Ermənistan sülh sazişi imzalamaqda ya maraqlı deyil, ya da müstəqil qərar qəbul etməyi bacarmır - Şərh

post-img

Ermənistanın Basarkeçər rayonunun Zod istiqamətində növbəti təxribata zəmin hazırlamağa cəhd göstərməsi və bölgədə gərginlik yaratması, ümumiyyətlə, bütün bunlar gözlənilən idi. Birincisi, biz Ermənistanla hələ də sülh müqaviləsi imzalamamışıq və müharibə şəraitindəyik. Vətən müharibəsində Azərbaycan Ordusu Qələbə qazandıqdan sonra atəşkəs mütəmadi olaraq Ermənistan tərəfindən pozulur. Bu bir daha onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi konstruktiv mövqe nümayiş etdirmir. Bu ölkənin rəhbərliyi ya sülh sazişi imzalamaqda maraqlı deyil, ya da kənar qüvvələrin güclü təzyiqi ilə özləri müstəqil qərar qəbul etməyi bacarmır.

Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspert qeyd edib ki, əgər sülh müqaviləsi bağlanarsa, Zəngəzur dəhlizi, Türkiyə ilə sərhədlər açılarsa, bu, Ermənistanın iqtisadi yüksəlişinə və rifahına səbəb olar: “İqtisadi yüksəliş isə sabitliyə aparan yoldur. Ermənistanda 30 il ərzində gedən proseslər onu göstərir ki, bu ölkə heç vaxt müstəqil qərar qəbul etməyib. Ermənistanın hərbi-siyasi rəhbərliyi yalnız müxtəlif qüvvələrin sifarişlərini yerinə yetirir. Bu ölkədə hakimiyyətə kim gəlirsə-gəlsin, onlar bu regionda öz xalqının deyil, xarici qüvvələrin marağını təmin etməklə məşğuldurlar. Hazırda İkinci Qarabağ müharibəsindəki Qələbədən iki il yarımdan çox müddət keçib. Ermənistan hələ də sülh müqaviləsini imzalamır. Ona görə ki, onları hakimiyyətə gətirən həm daxildəki, həm də xaricdəki qüvvələr bunu istəmir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə etiraf edib ki, sülh müqaviləsini bağlamaq lazımdır. Ancaq o, bu şərtlərlə sülh müqaviləsini bağlayarsa, onda bu, Paşinyanın fiziki məhvinə gətirib çıxara bilər. Ona görə də hakimiyyətini və özünü qorumaq üçün xalqının marağına zidd olsa da, sülh müqaviləsini imzalamayaraq sərhəddə vəziyyəti gərgin saxlamağa üstünlük verir”.

Onun sözlərinə görə, regionda Ermənistandan istifadə edərək vəziyyəti gərgin saxlamaqda maraqlı qüvvələr çoxdur. Bu qüvvələr həm erməni diasporu vasitəsilə, həm də böyük dövlətlərin regionda maraqlarının toqquşması nəticəsində süni gərginlik yaradır. Son vaxtlar regionumuzda xarici oyunçular aktivləşir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanı çox gözəl xarakterizə edərək deyib ki, biz sülh müqaviləsi imzalasaq da, o demək deyil ki, Ermənistan təxribatlardan əl çəkəcək. Bu ifadə onu göstərir ki, Azərbaycan həmişə silahlı qüvvələrini gücləndirməli və “Dəmir yumruğu”nu hər zaman hazır vəziyyətdə saxlamalıdır. Bunun üçün də Prezident İlham Əliyevin dediyi kimi, istər Ermənistanda, istərsə də havadarları tərəfindən aparılan işlərin nəticəsində əgər Azərbaycana hər hansı təhlükə yaranarsa, ordumuz buna dərhal adekvat cavab verəcək.

Şair Ramaldanov qeyd edib ki, Prezident İlham Əliyev mayın 10-da Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı Şuşada müraciətində Ordumuza lazımi dəstək göstəriləcəyini, təchizat və digər məsələlərin tam və yüksək səviyyədə təmin ediləcəyini bildirdi. Ordu quruculuğunun bundan sonra da daim nəzarətdə saxlanılacağını diqqətə çatdırdı. Şuşadan edilən müraciət həm dostlarımıza, həm də düşmənlərimizə olan mesajlardır. Ona görə də bütün bu faktları nəzərə alaraq Azərbaycanın sülh sazişinin imzalanmasında maraqlı olduğu qənaətinə gəlmək olar. Bu müqavilə Azərbaycan dövlətinin irəli sürdüyü beş şərtdən ibarətdir və onların hər biri beynəlxalq normalara və tələblərə cavab verir. Ancaq bütün bunlara baxmayaraq, qarşı tərəf və təcavüzkar ölkənin həm havadarları, həm də onun mövqeyini müdafiə edən qüvvələr sülh müqaviləsinin bağlanmasının müddətinin uzadılmasında maraqlıdırlar.

Hazırda geosiyasi arenada gedən prosesləri nəzərə alsaq, Azərbaycan öz ehtiyatını və təhlükəsizliyini tam şəkildə təmin etməlidir, gücləndirməlidir. Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətində qalmalıdır.

Ehtiyatda olan polkovnik deyib ki, Azərbaycan Ordusu Ermənistanın Basarkeçər rayonunun Zod istiqamətində sentyabrda əlverişli yüksəklikləri ələ keçirmişdi. Sonrakı vaxtlarda da onların ətrafında daim xaricdə müzakirələr aparılır. Həmin istiqamətdə gedən gərginlik müəyyən şəkildə bununla da bağlıdır. Ancaq bu taktikanın ermənilər üçün hansısa nəticələrə gətirib çıxaracağını düşünmürəm. Belə ki, bu daha çox siyasi xarakterli addımlardır.

“Azərbaycan Silahlı Qüvvələrinin PUA-lara qarşı kifayət qədər müasir texnikası var. Həmin müasir texnikalar istənilən PUA-larla təxribatların qarşısını almaq və yaxud onu zərərsizləşdirmək imkanına malikdir. Ona görə də hazırda Azərbaycan bunu tətbiq edir. Baxmayaraq ki, Ermənistan silahlı qüvvələr artilleriya, minaatanlardan və sair silahlardan atəş açır. Azərbaycan Ordusu onların atəşlərinin, PUA-larının qarşısını layiqincə alır və təhlükəsizlik tədbirləri güclü şəkildə təmin olunur”, - deyə hərbi ekspert vurğulayıb.

Siyasət