Daha iki boksçusumuz növbəti mərhələyə vəsiqə qazanıb

post-img

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir. Çempionatın yeddinci günündə Azərbaycan millisinin dörd idmançısı rinqə çıxıb.

51 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Məsud Yusifzadə onaltıdabir final mərhələsi çərçivəsində Maykl Trindadla (Braziliya) üz-üzə gəlib. Döyüş boksçumuzun 5:2 (2:0 əlavə hakimlər) hesablı qələbəsi ilə başa çatıb. Yusifzadə səkkizdəbir finalda Zambiya təmsilçisi Patrik Çinyemba ilə döyüşəcək. Qarşılaşma mayın 9-da olacaq.

+92 kiloqram çəkidə yarışan digər bir idmançımız Məhəmməd Abdullayev də yarışda növbəti qələbəsini qazanıb. O, səkkizdəbir finalda əlcəzairli Murad Kadini mübarizədən kənarlaşdırıb – 4:1. O, üçüncü görüşündə gürcüstanlı Nikolos Beqadze ilə münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 10-na keçiriləcək.

Təmsilçisimiz Ümid Rüstəmov isə üçüncü döyüşündə Xavyer İbanes Diasla (Bolqarıstan) qarşılaşıb. Həmin döyüşdə rəqib qələbə qazanaraq dörddəbir finala yüksəlib.

Mirşərif Kazımzadə (75 kq) isə ikinci qarşılaşmasında Salvatore Kavalyaro (İtaliya) ilə qüvvəsini sınayıb və səkkizdəbir finala rəqib vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün Tural Sarıyev (48 kq) Vuttiçai Yuraçaini (Tailand), Nicat Hüseynov (54 kq) Po-Hao Hsunu (Tayvan), Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovu (Rusiya) və Alfonso Dominqes (86 kq) Bill Makallisteri (Avstraliya) sınağa çəkəcək.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman