Dünən Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriyaya işgüzar səfərə gəlib. Səfər çərçivəsində naziri ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.
Nazir Ceyhun Bayramov bildirb ki, Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi ölkəmizin siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır.
C.Bayramov sonra bildirib ki, Azərbaycan ATƏT də daxil olmaqla, müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz, eyni zamanda, ehtiyacları və prioritetləri əsasında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda maraqlıdır.
Nazir onu da vurğulayıb ki, Azərbaycan–Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparılır.
Nazir son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaratdığını diqqətə çatdırıb.
Ceyhun Bayramov deyib ki, Azərbaycanı ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözləyir.
***
Bu gün Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən, Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”