Qərbi Azərbaycan faciələrinin xronologiyası

post-img

Qərbi Azərbaycanda soydaşlarımızın qədimdən-qədim məskunluğu, bu əzəli türk yurdunun düşmən dairələrin qəsdləri ilə zaman-zaman erməniləşdirilməsi və XX əsrin əvvəllərində burada Ermənistan adlı oyuncaq dövlət yaradılması barədə silsilə tədqiqatların müəllifi, AMEA Tarix İnstitutunun baş direktotu, professor Kərim Şükürov bu başıbəlalı torpağı Rusiyanın işğal etməsi ilə başlayan faciələrinin ayrıca xronologiyasını da tərtib etmişdir. Həmin materialı oxucularımıza təqdim edirik.

Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində

1747–1827. Azərbaycanın mərkəzi İrə­van şəhəri olan İrəvan xanlığı. İrəvan xan­lığının yaranması ilə Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsi Azərbaycanın xanlıqlar dövrünün müstəqil dövlətlərin­dən birinə çevrilmişdir. Rusiya imperiyası­nın XIX əsrin əvvəllərində Cənubi Qafqaz­da hakimiyyət uğrunda mübarizəsində İrəvan xanlığının və Qərbi Azərbaycan ərazisinə daxil olan digər ərazilərin işğalı əsas yerlərdən birini tuturdu. 1804–1813-cü illər müharibəsi zamanı bu planı həyata keçirmək mümkün olmadı. 13 illik fasilə­dən sonra yeni müharibə başlandı.

1. İrəvanın işğalı və ilkerməniləşdirmə tədbirləri 

1826–1828-ci illər. Rusiya ilə İran arasında yeni müharibə. Onun mərkəzi məsələsi Rusiya imperiyası ilə İrəvan xan­lığı arasındakı müharibə idi. Belə ki, məhz İrəvan xanlığının süqutundan sonra, Rusiya qoşunları Arazı keçərək Cənubi Azərbaycan ərazisinə daxil olmuşdur.

1827, 1 oktyabr. Rusiya–İran mühari­bəsinin (1826–1828-ci illər) gedişində İrə­van şəhərinin Rusiya imperiyası tərəfindən tutulması. Xanlığın işğalının başa çatdırıl­ması və ləğvi. İrəvan əyalətinin yaradılması.

1827, oktyabr–1917, oktyabr. Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində. Əvvəlki dövrlərdə Rusiya imperiyasına il­haq edilən digər Azərbaycan torpaqları kimi onun tarixi qərb ərazisi də xristian dövlətin hakimiyyəti altına düşdü. Rusiya imperiya­sının burada xristianlaşdırma və erməniləş­dirmə siyasəti simmetrik olaraq azərbay­canlıların hüquqlarının pozulması idi.

1827, 6 oktyabr. Qafqazdakı rus qoşun­larının baş komandanı İ.F.Paskeviç tərəfin­dən İrəvan əyalətinin idarəsi üçün ümumi qaydalar hazırlanması. Qaydalara görə, mülki hissə üzrə işlərin aparılması üçün Müvəqqəti idarə yaradılır. Sədri A.İ.Kraso­vski, üzvləri isə yepiskop Nerses və İrəvan qalasının müvəqqəti komendantı A. Boro­din olur. 

1828, 10 fevral. Rusiya–İran Türk­mənçay müqaviləsi. Naxçıvan və İrəvan xanlıqlarının Rusiya imperiyasına ilhaq edilməsinin rəsmiləşdirilməsi. Türkmənçay ilə Rusiya və İran arasında Azərbaycan tor­paqlarının bölüşdürülməsi başa çatdırıldı. Rusiya imperiyasının hakimiyyətinə keçən ərazilərdə müstəmləkə sistemi bərqərar edildi. Onun əsas göstəricilərindən biri et­nik-milli ərazilərin süni şəkildə yaradılmış inzibati vahidlər arasında bölüşdürülməsi idi. Rusiya imperiyasının Cənubi Qafqaz­da apardığı inzibati-ərazi bölgüsü müəyyən dərəcədə sabitləşdikdə burada 5 quberniya – Tiflis, İrəvan, Bakı, Kutais və Yelizavetpol (Gəncə) mövcud idi. Azərbaycan torpaqları 4 quberniya (Kutais istisna olmaqla) arasın­da bölüşdürülmüşdü. 

Qərbi Azərbaycan ərazisində müstəm­ləkə rejimi müəyyən xüsusiyyətləri ilə fərqlənmiş, daha ağır formada təzahür etmişdir. Erməni tarixşünaslığı isə tarixi Azərbaycanın qərb torpaqlarına dair “Şərqi Ermənistan”, Şərqi Anadolu torpaqlarına dair isə “Qərbi Ermənistan” və ya “Türkiyə Ermənistanı” kimi qeyri-elmi konsepsiyalar yaratmağa cəhd edir, “Şərqi Ermənistan”ın Rusiya imperiyası tərkibində tərəqqisini əsaslandırmağa çalışır. 

