Qədim Naxçıvanın yeni inkişaf hədəfləri

post-img

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 5 iyun 2023-cü il tarixli Sərəncam imzalayıb. Sənəddə regionlarımızın sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilən dövlət proqramlarının ölkəmizin bu ayrılmaz hissəsinin iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb. 

Dövlət Proqramının pream­bulasında bildirilir ki, Azərbay­can regionlarının, o cümlədən, Naxçıvan iqtisadi rayonunun in­kişafı ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiya­nın reallaşmasında, eləcə də bölgələrin inkişafının yeni key­fiyyət mərhələsinə yüksəlmə­sində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları xüsusi önəm daşıyır. 

Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti dövründə Ermənistan tərəfin­dən blokada şəraitində olan regionun sosial-iqtisadi vəziy­yətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli təd­birlər görülüb, aqrar islahatlar reallaşdırılıb, infrastrukturun inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Məhz dahi şəxsiyyətin müdrik siyasəti sayəsində bölgənin tərəqqisinin davamlılığını gerçəkləşdirmək üçün regional və beynəlxalq əlaqələr qurulub, sonrakı dövr üçün ölkəmizin bütün regionları kimi, Naxçıvanın da sosial-iq­tisadi inkişafında möhkəm bü­növrə formalaşdırılıb. 

Proqramın giriş hissəsində, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində torpaq­larımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa­sı ilə yaranan yeni reallıq Orta Dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını da zəruri edib və Naxçıvan Muxtar Res­publikasının tranzit potensia­lını genişləndirib. Düşməndən təmizlənən ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-qu­ruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin muxtar respublika ilə nəqliyyat əlaqələrinin qurulması perspek­tivi analoji güzəştlərin bu bölgə­də də tətbiqinə əlverişli imkanlar yaradır.

Hazırda bu imkanlardan is­tifadə edərək Naxçıvanda iqti­sadi inkişafın sürətləndirilməsi, əhalinin məşğulluğu, sosial ri­fah halının daha da yüksəldil­məsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələ­sinə keçməsi ön plana çıxıb. Mövcud potensialdan daha səmərəli yararlanmaqla böl­gədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığı­nın təmin edilməsi zəruridir. Bu isə, mütəmadi olaraq, Naxçıvan Muxtar Respublikasının sosi­al-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırla­naraq icra olunmasını nəzərdə tutur.

Naxçıvan Muxtar Respubli­kasının mövcud vəziyyəti Döv­lət Proqramında ətraflı təhlil edilərək, 2004-cü ildən başla­nılan məqsədyönlü tədbirlər nə­ticəsində bölgədə görülən işlər infrastruktur layihələrinin həya­ta keçirilməsinə, bu coğrafiya­da qazlaşdırmanın tam təmin edilməsinə, enerji təchizatının yaxşılaşdırılmasına, müasir yol­ların inşasına, sosial infrastruk­tur obyektlərinin tikintisinə, yeni müəssisələrin yaradılmasına, həmçinin iş yerlərinin açılması­na səbəb olub. 

Naxçıvan Muxtar Respubli­kasında sənaye sahəsində fəa­liyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, sənayenin da­vamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsin­də məşğulluğunun artırılması məqsədilə Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsi yara­dılıb, investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, iqtisadiyyata sərmayə qoyulu­şunun stimullaşdırılması üçün son 5 il ərzində 18 sahibkarlıq subyektinə 24 investisiya təş­viqi sənədi verilib. İnvestisiya təşviqi sənədi çərçivəsində idxal olunan 77,9 milyon manat dəyərində avadanlığa gömrük və vergi güzəştləri tətbiq edilib. 

Ötən dövrdə torpaqların su­varma və meliorasiya təmina­tının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətin­də tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarı istifadəyə verilib. Elektrik enerji­si təchizatının yaxşılaşdırılması istiqamətində 169,8 meqavat gücündə 10 elektrik stansiyası işə salınıb. 

Təbii qazla təchizat tam ola­raq başa çatdırılıb, 27 kilometr uzunluğunda Naxçıvan–Şah­buz ortatəzyiqli və 82,2 kilometr uzunluğunda Naxçıvan–Sə­dərək yüksəktəzyiqli magistral qaz kəmərləri tikilib istifadəyə verilib. Naxçıvan şəhərinin və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrinin əhalisini içməli su və kanalizasi­ya xidməti ilə təmin etmək üçün gün ərzində 40 min kubmetr sutəmizləmə və 32 min kubmetr tullantı sutəmizləmə gücünə malik olan qurğular və ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilib. 

Həyata keçirilən genişmiq­yaslı layihələr nəticəsində əldə olunan uğurlar bütün bunlarla kifayətlənmir. Rabitə və infor­masiya texnologiyalarının tət­biqi, ətraf mühitin mühafizəsi, sosial obyektlərin tikintisi, əha­linin rifahının yaxşılaşdırılması və digər sahələrdə müsbət nə­ticələrə nail olunub. 

Naxçıvan Muxtar Respub­likasında iqtisadi və sosial sahələrdə əldə olunan nailiy­yətlərin daha da möhkəmlən­dirilməsi, eləcə də regionun potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırıl­ması üçün müasir çağırışlara əsaslanan bir sıra tədbirlərin həyata keçirilməsi də zəruri hesab olunur. Həmin tədbirlər “Naxçıvan Muxtar Respublika­sının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”da öz ifadəsini tapıb. 

Bu tarixi sənəddə bölgədə biznes mühitinin daha da yax­şılaşdırılması, dövlət xidmət­lərinə əlçatanlığın artırılması, təbii ehtiyatlar (əlvan metallar) hesabına hasilat sənayesinin inkişafına nail olunması, elek-trik enerjisinin istehsalı və ixracı üzrə mövcud potensialdan ya­rarlanmaqla yeni bərpaolunan enerji (əsasən, günəş) stansiya­larının, həmçinin istilik elektrik stansiyalarının tikintisi mühüm prioritetlər kimi qəbul edilib. Bütün bunlarla bərabər muxtar respublikanın Türkiyənin qaz şəbəkəsi ilə əlaqələndirilməsi, xarici dövlətlərlə sərhəddə yer­ləşməsi nəzərə alınmaqla, böl­gədəvergi və gömrük güzəştləri müəyyənləşdirilməklə rəqa­bətqabiliyyətli ticarətqovşağının yaradılması və s. layihələrin reallaşdırılması məsələləri də Dövlət Proqramında yer alıb. 

V.BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat