Siyasi partiyaya il ərzində verilən ianələrin yuxarı həddi müəyyən edilib

post-img

Siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən 10 (on) gündən gec olmayaraq bu barədə məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı “Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydası”nın təsdiq edilməsi haqqında Qərarında bildirilib.

Vurğulanıb ki, şəxsin bir və ya bir neçə siyasi partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən ediləcək. İanənin dəyərinin bazar qiyməti ilə müəyyən edilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçiriləcək.

Siyasi partiya tərəfindən qəbul edilmiş ianə tələblər pozulmaqla qəbul edildikdə, habelə ərizədə və ona əlavə edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya və ianə üzrə əməliyyatı həyata keçirmiş müvafiq banka ianənin Qanunun tələbləri pozulmaqla qəbul edilməsi barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verəcək. Bu halda siyasi partiya Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 30 (otuz) gün müddətində ianəni geri qaytarmalı, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməlidir.

 
 
 

Siyasət