Şuşada Qlobal Media Forumu öz işinə başlayır

post-img

İyulun 22-23-də Qlobal Media Forumuna Mədəniyyət paytaxtımız Şuşa ev sahibliyi edəcək. Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşa Qlobal Media Forumu keçiriləcək. Forum “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda baş tutacaq.  

“Xalq qəzeti” xəbər verir ki, Prezident İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşəcək.

Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edəcək. Bununla yanaşı, forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunacaq.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və “feyk nyus”la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Forumda həmçinin Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.

Qeyd edək ki, artıq beynəlxalq tədbirlərin məkanına çevrilən Şuşa şəhəri ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, informasiya-kommunikasiyalarə sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirir. 

Anar ƏLİ,

“Xalq qəzeti”

Siyasət