Yerli şirkət Cəbrayılda mexaniki minatəmizləyən və zirehli maşınlar istehsal edəcək

post-img

Xəbər verildiyi kimi, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Improtex Industries” şirkətinin “Improtex Qarabağ Sənaye Kompleksi” MMC müəssisəsinin təməlini qoyub.

“Improtex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7.4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur. Müəssisədə il ərzində 300 ədəd tentli yarımqoşqu, 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 100 ədəd zirehli maşın istehsal olunacaq. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə 124 nəfərlik iş yeri yaradılacaq.

Burada “Improtex Industries” şirkətinin “Revival P” və “Revival T” mexaniki minatəmizləyən maşınları, eləcə də ITX SII 450 zirehli personal daşıyıcısı istehsal ediləcək.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”







Siyasət