Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə dünən Göygöl rayonunda “Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod icmasının ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi torpaqlarımıza mütləq qayıdacağıq” mövzusunda konfransı keçirilib.
İcmadan qəzetimizə bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ulu öndərin dövlət quruculuğundan və Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunmasından, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı gördüyü nəhəng işlərdən, Göygöl rayonunun sosial-iqtisadi cəhətdən inkişafına göstərilən dövlət qayğısından danışıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan məsələsinə ulu öndər Heydər Əliyevin həssas münasibətini qeyd edib. O, qeyd edib ki, Heydər Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı tutduğu mövqe, əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. QAİ-nin yaradılması və fəaliyyətinin təşkilinə göstərilən qayğı barədə danışan icma rəhbəri Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər, Qayıdış Konsepsiyasının mahiyyəti haqqında məlumat verib.
Tədbirdə Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasındakı rolundan, Qərbi Azərbaycan məsələsinə dair əsasını qoyduğu siyasi kursun mahiyyətindən bəhs edib.
İcma ağsaqqalı Azadxan Haqverdiyev və Əməkdar müəllim Dilarə Qazıyeva çıxışlarında Zod kəndindən olan insanların ağır qaçqınlıq həyatından danışıb, əhalinin Qərbi Azərbaycana qayıdacağına güclü inamını ifadə ediblər.
Zod icmasının üzvlərinin fikirləri əsasında akademik Əhliman Əmiraslanovun Zod kənd icmasının rəhbəri seçilməsi təklifi yekdilliklə dəstəklənib.
“Xalq qəzeti”


