Evi şüşədən olan neofransız imperializmi

post-img

Uinston Çörçilin məşhur bir deyimi var: “Siyasət imkanların incəsənətidir”. Böyük siyasətçinin fikrinin mahiyyəti  budur ki, güc, qüdrət siyasət yürütmək üçün yetərli deyil. İmkanlar daxilində və ehtiyatla həyata keçirilən siyasət bu sahənin estetikasını ortaya qoyur. Hər bir iş kimi siyasətdə də kübarlıq önəmlidir. Bu işlər dünyaya səs salan ətir, şlyapa, uzun çəkmələr, dekolteli qadın geyimləri ilə hasil olmaz.  Bu işlər nüvə silahına sahib olmaqla, bir vaxtlar Avropanı lərzəyə salan lakin sonu ağır məğlubiyyətlə bitən imperiya maraqları ilə də alınmaz. Burada imkanlar və reallıqlar rol oynayır. 

İllərdir Ermənistan - Azərbaycan münaqişəsində ikilistandart mövqe sərgiləməsi, Türkiyəyə qarşı qondarma erməni soyqırımı kartını mütəmadi olaraq işə salması, gah liberal dəyərlər carçısı kimi, gah da xristian təəsübkeşliyi ilə meydana atılması Fransa barədə azacıq da olsa təsəvvür yaratmağa imkan verir.

Əlbəttə, yazıda Fransanın dünya elminə, mədəniyyətinə verdiyi töhfələrə kölgə salmaq fikrindən uzağıq. Lakin Fransa dövlət siyasətinin, neoimperialist fransız milli maraqlarının xüsusilə Şərq ölkələrinə, türk-müsəlman sivilizasiyanın hakim olduğu bölgələrdə, yumşaq desək, köntöy, qaba addımlar atması heç cür qəbul edilə bilməz.

Məlumdur ki, Fransa neoimperialist maraqlarını demokratiya pərdəsi arxasında həyata keçirməyə çalışır. Özünü numunəvi ölkə kimi aparır. Ən azından Azərbaycanın daxili işlərinə qarışması, sözdə demokratik külək əsdirməyə çalışması, Ermənistan-Azərbaycan münaqişəsində açıq tərəfkeşliyi göz önündədir. Bu isə açıq qərəzdir.

Türkiyəni qondarma soyqırımında ittiham edən, bunu inkar edənlərə qarşı qanun qəbul etdirən, bu kartı hər il durmadan siyasi gündəliyinə daxil edən Fransanın Əlcəzairdə törətdiyi kütləvi insan qırğınlarının üzərindən çox da uzun zaman keçməmişdir.

Bu gün Fransa qaynayır. Ölkə xaos girdabına sürüklənib. Məlum olur ki, nəinki Şərq, eləcə də, Avropa ölkələri üzərində  Frankofoniya təşkilatında mövqeyindən istifadə edərək kolonial siyasət yürütməyin, diktə üslubunda davranmanın, demokratik dəyər carçısı qismində çıxış etmənin heç bir bazası yoxdur.

Bir neçə gün əvvəl Nanter qəsəbəsində polis patrulunun 17 yaşlı Əlcəzair əsilli sürücünü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina etməsinə görə öldürməsi və hadisə nəticəsində ölkəni bürüyən iğtişaş dalğası buna sübutdur. 

Məlum olur ki, demokratik dəyərlərdən danışan ölkədə qeyri-fransızlara münasibət səmimi deyilmiş. Artıq bunun cavabı olaraq Əlcəzairin ali təhsil ocaqlarında tədris fransızca deyil, ingiliscə keçiriləcək. Məsələ bununla bitmir. Ölkənin illərdir siyasətinə, mədəniyyətinə, idmanına xidmət edən afro-fransızların etimadını itirmək də var imiş  qismətdə. Beləcə, məlum olur ki, Fransanın ölkəxadili sabitliyinin pozulması və idarəolunmaz vəziyyətə gəlməsi bu qədər asan imiş. Və sonda məlum olur ki, rəsmi Parisin oxuduğu demokratiya, insan hüquqları balladaları yalnız başqa ölkələr üçün imiş, sən demə, burada maraqlar bütün dəyərlərdən üstün imiş.  

Göründüyü kimi, bu gün özünü Napoleonun varisi kimi imitiasiyalara əl atan, əslində isə, siyasi təcrübə baxımından tamamilə naşı olan, ultrafransız millətçilərindən heç də fərqlənməyən, anti-demokrat Makronun öz evi də şüşədəndir. Elə isə məşhur məsəldə deyildiyi kimi, başqalarına daş atmaq vərdişindən də əl çəkməlidir.   

Anar TURAN,
“Xalq qəzeti”

Siyasət