın 1-də işğaldan azad olunduqdan sonra da bu yoldan istifadə etməklə qeyri-qanuni fəaliyyət aparılıb, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar bu yolla daşınıb, qanunsuz hərbi birləşmələrin rotasiyası, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlar qeydə alınıb. Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib. Nəhayət, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində Azərbaycanın nəzarəti təmin edildikdən sonra Qarabağ erməniləri Ermənistana yeni çəkilmiş yolla hərəkət etməyə başlayıblar. “Laçın dəhlizi” sözü isə “Dağlıq Qarabağ” sözü kimi tarixin arxivinə göndərilib. İndi Fransa XİN-in artıq olmayan dəhlizdən bəhs etməsi istehza doğurur.

Bundan əlavə, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsini yaradaraq özü bütün bu qanunsuzluqlara, özbaşınalıqlara son qoyub. Bütün bu həqiqətləri hansısa sadə fransız bilməyə bilər. Lakin 434 illik tarixi olan (1589-cu ildə xarici siyasətin ayrı-ayrı sahələrində ixtisaslaşmış dörd Fransa Dövlət Katibliyi birləşdirilib və xarici işlər üzrə dövlət katibi təyin edilib-S.H.), ATƏT-in keçmiş Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi prosesin bütün incəliklərinə bələd olan Fransa XİN-in bunu bilməməsi qətiyyən mümkün deyil. Fransanın bilərəkdən bu cür hərəkət etməsi isə onun İrəvan-Bakı münasibətlərinə nə dərəcədə qeyri-obyektiv yanaşdığını, qərəzli olduğunu və beynəlxalq hüququ heçə saydığını bir daha nümayiş etdirir.

Zaur MƏMMƏDOV,
politoloq

– Fransa XİN-in bəyanatı bizim üçün elə bir əhəmiyyət daşımır. Nədənsə, Fransa XİN Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə bu cür bəyanatlarla çıxış etmirdi. İndi isə Fransa tərəfindən çox ciddi narahatlıq hiss olunur. Hərçənd ki, ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycanın ədalətsizliyə qarşı mübarizəsi heç kim tərəfindən sual altına alınmamalıdır. Ölkəmizin Vətən müharibəsindəki Qələbəsi, əslində, dünyada haqq-­ədalətin təntənəsi idi. Ancaq Fransa kimi ədalətsizliyin tərəfində dayanan, islamofob, türkofob və azərbaycanofob ölkə mütəmadi olaraq bu cür qərəzli bəyanatlar verə bilər.

Azərbaycan iqtisadi rayonlarından biri olan Qarabağa humanitar yük çatdırmaq üçün Ağdam–Xankəndi yolunu təklif edib. Əgər Qarabağda onların iddia etdikləri kimi, humanitar böhran yaşanırsa, nə üçün yolun girişinə beton bloklar yığırlar? Zəhmət çəkib yolu açsınlar və humanitar yük aparan nəqliyyat vasitələrinin girişinə şərait yaratsınlar. Ancaq bunu etmirlər və şou yaratmağa davam edirlər. Nəticədə Azərbaycanla bağlı beynəlxalq aləmdə mənfi rəy yaradırlar. Bizim Xarici İşlər Nazirliyimiz, BMT, ATƏT kimi beynəlxalq təşkilatlar yanındakı nümayəndələrimiz ermənilərin bu iddialarına tutarlı cavab verirlər və əminik ki, bundan sonra da davam edəcəklər.

Ermənistanın, Fransanın və onlara yaxın dövlətlərin istəyi İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir. Onlar separatçılığın inkişaf etməsini, yeni gərginliyin baş verməsini istəyirlər. Bu istiqamətdə edilən səyləri başqa cür izah etmək olmur. İyulun 25-də Moskvada Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilən görüşdən bir gün sonra Ermənistanın Azərbaycanın razılığını almadan, birtərəfli qaydada Qarabağa “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribatdır. Bu addım yalnız və yalnız yeni gərginlik yaratmağa hesablanıb. Paris isə bu təxribatçı addımları dəstəkləməklə özünün əsl mahiyyətini ortaya qoyur. Onun bundan sonra özünü danışıqlar prosesinə bu və digər şəkildə sırıması heç cür mümkün olmayacaq. Halbuki Avropa İttifaqının aparıcı ölkələrindən sayılan Fransa İrəvan-Bakı münasibətlərinin yaxşılaşmasına töhfə verə bilərdi. Ancaq Paris barışdırıcı yox, qızışdırıcı mövqeyi ilə yadda qaldı. Buna görə artıq Afrika qitəsində də heç bir dövlət digər ölkə ilə arasında olan ziddiyyətlərin Fransa vasitəsilə həll ediləcəyinə inanmır. Çünki Fransanın əsl niyyətinin nə olduğu hamıya bəllidir.

Səxavət HƏMİD, 
“Xalq qəzeti”

 



Siyasət