“Son zəng” – “Böyük yol”un başlanğıcı

post-img

Minlərlə şagirdin orta məktəbə əlvida deyib, yeni həyata doğru yol aldığı son zəng günü... Bir gözəl nəğmədə deyildiyi kimi, “Hər anı bir ömrə bərabər sehirli günlər” son zəngin sədaları altında bitir. Bitir ki, yeni həyata qapı açılsın. 

Müstəqil həyatın astanasında duran məzunlar məktəbdən ayrılmağın zamanının gəldiyini başa düşür, son zəngin həyəcanını yaşayırlar. 11 il onların qayğısını çəkən müəllimlərin məzunlara vida sözü onları kövrəldir, qəhərləndirir. Doğma məktəbdən, əziz müəllimlərindən ayrılmaq məzunlara çətin olsa da, onları yeni həyat gözləyir. Bir həqiqət də budur ki, onlar illərcə əxz etdikləri bilik və təcrübələrlə “böyük yol”a çıxırlar. 

Budur, məktəbin qoynunda yeni həyata səsləyən son zəngi gözləyən məzunlar isə hadisələri tələsdirmədən mehriban, qayğıkeş, lazım gəldikdə kifayət qədər tələbkar olan müəllimlərinə sığınıblar. Məzun Gülnar Məmmədovanın nənəsi Sahilə Əkbərova bu hisslərin ona tanış olduğunu deyir: 

– 40 il müəllim kimi çalışmışam. Son zəng günü məzunlar kimi, biz müəllimlər də kövrəlirdik. Həmin gün məzunlara deyəcəyimiz çoxlu söz olsa da, deyə bilmirdik (kövrəlir). Elə şagirdlərimizdən də bunu hiss edirdik. Uzun illər onlardan qayğı və diqqəti əsirgəməyən müəllimlərinə minnətdarlıq etmək üçün məqam axtarsalar da, son anda susur, kədər və sevinc hissi ilə ayrılırdılar.

Qeyd edək ki, builki “Son zəng” tədbiri hər bir ümumtəhsil müəssisəsinin həyətyanı sahəsində və ya idman salonlarında təşkil olunub. 2022/2023-cü tədris ilində 98 min 647 şagird XI siniflərdən məzun olub ki, onlardan 89 min 112 nəfəri Azərbaycan bölməsində, 8 min 824 nəfər isə rus bölməsində təhsil alıb. 

Paytaxt məktəblərində son zəng həyəcanına şahid olmaq üçün bir neçə təhsil müəssisəsinə baş çəkdik. Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə son zəng tədbirində iştirak edən məzunlar, onların valideynləri və müəllimlərlə görüşdük. 

Məzun Gülarə Əkbərova dedi: 

“Son zəng günü bizim üçün sanki həm də bir sınaqdır. Bu gün qəlbimizə kövrək hisslər hakim olsa da, göz yaşlarımızı göstərməməyə, qətiyyətli görünməyə çalışırdıq. Çünki məktəbdən ayrıldığımız gün, həm də müstəqil həyata qədəm basdığımız məqam hesab olunur. Hər birimizdə əminlik olmalıdır ki, sərbəst həyatın çətinliklərinə sinə gərə bilək. Düzdür, əksər məzunlar ali məktəblərə daxil olmağı, təhsilini davam etdirməyi fikirləşir. Amma düşünəndə ki, özümüz qərar qəbul etməli və gələcək həyatımızı müəyyənləşdirməliyik, bu, üzərimizə əlavə məsuliyyət qoyur. Əminəm ki, məktəb illərində öyrəndiyimiz biliklər həmişə köməyimizə gələcək”.

Valideyn Çinarə Hüseynli indiki məzunların gələcəyinin daha işıqlı olacağına əminliyini bildirdi: 

– Qızım Selcan məzundur. Mən özüm də 23 nömrəli məktəbdə müəllim kimi çalışıram. Məzunların bu xoş günündə demək istəyirəm ki, indiki gənclər çox xoşbəxtdirlər. Müasir, müstəqil və qalib Azərbaycan gənci üçün imkanlar daha genişdir və onlar bu imkanlardan istifadə etmək üçün hərtərəfli bilikli olmalıdırlar. Cəmiyyətin aparıcı qüvvəsi olan gənclik, eyni zamanda, daim axtarışda olan bir qüvvədir. Onların gücü, qüvvəsi tükənməzdir. Qızıma, bu il məzun olan bütün gənclərə öz gələcək həyatlarını düzgün müəyyən etməyi, qarşıya qoyduqları hədəfə çatmağı arzulayıram. 

Bakının 151 nömrəli tam orta məktəbini bitirən məzun Nihat Əlizadənin anası Günay Əliyeva övladlarının yüksək dünyagörüşə malik, bilikli, vətənpərvər gənc kimi yetişməsində məktəbin rolunun əvəzsiz olduğunu vurğuladı: “Məktəbin, müəllimlərin övladlarımız üzərində haqqı böyükdür. Bu gün böyük minnətdarlıq hissi ilə onların əməyini xatırlayırıq. Düz 11 il onlar övladlarımızın təlim və tərbiyəsi ilə məşğul olublar və bu şərəfli işi davam etdirirlər”. 

Nəhayət, “Son zəng” anı yetişir. Məzunların həyatında bir dəfə səslənən “Son zəng”in sədaları yeni həyata çağırış kimi onların qəlbini titrədir. Bu gənclərin hər biri qətiyyət və böyük inamla irəli getmək, uca zirvələr fəth etmək iqtidarındadır. Yolunuz açıq olsun, əziz məzunlar!

Leyla QURBANOVA,

“Xalq qəzeti”

 













Təhsil