“Paris-2024” Yay Olimpiya və Paralimpiya oyunlarının məşəli ictimaiyyətə təqdim olunub

post-img

“Paris-2024” Yay Olimpiya və Paralimpiya oyunlarının məşəli ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fransız dizayner Mathieu Lehanneur zərif və qeyri-adi görünüşə sahib Olimpiya məşəlini sülh və dostluq rəmzindən ilhamlanaraq yaradıb. Məşəlin görünüşündə əsasən su ilə alovun vəhdəti təsvir olunub.

“Hazırladığım məşəldə mükəmməl simmetriyanı itirmədən, bərabərliyi – sülh və dostluğu simvolizə edərək su ilə alovun birləşməsini nümayiş etdirməyə çalışmışam. Məşəlin son dərəcə sadə, incə və simvolik olmasını istəyirdim. Düşünürəm ki, buna nail ola bilmişəm. Bu, tarixdə həm Olimpiya Oyunları, həmçinin Paralimpiya Oyunları üçün istifadə edilən ilk məşəl olacaq. Yeni məşəlin ümumi dizaynı əvvəlkilərə nisbətən forma və üslub baxımından fərqlidir”, - deyə M.Lehanneur vurğulayıb.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları bir il sonra - 2024-cü il iyulun 26-da başlayacaq. “Paris-2024”ün Sena çayında 10 min idmançının iştirakı ilə açılış mərasimi keçiriləcək. Məşəl 400-dən çox şəhərdən, təxminən 10 min məşəlçi tərəfindən əl-ələ ötürülərək, Olimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq. Sülh və dostluq rəmzi olan Olimpiya məşəlinin gəlişi təntənə ilə qeyd ediləcək.

İdman