Prezident İlham Əliyevin əməkdaşlıq məntiqi: Çin və Cənubi Qafqazda sülh

post-img

Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına verdiyi və “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində bir neçə məqam diqqətimizi çəkdi. Həmin məqamlardan biri çinli müxbirin ölkəsindəki məşhur atalar sözünü xatırlatması idi: “Ticarət dayananda, müharibələr başlayır.” Ardınca bildirdi ki, ticarət nə qədər çox olarsa, ölkə əhalisi üçün daha çox fürsətlər açılar. Bu deyimlərlə həmrəyliyini ifadə edən dövlətimizin başçısı vurğuladı ki, ticarət sabitliyi, təhlükəsizliyi möhkəmləndirir və müəyyən dərəcədə, sözün yaxşı mənasında, qarşılıqlı bağlılığı artırır: Bu şəraitdə, əlbəttə, sabitlik bərqərar olur”.

Bundan sonra çinli müxbirin Azərbaycan-Ermə­nistan münasibətlərinə keçid alması məntiqidir. Çün­ki hazırda bu münasibətlərin qaydaya salınmaması, normallaşmaması həm də ticarətə zərər vuran, onun qarşısını alan amil rolunda çıxış edir. Söhbət, əlbət­tə ki, qlobal ticarətdən gedir. O ticarətdən ki, cənab İlham Əliyev müsahibəsində onun müxtəlif tərəflə­rindən, mövcud müstəvidə Azərbaycanın oynadığı roldan, ölkəmizin mövqeyindən, maraq və mənafelə­rindən, kifayət qədər əhatəli söz açdı...

Məlumdur ki, Azərbaycan 44 gün­lük müharibədə məğlub etdiyi, rüsvayçı duruma saldığı Ermənistana əl uzadıb, ölkəni sülhə dəvət edib. Həm Prezident İlham Əliyevin, həm də dövlət rəsmiləri­mizin açıqlamalarında İrəvanın bölgədə­ki iqtisadi inkişafdan öz payını götürəcə­yi fikri üzərində dayanılıb. Yəni dolayısı ilə Azərbaycan Ermənistan üçün böyük ticarət şansının, gəlir mənbəyinin ya­ranacağını vurğulayıb. Nəzərə alaq ki, Bakı zaman-zaman İrəvanın Zəngəzur dəhlizi kimi nəhəng layihəyə qoşulma­sının mümkünlüyü məsələsini də qa­bardıb. Bir sözlə, Azərbaycan savaş yerinə ticarət, əməkdaşlıq formulunu prioritet götürüb və bu məramını bütün beynəlxalq platformalarda açıqlayıb, tə­minat verib. 

Lakin Ermənistandan adekvat müna­sibət yoxdur. Əksinə, ölkənin rəhbərliyi­nin, eləcə də xaricdəki erməni lobbi və diaspor təşkilatlarının reallıqları dəyiş­mək, avantürist mövqe tutmaq cəhdlə­rinin şahidiyik. Nəticədə çinli müxbirin də vurğuladığı kimi, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Bu mənada onun dövlətimizin başçısından sülh müqaviləsinin nə zaman imzala­nacağını soruşması məntiqidir. Çünki jurnalist təmsil etdiyi ölkənin regiondakı qlobal iqtisadi maraqlarından xəbərdar­dır. O yaxşı bilir ki, həmin maraqlar Cə­nubi Qafqazda dayanıqlı sülhün yaran­masını, belə demək mümkünsə, diktəyə çevirib. Bu yerdə “China Media Group” media korporasiyasının müxbirinin cə­nab İlham Əliyevə daha əvvəl ünvanla­dığı bir suala da nəzər salaq: “Məndə çox maraqlı məlumatlar var ki, Sizinlə bölüşmək istərdim. Oradan görünür ki, Çindən Avropaya göndərilən mallar də­nizlə orta hesabla 36 gün çəkir, əgər si­yasi məsələlər olmasa, Transsibir marş­rutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir”.

Diqqət yetirək, çinli media təmsilçisi, bilavasitə gün məsələsindən söz açır. O, yaxşı dərk edir ki, genişlənməkdə və şaxələnməkdə olan Çin iqtisadiyyatı üçün satış bazarları önəmli faktordur, bu, öz yerində. Əsas məsələ malların həmin bazarlara, yəni istehlakçılara maksimum tez bir zamanda çatdırılmasıdır. Axı hər gün maliyyə deməkdir. Bir günün itiril­məsi isə maliyyənin itirilməsidir. Deməli, çinli müxbirin Prezident İlham Əliyevdən Ermənistanla sülh müqaviləsi haqqın­da nə düşündüyünü, həmin müqaviləni nə vaxt gözləməyin mümkünlüyünü so­ruşması adi sual deyil, eyni zamanda Çinin strateji maraqlarından irəli gələn məsələdir.

Prezident İlham Əliyev müsahi­bəsində Ermənistanla sülhə ən yaxın gələcəkdə nail olmağın mümkünlüyünü bildirib: “Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütöv­lüyünü tanıyırlar, – əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan et­dilər və sonra bir neçə dəfə təsdiqlədilər, – həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar. Çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissə­si kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazi­sində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imza­lamaqdır”. 

Göründüyü kimi, bir məsələ qalıb – dildə bəyan edilənlə­rin kağız üzərinə köçürülmə­si. Ancaq çinli müxbirin də vurğuladığı kimi, bu xüsusda mürəkkəblik var. Əs­lində durum, ilk baxışdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün müsbət zəminin olmadığından xəbər verir. Görürük ki, Ermənistan çe­şidli təxribatlara əl atır, anti-Azərbay­can ritorikasını işə salır, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda formalaşmış reallıqları say­mazdan gəlməyə cəhd göstərir. Əlbəttə, onu da nəzərə almalıyıq ki, Ermənistan hakimiyyəti müharibədən ötən iki il ya­rımdan artıq müddətdə indi dilə gətirdik­lərini deməmək üçün çox çalışıb, ancaq yekunda Azərbaycanın mövqeyi ilə razı­laşmaq məcburiyyətində qalıb. 

Heç şübhəsiz, ölkə sülh müqavilə­si imzalayacaqsa, bu, onun istəyinin nəticəsi kimi meydana çıxmayacaq­dır. Ancaq bizim rəsmi İrəvanın, elə­cə də erməni cəmiyyətinin nə zaman səmimiyyət notlarına köklənəcəyini gözləməyə vaxtımız yoxdur. Üstəlik, erməni qövmünün heç vaxt səmimi ol­madığını təsdiqləyən tarix var. Deməli, nəticəyə gəlirik ki, sülh müqaviləsi im­zalanacaqsa, bu, Ermənistan hakimiy­yətinin, necə deyərlər, başına-gözünə döyməklə gerçəkləşdirəcəyimiz proses kimi dəyərləndiriləcəkdir. Çox güman, çinli müxbir, böyük anlamda götürsək, Çin dövləti bunu bilməmiş deyil. Hər bir halda cənab İlham Əliyev izah edir və bildirir ki, İkinci Qarabağ müharibəsi bit­dikdən sonra, sülh müqaviləsi ilə bağlı ölkəmizin mövqeyi həmin müqavilənin beynəlxalq hüququn norma və prinsip­lərinə əsaslanmasından ibarətdir: “Biz sülh müqaviləsinin əsasını təşkil etmə­li olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam et­diriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənis­tan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar”. 

Əlbəttə, Azərbaycan Prezidenti Çinin media qurumuna müsa­hibəsində indiyədək keçilmiş yola, təcrübəyə diqqət yetirərək, sülh müqaviləsinin imzalanmasına maneçilik motivlərini də açıqlayır. Ermənistanın siyasi manevr, prosesi yubatmaq cəhd­lərindən söz açır. Ancaq cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, İrəvan gec-tez sülh müqaviləsini imzalamağa məcbur olacaq. 

Buna görə dövlətimizin başçısı müsahibəsində perspektiv sülh mü­hitinə baxışını ifadə edir. Azərbaycan Prezidenti bildirir ki, sülh müqaviləsi, həqiqətən, mühüm geosiyasi amilə çev­rilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar. Qafqazda real sülhün forma­laşması isə həm də bütün kommunikasi­yaların açılması anlamı verən hadisədir. 

Deməli, yekun nəticəyə gəlirik ki, hazırda Cənubi Qafqazda region ölkələ­rinin, həmçinin Çinin də maraq və mə­nafelərindən irəli gələn ab-havanın for­malaşması üçün zəmin var. Azərbaycan göstərir ki, mövcud durumun qərarlaş­ması naminə üzərinə düşən hər şeyi edir, bütün iddiaları cavablandırır, çətin­liklərə sinə gərir. 

Bəli, ölkəmiz Ermənistan tərəfindən gətirilən “arqumentləri” cavabsız qoyma­maqla göstərmək istəyir ki, sülh gündəli­yinə sadiqdir. Əlbəttə, bu gündəlik suve­ren haqlarımızı ikinci plana atmamalıdır. Rəsmi Bakı heç bir halda imkan verə bilməz ki, Qarabağda erməni avantüriz­mi üçün şans yaransın. Buna görə Pre­zident İlham Əliyev Çinin nüfuzlu media qurumuna müsahibəsində bildirir: “Həm­çinin əlavə etmək istəyirəm, Azərbay­candakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qoru­nacaq. Bununla belə, Azərbaycan onlar­la etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemi­miz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azər­baycanın bu mövqeyi beynəlxalq ictima­iyyət tərəfindən dəyərləndirilir”.

Sonda onu da deyək ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman, xü­susən də 44 günlük müharibədən sonra yaşadığımız Cənubi Qafqaz coğrafiya­sını qlobal əməkdaşlıq platforması kimi xarakterizə edən fikirlər səsləndirməsi ilə gündəmə gəlib. Dövlətimizin həm bu müsahibədə, həm də 2023-cü il iyulun 21-23-də keçirilmiş Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən bildirdikləri fikirlərlə, həmin əməkdaş­lıq platformasının, bir növ, yol xəritəsini çəkmiş oldu. Bu yanaşma əməkdaşlığı nifaqa, mənfəəti təfriqəyə, gəliri təxri­bat meyillərinə, faydanı separatçılığa, nəhayət, tərəqqini və inkişafı düşmən­çilik təmayüllərinə qarşı qoyan nəhəng, uzaqgörən düşüncə tərzidir. Hazırda Er­mənistan cəmiyyətinin də bu düşüncə­nin gətirəcəyi imkanlardan faydalanmaq şansı var. Haylar nəzərə almalıdırlar ki, şans, birincisi, hər zaman ələ düşmür, ikincisi, istifadə edilmədikdə üz döndərir. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

 



Siyasət