Oskanyan siyasi avantüradan əl çəkmir və... Paşinyana biclik öyrədir

post-img

Ermənistanda və onun havadarı olan bəzi ölkələrdə müxtəlif siyasi qüvvələr və şəxslər İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlardan öz mənafeləri, gündəmdə qalmaları və ya populyarlaşmaları üçün istifadə edirlər. Belələrindən biri Ermənistandakı radikal-revanşist kəsimin nümayəndəsi, 1998-2008-ci illərdə ölkənin xarici işlər naziri olmuş, hazırda Civilitas Fondunun təsisçisi Vardan Oskanyandır. Hazırda 68 yaşı olan V.Oskanyan bugünlərdə söz verib ki, ona müvafiq səlahiyyətlər veriləcəyi təqdirdə, qısa müddətdə Azərbaycanla danışıqlar prosesində dönüşə nail olacaq. Lakin o, şərt qoyub: Paşinyan üç ay susmalıdır, çünki sabiq nazirin fikrincə, baş nazirin çıxışı erməni xalqının başına müharibə gətirib və hətta müharibədən sonra, bütün bu müddət ərzində onun çıxışları mövcud problemləri daha da dərinləşdirib.

Oskanyan Ermənistanın hakim züm­rəsinin mənsubları və müstəqil ekspert­lər tərəfindən tənqid edildikdən sonra mövqeyində korrektə etmək əvəzinə, fi­kirlərində daha da “qabağa” gedib. Deyib ki, Qarabağ nəinki sıradan xarici siyasət məsələsidir, ümumiyyətlə xarici siyasət məsələsi deyil: “Bu, ümummilli, ekzisten­sial məsələdir və əgər Paşinyan başqa məsələlərdə başqalarının fikrini dinləyə bilmirsə, deməli, bu məsələdə də bunu edə bilməz”.

Oskanyan iyulun 15-də Brüsseldə keçiriləcək görüş ərəfəsində Paşinyana necə deyərlər, biclik öyrətməyə çalışıb. Bunu diplomatik dillə pərdələyərək, “da­nışıqlar məntiqini dəyişmək imkanı” ad­landırıb: “Sən (baş nazir Nikol Paşinyanı nəzərdə tutur-S.H.) Brüsselə getməzdən əvvəl bəyanat verə və ya danışıqların əv­vəlində bunu deyə bilərsən: “Baxmayaraq ki, mən Praqada Alma-Ata Bəyanamə­sinə istinadən Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıyan bəyanat imzalamışam. Həmçinin bu bə­yannamənin iki ölkə arasında razılaşma deyil, çoxtərəfli sənəd olduğunu nəzərə alsaq, orada əksini tapan ərazi bütöv­lüyünün tanınması faktı Ermənistanın Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıması üçün əsas ola bilməz. Daha sonra bəyan edə bilərsən ki, əgər danışıqlar prosesində iki xalq ara­sında ədalətli və davamlı sülh üçün zəmin yaranarsa, mən Azərbaycanın ərazi bü­tövlüyünü tanımağa hazıram. Ona görə də mən təklif edirəm ki, bizim danışıqlar gündəliyimizə sovet dövründə Qarabağın muxtar vilayət statusunun olması faktını mütləq daxil edək. Bu xüsusu daxil etməyi təklif edirəm”.

Oskanyan əlavə edib ki, Şarl Mişel bütün dövlət quruluşunun müxtəlif icma­ların bərabərliyinə əsaslandığı bir ölkənin (Belçikanın) keçmiş baş naziri kimi bunu çox yaxşı başa düşəcək: “Bu gündəliyin irəli sürülməsi danışıqlar məntiqini xeyli dəyişəcək və daha çox erməniyönlü ola­caq, hazırkı gündəm isə yaxşı heç nəyə gətirib çıxara bilməz. Sənin bu gündəliyi dəyişmək şansın var”.

***

Göründüyü kimi, V.Oskanyan açıq təx­ribatçı çağırış edir ki, N.Paşinyan əvvəlki razılaşmalardan geri çəkilsin, İkinci Qa­rabağ müharibəsindən ötən 2 il 8 aydan artıq dövr ərzində qət edilən yoldan dö­nülsün, yenidən necə deyərlər, ara qarış­sın, məzhəb itsin və onun kimilər meydan sulasınlar. Maraqlıdır ki, Oskanyana əsas dəstək 10 il (2008-2018) Ermənistanda hakimiyyətin uzurpatoru olmuş Serj Sar­kisyandan gəlib. O jurnalistlərə müsahi­bəsində deyib ki, Ermənistan tərəfdən da­nışıq aparanlar dəyişsə, vəziyyət dəyişə bilər: “Bu, birmənalıdır”. Sarkisyan bildirib ki, V.Oskanyanın təkliflərini diqqətlə dinlə­yib, onun dediklərini məntiqli və mümkün hesab edir: “Əlbəttə, vəziyyət ağırdır, çox­lu çətinliklər, böyük problemlər var, lakin mən vəziyyətin çıxılmaz olduğunu düşün­mürəm. Hakimiyyət dəyişikliyi ən yaxşı həll yolu olardı, amma həqiqətən də Var­dan Oskanyanın rəhbərlik edəcəyi qrupun işləyəcəyinə, qalanların isə susacağına razılaşa bilsələr, onda bu da uğur ola bilər. Baxmayaraq ki, mən hakimiyyətin buna razılaşacağını düşünmürəm”.

Ancaq S.Sarkisyan istisna olmaqla, V.Oskanyanın fikirləri özünə tərəfdar tap­mayıb. Bu isə onun dediklərinin havadan asılı olan fikir kimi də qalacağını deməyə əsas verir. Oskanyanın fikirlərinə verilən reaksiyalar bunun göstəricisidir.

***

Vardan Oskanyanın on il ərzində Er­mənistan-Azərbaycan danışıqlarının ge­dişatını dəyişmək üçün imkanı var idi, amma bunu on ildə edə bilmədisə, üç ayda necə edəcək? Bunu Ermənistan təh­lükəsizlik şurasının katibi Armen Qriqor­yan “Amerikanın səsi” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib. O, təkrar edib ki, Oskanyanın belə bir im­kanı var idi və o, bundan istifadə etməyib. “Bəs onda ikinci dəfə, hətta üç ay ərzində və bəzi anlaşılmaz adamların köməyi ilə bunu edə biləcəyinə inam haradadır?”, – deyə Qriqoryan sual edib.

Qriqoryanı Oskanyanın dövlətçilik anlayışına yanaşması da təəccübləndi­rib. “Belə məsələlər üçün ikinci dövlətin, yaxud ikinci dövlət institutunun yaradılma­sı təklif olunur ki, bu da çox qeyri-ciddidir və bu mənada müzakirə mövzusu olma­malıdır”, – deyə təhlükəsizlik şurasının katibi vurğulayıb.

Hakim “Vətəndaş razılaşması” parti­yasından olan deputat Xaçatur Sukiasyan deyib ki, V.Oskanyan vaxtilə “Artsax”a danışıqlardan çıxmağı məsləhət görmüş adamdır: “Hər şeydən əvvəl, bundan son­ra “Artsax”ın nə qədər ziyan çəkdiyini an­lamaq lazımdır. İnsanlar bu adamın fəa­liyyəti zamanı hansı səhvlərə yol verdiyini unutmayıb. Bu şəxs 10 ildir Ermənistanda yaşamayıb. Bizim səlahiyyətli orqanları­mız onun nə etdiyini, kim olduğunu öyrən­məlidir. Əgər o, 10 il xarici işlər naziri olub­sa və bu problemi həll edə bilməyibsə, indi üç aya necə həll edəcək?”, – deyə Sukias­yan əlavə edib. Onun sözlərinə görə, mü­vafiq orqanlar V.Oskanyanın son 30 ildəki fəaliyyətini ciddi şəkildə araşdırmalıdırlar.

Hakim partiyadan olan digər deputat Gevorq Papoyan isə deyib: “Sarkisyan və Oskanyan bizim siyasi zibilliyə göndərdiyi­miz insanlardır. Onlar müharibənin carçı­larıdır. Kim düşünür ki, biz onlara mandat verəcəyik? Biz avantüraya gedə, Oskan­yana və Sarkisyana etibar edə bilmərik. Bu, Ermənistanın müstəqilliyinin itirilməsi demək olar. Onların bəyanatları siyasi zi­billikdə olanların çarəsiz hərəkətlərdir”, – Paşinyanın tərəfdarı bildirib.

Göründüyü kimi, V.Oskanyanın açıq­laması hayların özləri tərəfindən araların­da belə rədd edilir. Bu da gözlənilən idi. Çünki məhz oskanyanların, sarkisyanların və koçaryanların zamanında erməni xalqı olmazın müsibətlərə düçar edilib. Hayların onlara yenidən mandat verəcəyi heç ağ­labatan deyil. Oskanyan isə “səlahiyyət, vəzifə” deyə-deyə qalacaq.

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”

Siyasət