1828–1831. Türkmənçay, sonra isə Ədirnə (1829) müqavilələrinə görə, ermə­nilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən keçmiş İrəvan xanlığı ərazi­sinə köçürülməsi. Polkovnik L.Lazarevin (Lazaryanın) Paskeviçə 14 iyun 1828-ci il raportuna əsasən, İrandan köçürülən 7 min 458 erməni ailəsinin 3 min 900-ü (52,3 faizi) İrəvan əyalətində yerləşdirilmişdir. Rəsmi statistik məlumata görə, 1829–1831-ci illərdə köçürülən erməni ailələrin sayı 6 min 946 (35 min 560 nəfər) idi. Onlardan 366 ailə (1715 nəfər) İrəvan şəhərində, mü­vafiq olaraq 4 min 193 (21 min 853 nəfər) İrəvanın 10 mahalında yerləşdirilmişdi. İrə­van şəhəri və mahallar üzrə bu rəqəmlər 4 min 559 ailə (65,6 faiz ) təşkil edirdi. Əs­lində, bu rəqəmlər daha yüksək idi. Ədirnə müqaviləsi üzrə Osmanlı imperiyasından köçürülən erməni ailələrinin sayı isə 14 min və ya 100 min nəfərdən çox idi. İrandan köçürülənlər ilə birlikdə ümumi say 145 minə çatırdı. Rus batalist rəssam Moşkov (Maşkov) bu hadisəni “40 min erməninin polkovnik Lazarevin şəxsi sərəncamı ilə rus hüdudlarına köçürülməsi” adlı rəsm əsərin­də təsvir etmişdir.

2. “Erməni vilayəti”: ermənilərin institutlaşdırılması siyasəti

1828, 21 mart, I Nikolayın (1825–1855) fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının əsasında “Erməni vilayəti”nin yaradılması. Rusiya işğalının ilk dövründə tutulan Azərbaycan xanlıqla­rına münasibətdə müəyyən siyasi xətt for­malaşmışdı. Müqavimət göstərən xanlıqlar ləğv edilib, əyalətə çevrilirdi. Müqavilə ilə tutulan xanlıqlarda müvəqqəti olaraq xanlıq sistemi saxlanırdı. İrəvan və Naxçıvan xan­lıqlarına münasibətdə isə daha kəskin bir anti-Azərbaycan addımı atılır. Tarixi Azər­baycan torpaqlarında heç bir əsas olmadan “Erməni vilayəti” təşkil edilir. Məsələ bu­nunla da bitmir. Azərbaycanın işğal edilmiş digər ərazilərindən fərqli olaraq bu vilayət imperatorun tituluna daxil edilir.

1829–1873. “Erməni vilayəti”, sonralar isə İrəvan qəzası və quberniya üzrə əhaliyə dair əsas mənbələrdən olan kameral təsvir­lərin keçirilməsi.

1829–1832. İ.Şopen tərəfindən (məş­hur bəstəkarın qohumu idi) “Erməni vi­layəti”ndə kameral təsvirin keçirilməsi. İrəvanın Rusiya tərəfindən işğalından son­rakı vəziyyətdə İrəvan əhalisinin sayı və etnik tərkibi haqqında da məlumat verir. Bu rəqəmlər sonrakı dövr üçün baza rolunu oy­nadığından onları xüsusi qeyd etmək lazım­dır. Müsəlmanların sayı: ailələr 1807, kişilər 3 min 749, qadınlar 3 min 582– cəmi 7 min 331 nəfər. Onu da nəzərə almaq lazımdır ki, işğal prosesində müsəlman əhalinin müəyyən hissəsi şəhəri tərk etmişdi. Şopen erməniləri iki yerə bölür: yerlilər (əslində, bunlar daha əvvəl gələnlər idi) və gəlmələr. “Yerli”lərin sayı belə idi: ailələr 567, kişilər 1220, qadınlar 1149 – cəmi 2 min 369 nəfər. Gəlmələr İran və Türkiyə olmaqla 2 yerə bölünür. İrandan gələnlər: ailələr 366, kişi 903, qadın 812 – cəmi 1715 nəfər. Türkiyə­dən gələnlər: ailələr 11, kişi 25, qadın 23 – cəmi 48 nəfər. 

Rəqəmlərdən göründüyü kimi, gəlmələr nəzərə alınmasa İrəvanın əhalisi 9 min 700 nəfər idi ki, onun da 75,58 faizi müsəl­manlar, 24,42 faizi isə “yerli” ermənilər idi. Köçürmə nəticəsində İrəvan əhalisinin etnik tərkibinin dəyişdirilməsi başlanır. Belə ki, köçürülən ermənilərin sayı (1763 nəfər) mövcud əhalinin (9 min 700 nəfər) 18,17 faizini təşkil edirdi. Bunun nəticə­sində ümumi əhali içərisində (11 min 463 nəfər) müsəlmanlar 63,9 faiz, ermənilər isə 36,05 faiz oldu. Çar hökumətinin siyasətinə baxmayaraq, 1918-ci ilədək İrəvan şəhərini ermənilərin nə siyasi, nə də iqtisadi mərkə­zinə çevirmək mümkün olmadı. Bu ərazilər ermənilərin vətən anlayışına da daxil olma­mışdır. Erməni siyasiləri və kapitalı, əsasən, Bakı və Tiflisə can atırdı.

1833, 27 fevral. “Erməni vilayəti”nin gerbinin qəbul edilməsi. Bu vilayətin, son­ra isə İrəvan qəzası (1843) və quberniyası­nın (1878) gerblərinin təhlili (hər bir halda gerblərdə erməni və xristian atributları aparıcı element kimi verilmişdir) göstərir ki, I Nikolay inadla İrəvan bölgəsinin er­məniləşdirilməsi və xristianlaşdırılmasına nail olmağa çalışmış, varisləri də bu siyasəti davam etdirmişdir.

1833, 22 iyun. “Erməni vilayəti”nin idarə quruluşu haqqında, bu idarənin ştat­larının əlavəsilə” adlı 16 maddədən ibarət çar fərmanı. Fərmana görə, İrəvanda vergi və mükəlləfiyyətlərin toplanması üzrə idarə yaradılırdı. 10 mahaldan ibarət olan İrəvan əyaləti İrəvan, Şərur, Sərdarabad və Sürməli dairələrinə bölünürdü. Polkovnik Ehsan xan və mayor Şıxəli bəy Naxçıvan və Ordubad­da naib kimi qalırdı və s.

(ardı var)

Siyasət