Pakistan-Azərbaycan əlaqələri inkişaf edir

post-img

Pakistan - Azərbaycan Məzunları Assosiasiasiyasının Prezidenti Qayser Nəvab Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərifin Azərbaycana rəsmi səfərini yüksək dəyərləndirib. Bildirib ki, nazirin dost Azərbaycan ölkəsinə səfəri hər iki dövlət arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm mərhələdir.

Səfərin əsas məqsədi Baş nazir Şərif və Prezident İlham Əliyev arasında ticarət, investisiya və enerji kimi layihələr çərçivəsində hərtərəfli müzakirələr aparmaqdır. Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə və tarixə söykənir, regional və qlobal məsələlərdə qarşılıqlı etimad və dəyərlərin qorunmasına, inkişafına töhfə verir. 

Əvvəllər də dəfələrlə Azərbaycanda olmuş, o cümlədən Prezident İlham Əliyevlə bu yaxınlarda Şuşada görüşmüş Nəvab Baş nazirin səfəri ilə bağlı fikirlərini də bildirib: "Baş nazir Şehbaz Şərifin səfəri ilə Pakistan-Azərbaycan münasibətlərində davam edən dostluğun şahidi olmaqdan məmnunam. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə əyani sübutdur. Əminəm ki, Baş nazir Şərif və Prezident Əliyev arasında aparılan müzakirələr daha sıx əməkdaşlığa və qarşılıqlı rifaha təkan verərək səmərəli nəticələr verəcək”.
 
Fidan SALMANOVA,

 “Xalq qəzeti”



Siyasət