Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirildi

post-img

İyunun 6-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023-cü il növbədənkənar sessiyasının ilk iclası keçirildi. Parlamentin Sədri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra gündəliyə 14 məsələnin daxil edildiyi bildirildi. 

S. Qafarova dedi ki, bu gün Azərbaycan dünyanın ən dina­mik inkişaf edən ölkələrindən biridir. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası ötən 5 ayda makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf sahəsində dövlət siyasə­tinin prioritetlərini və məqsədləri­ni əldə etməyə imkan yaratmış­dır: “İqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunmuş bölgələrdə bər­pa-quruculuq işlərinin sürətləndi­rilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə bu ilin dövlət büdcə­si haqqında qanunda və büdcə zərfinə daxil olan digər 2 qanun­da dəyişiklik edilməsinə imkan yaratmışdır. Bununla əlaqədar olaraq, möhtərəm Prezidentimiz müvafiq qanun layihələrini qa­nunvericilik təşəbbüsü qaydasın­da Milli Məclisə təqdim etmişdir və gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir.

Gündəliyin birinci məsələsi – “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqın­da” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sa­hibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. Qeyd etdi ki, sənəd Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. O diqqətə çat­dırdı ki, “Büdcə sistemi haqqın­da Qanunun” 23.7-ci maddə­sinə əsasən, dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin bü­dcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqraf­ları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azər­baycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib. 

T. Mirkişili bildirdi ki, 2023-cü ilin dövlət büdcəsi haqqında qa­nun layihəsi qəbul olunarkən, dövlət büdcəsi gəlirlərinin 30 774 milyon, xərclərinin 33 353.3 milyon, kəsirinin isə 2 579,3 mil­yon manat olacağı planlaşdırı­lıb. Eyni zamanda, 2023-cü ildə ÜDM-in real artım tempinin 2,7 faiz, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4,5 faiz, inflyasi­yanın orta illik səviyyəsinin 6,9 faiz, olacağı proqnozlaşdırılıb. Dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiy­mətinin 50 ABŞ dolları səviyyə­sinə uyğun həyata keçirilib.

Maliyyə naziri Samir Şərifov bildirdi ki, 2023-cü ilin dövlət bü­dcəsində Böyük Qayıdış Proqra­mında nəzərdə tutulan layihələ­rin icrası üçün 3 milyard manat vəsait təsdiq olunub. Artıq həmin vəsaitin 60 faizə yaxın hissəsi carin ilin ötən 5 ayı ərzində isti­fadə olunub. Diqqətə çatdırdı ki, Prezident İlham Əliyev cari ilin I rübünün fiskal, xüsusilə döv­lət büdcəsinə daxilolmalar üzrə göstəricilərin müsbət dinamika­sını, habelə 2023-cü il üzrə tərtib olunmuş sosial-iqtisadi inkişaf proqnozunun 2022-ci ilin faktiki icra göstəricilərinə nisbətən artı­ma doğru yenilənməsini nəzərə alaraq, büdcədə yaranmış əlavə gəlirlərin, ilk növbədə, Böyük Qayıdış Proqramı üzrə layihələ­rin maliyyələşdirilməsinə, ölkə­nin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə yönəldilmə­si vəzifələrini müəyyən edib.

S.Şərifov çıxışında yeni­dən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumat verdi: “Döv­lət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırıl­ması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1 mil­yard 123 milyon manat məb­ləğində əlavə maliyyə təminatı yaradılıb. Cari ilin ilk 5 ayında Dövlət Neft Fondunun dövlət büdcəsinə transfert üzrə daxi­lolmalar nəzərə alınmadan döv­lət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Bu vəsaitin 50 faizi qeyri-neft sek­toru hesabına, digər hissəsi isə neft sektorundan daxilolmalar hesabına təmin edilib. Bütöv­lükdə, qeyd olunan 4,3 milyard manat maliyyə resurslarının 2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparıl­masına yönəldilməklə, cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsa­iti 5 milyard 260 milyon mana­ta yüksəldiləcək. Digər prioritet istiqamət olan ölkənin müdafiə qabiliyyətinin və milli təhlükə­sizliyin daha da artırılması üçün əlavə ayrılacaq 1 milyard manat vəsait nəzərə alınmaqla, xüsusi müdafiə təyinatlı xərclərə yönəl­dilən vəsaitin ümumi məbləği 3 milyard 70 milyon manata çatdı­rılacaq. Bununla yanaşı, bir sıra digər istiqamətlər üzrə də əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur”.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda də­yişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim etdi.

Milli Məclisin Sədri 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik­lərlə bağlı təqdim olunan qanun layihələrinə dair Hesablama Pa­latası tərəfindən rəy verildiyini diqqətə çatdırdı. Sonra qanun layihələri ətrafında müzakirələr aparıldı. 

Müzakirələrin sonunda 2023-cü ilin dövlət büdcəsinə də­yişikliklərlə bağlı təqdim olunan 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

S.Qafarova gündəliyin növ­bəti 5 məsələsinin ikinci oxu­nuşda qanun layihələri olduğu­nu bildirdi. Bu qanun layihələri gündəlikdəki digərləri ilə bərabər müzakirə olunaraq müvafiq qə­rarb qəbul edildi. 

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər