Son günlər Xankəndidə baş verən proseslər – separatçılar arasında qarşıdurmanın dərinləşməsi, qondarma rejimin rəhbəri Arayik Arutyunyana müxalif qüvvələrin fəallaşması, sadə vətəndaşlara qarşı təzyiqlərin çoxalması fonunda kütləvi narazılıq artmaqdadır. Separatçılar arasındakı qarşıdurma və gərginliyi artıran başlıca amillərdən biri isə rəsmi Bakı ilə münasibətlərə fərqli yanaşmalardır.
Arutyunyanın “prezidentlik”iddiasına qurban verdiyi gənclər...
Uzun illər ərzində özünü işğal edilmiş Azərbaycan ərazilərindəki qondarma qurumun “bir nömrəli şəxsi” hesab edən və 44 günlük Vətən müharibəsindən sonra da “prezidentlik” arzusundan əl çəkə bilməyən Arayik Arutyunyan, bu gün də erməni gənclərini heç vaxt reallaşmayacaq xəyali arzu uğrunda fəda etməkdədir. Xankəndi və ətraf ərazilərdə hərbi baxımından möhkəmlənməyə çalışan Arayik rejimi, bu məqsədlə rəsmi İrəvan, eləcə də xaricdəki erməni havadarları ilə mütəmadi danışıqlar aparmaqdadır. Separatçıların rəhbəri kiçik bir bölgədə də olsa öz liderliyini qoruyub saxlamağa, bu ərazilərdə “birinci adam” statusunu itirməməyə çalışır.
Arayik və onun əlaltılarından Azərbaycana qarşı istifadə etməyə, bölgədəki status-kvonu dəyişməyə çalışan rəsmi İrəvan isə artıq xeyli müddətdir ki, Xankəndiyə davamlı şəkildə hərbi yardımlar göndərməkdədir. İrəvan separatçıların köməyinə yalnız silah-sursat deyil, həm də canlı qüvvə göndərir ki, separatçılarla son qarşıdurmada Ervand Tadevosyan və Samvel Torosyan adlı iki Ermənistan vətəndaşının cəsədinin Azərbaycan ərazisində qalması faktı bunu sübut edir.
Arayikin “prezidentlik” iddiası Xankəndidəki erməni gəncləri üçün də əsl kabusa çevrilib. Nəyin bahasına olursa-olsun bu ərazidə öz hərbi mövcudluğunu qorumağa çalışan separatçı rejim, dinc erməniləri məcburi şəkildə hərbi xidmətə, müxtəlif təxribatlara cəlb edir, öz ambisiyalarını onların məhvi hesabına reallaşdırmağa çalışır.
Arayik Arutyunyanın bu dəsti-xətti sadə ermənilərlə yanaşı, Xankəndidəki rejimə müxalif olan separatçılar tərəfindən də açıq narazılıqla qarşılanmaqdadır.
Samvel Babayanın “sülh arzusu”
Qondarma “Vahid Vətən” partiyasına rəhbərlik edən Samvel Babayan isə Arayikdən fərqli olaraq, rəsmi Bakı ilə danışıqlara getməyi daha məqsədəuyğun hesab edir. Samvel Babayanın qənaətincə, problemin tənzimlənməsi üçün öncə Bakı ilə Xankəndi arasında “qarşılıqlı etimad” formalaşmalıdır. Babayanın fikrincə, yalnız bundan sonra digər məsələləri həll etmək mümkündür.
Samvel Babayanın sərgilədiyi mövqe Arayik rejiminin yanaşma tərzindən ciddi şəkildə fərqlənsə də, partiya sədrinin bu mövqeyi onun həqiqətən də sülhpərvər insan olmasından irəli gəlmir. Əslində, Arayik kimi Samvel Babayan da Xankəndi və ətraf ərazilərin Azərbaycanın nəzarəti altına düşməsini istəmir. Birinci Qarabağ müharibəsində qeyri-adi vəhşiliyi ilə ad çıxaran Babayan hesab edir ki, indiki məqamda nə separatçılar, nə də İrəvan Azərbaycanla müharibə aparmaq üçün gərəkli potensiala malik deyil. Samvel Babayanın fikrincə, hazırkı şəraitdə Azərbaycanla hərbi qarşıdurma Xankəndidəki separatizmin sonu ola bilər. Buna görə də, bir tərəfdən, İrəvandan Xankəndiyə hərbi yardımların daşınmasına göz yuman Babayan, digər yandan sülhün önəmindən bəhs edir, Arayik rejiminin sərt siyasi tərzini tənqid edir.
Samvel Babayan Rusiya sülhməramlılarının bölgədə qalmasını da separatizmin qorunması baxımından zəruri hesab edir. O, mətbuata açıqlamasında bildirib ki, indiki şəraitdə ermənilər sülhməramlıların bölgədən çıxmasına “hə” deməyəcək: “Qarşılıqlı etimad yoxdursa, sizi inandırıram ki, biz 30 il danışıqlar apardıq və heç nəyə nail olmadıq. Daha 30 il danışıqlar aparsaq da, heç nəyə nail olmayacağıq. Azərbaycan nə qədər Rusiyanı buradan mümkün qədər tez çıxarmağa çalışsa da, qarşılıqlı etimad olmasa, buna nail olmayacaq”.
Göründüyü kimi, Samvel Babayan “qarşılıqlı etimadı” Xankəndinin silahlanması, separatçıların Rusiya sülhməramlılıarının himayəsi altında öz hərbi potensialını genişləndirməsi fonunda təmin etməyə çalışır. Bu isə Azərbaycanın maraqları baxımından qəbuledilməzdir.
Əgər sözlə anlamasalar...
Separatçıların bəlli bir qrupunun sülhün zəruriliyi ilə bağlı ard-arda verdiyi bəyanatların digər bir səbəbi isə mütəmadi erməni təxribatlarına cavab olaraq rəsmi Bakının bölgədə geniş antiterror əməliyyatı həyata keçirəcəyi ilə bağlı ehtimallardır. Bu ehtimal separatçılar arasında qorxu və təşvişi artırmaqda, daxili gərginliyi bir qədər də gücləndirməkdədir.
Əslində, erməni təxribatlarının uzun zamandır ki, davam etdiyini nəzərə alsaq, rəsmi Bakının belə bir əməliyyata istənilən an start verə biləcəyi ehtimalı böyükdür.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekspert Züriyə Qarayeva separatçılara qarşı iriqmiqyaslı əməliyyatın gerçəkləşə biləcəyini, bunun artıq zərurətə çevrildiyini vurğulayıb: “Onlar silaha əl atmaqla dünyaya nəsə göstərməyə çalışsalar da, biz Vaşinqtona və digər güclərə göstəririk ki, əlisilahlı ermənilər bölgədə olduğu müddətdə bu görüşlərin heç bir əhəmiyyəti qalmır. Sülh dialoqunun əhəmiyyətini artırmaq üçün bizim müəyyən “işləri” görməyimizə ehtiyac var. Bu “işlərin” silahsız ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Ordusu Qarabağdakı silahlı terrorçulara qarşı əməliyyat keçirərək, separatçı rejimi “gorbagor” edəcək. Əgər onlar normal dildə anlamasalar, növbəti “Qisas”la saxta atributlarını da, silahlılarını da cəhənnəmə vasil edəcəyik”.
Deyilənlərdən aydın olduğu kimi, Xankəndi nə sülhə hazırdır, nə də müharibəyə. Bu isə o deməkdir ki, prosesə son nöqtəni Bakı qoymalı olacaq.
Ə.SEYMUR