Tehranın yeni təşəbbüsünü sözdə deyil, əməldə görək

post-img

İranın təklif etdiyi “3+3” formatında danışıqlar regionda sülhün və təhlükəsizliyin təmin olunmasını nəzərdə tutur

 

İranın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün  “3+3” formatlı danışıqlar keçirməyə hazır olduğunu bildirib. Bu barədə erməni həmkarı ilə birgə təşkil edilən mətbuat konfransında məlumat verən İran XİN-nin başçısı Hüseyn Əmir Abdullahian ölkəsi üçün Cənubi Qafqazın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Habelə nazir qeyd edib ki, “İran region ölkələri arasında yaxınlaşmanı və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır”.

Açıqlamadan da göründüyü kimi, İran Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində təşəbbüsü öz üzərinə götürməyə cəhd edir. Onun bu cəhddə nə dərəcədə səmimi olduğu bir ayrı mövzudur, amma istənilən dövlətin regionda sülh və sabitliyin bərqərar olması istiqamətində atdığı hər bir addım önəmlidir və Azərbaycan dövləti bu cür cəhdləri yüksək qiymətləndirir. Prezident İlham Əliyevin də daim qeyd etdiyi kimi, sülhün analoqu yoxdur və hər bir ölkənin tərəqqisi bilavasitə bu amilə bağlıdır. Bu baxımdan İranın Azərbaycan–Ermənistan arasında sülh prosesinə töhfə vermək cəhdi istənilən halda təqdirəlayiqdir. 

* * *

Tehranın “3+3” formatı ilə bağlı irəli sürdüyü  yeni təşəbbüsü cənub qonşumuzun Vətən müharibəsinin gedişində, indi isə Zəngəzur dəhlizinin açılması ilə bağlı sərgilədiyi mövqeyi ilə üst-üstə düşmür. Biz hələ Birinci Qarabağ müharibəsinin başlanğıcında Şuşanın erməni daşnakları tərəfindən işğalında İranın oynadığı şübhəli və müəmmalı rolunu yada salmaq istəmirik.  Fəqət bu təşəbbüs Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin İran, Türkiyə, Rusiya tərkibində müzakirələri və bölgəyə sülhün gəlişini nəzərdə tutursa, nə yaxşı. Əslində, Azərbaycan Ermənistan arasında sülhün bu formatda müzakirəsi milli maraqlarımızla heç bir ziddiyyət təşkil etmir. Əksinə, Azərbaycan hər zaman regionda sülh və təhlükəsizliyin bütün region dövlətlərinin birgə iştirakı və səyi ilə həllində maraqlı olub. Qeyd edək ki, Prezident İlham 
Əliyev daim beynəlxalq təşkilatlardakı çıxışlarında, eləcə də mediaya müsahibələrində sülhün qorunmasında hər bir region dövlətinin səy göstərməsinin vacib olduğunu bildirib, bu sahədə birgə əməkdaşlığın önəminə toxunub. Elə Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edən dövlətimizin başçısı İranın sülhə, qarşılıqlı etimada yönəlik addımlarının Azərbaycan tərəfindən dəyərləndiriləcəyini bildirmişdi. Bu zaman iki xalq arasında çoxəsrlik yaxın qonşuluq, dostluq münasibətləri xüsusi olaraq vurğulanmışdı. Bəli, Bakı obyektiv və ədalətli mövqeyi cənub qonşusu ilə yanaşı, şimal qonşusundan da gözləyir. Əyani misal olaraq cənab Prezidentin 2022-ci ilin 26 sentyabr tarixində Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı dediklərinə diqqət yetirək: “Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.                                        

Bu baxımdan, Azərbaycanla Ermənistan arasında etibarlı və davamlı sülhün bərqərar olmasında region dövlətlərinin də iştirakı rəsmi Bakının ənənəvi mövqeyinə uyğundur. Əslində, sülhün bu formatda təminatı prosesdə iştirak edən bütün dövlətlərin məsuliyyətinin artırılması, onların birlik və əməkdaşlğının güclənməsi baxımından da faydalı addım olar.

* * *

Sülh danışıqlarının  “3+3” formatında təşkili prosesdə iştirak edəcək dövlətlərlə ölkəmizin münasibətləri baxımından da Azərbaycan üçün uğurlu sayıla bilər. Xatırladaq ki, prosesdə Azərbaycanla Ermənistan xaricində 4 dövlətin iştirakı nəzərdə tutulur ki, onların 3-ü Azərbaycanın strateji müttəfiqidir. Bunlar Türkiyə, Rusiya və Gürcüstandır. Rəsmi Tehranın son illər Ermənistanı birmənalı şəkildə dəstəkləməsi, onun Azərbaycanın ədalətli mövqeyinə qarşı ermənipərəst bəyanatlarını nəzərə almasaq, Bakı İranla münasibətlərinin hər zaman mehriban qonşuluğa əsaslanmasının tərəfdarı olub. İranda on milyonlarla soydaşımızın yaşaması faktının özü Azərbaycanın bu dövlətlə münasibətlərinə korrektələr edən mühüm nüanslardandır. Amma bu münasibətlər qarşılıqlı hörmətə və səmimiyyətə söykənəndə sağlam və möhlkəm olur.

Azərbaycanın “3+3” formatlı danışıqlara əsasən, dost və müttəfiq ölkələrlə qatılacağı şüb­həsizdir. Bütün bunları nəzərə alaraq söyləmək oalr ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının unudulmuş “3+3” formatına qayıdışı milli və dövlətçilik maraqlarımıza uyğun hesab etmək olar. 

* * *

Bunu da qeyd etmək yerinə düşər ki, iyulun 27-də xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon  danışığı olub. Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələlər, postmüharibə dövründə bölgədəki vəziyyət, eləcə də Azərbaycan–İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşdən irəli gələn məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı Ceyhun Bayramov son zamanlar Laçın yolu ətrafında və bölgədə humanitar vəziyyətlə bağlı yayılan iddiaların İrəvanın siyasi manipulyasiyasından başqa bir şey olmadığını diqqətə çatdırıb. 

 

Seymur ƏLİYEV

 

Siyasət