XİN Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat yayıb

post-img

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat yayıb. Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın–Xankən­di yolundan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hə­dələrini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata ke­çirib. 

Məlum olduğu kimi, üçtərəfli Bəya­natın imzalanmasından keçən iki il ya­rım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənis­tan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-is­tifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçula­rın keçidi, habelə təbii sərvətlərin və mə­dəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar. 

Yoldan minaların daşınaraq sonra­dan Azərbaycan Respublikasının suve­ren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər ra­yonlarının ərazisində 2021-ci il Ermənis­tan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd ola­raq Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə 2023-cü il aprelin 22-də Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsa­lı minaya düşərək partlayıb və 3 hərbi qulluqçumuz yaralanıb. Müharibənin so­nundan etibarən 294 azərbaycanlı mina qurbanı olub. 

Bununla yanaşı, aprelin 22-də Er­mənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun üçtərəfli Bəyanata və bey­nəlxalq hüququn norma və prinsiplə­rinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kamera­ları tərəfindən qeydə alınıb. Daha sonra Ermənistan tərəfindən Laçın–Xankən­di yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib. 

Qeyd edilən təhdidlər və təxribatlar nəzərə alınaraq Laçın yolunun başlan­ğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəf­faflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək­dir. 

Sərhəd təhlükəsizliyinin təmin edil­məsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumə­tinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. 

Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaş­ların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbay­canın Qarabağ bölgəsində yaşayan er­məni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbay­cana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. 

Yuxarıda qeyd edilən nəzarət mexa­nizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata ke­çiriləcək. 

Azərbaycan tərəfi Ermənistanla bir­gə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir.

Siyasət