İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin Ekspertlər Qrupu ölkəmizə rəsmi səfərdə olub.
Anti-Korrupsiya Fəaliyyət Planı üzrə V dəyərləndirmə mərhələsi çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlərin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi ilə bağlı müzakirələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş Prokurorluğunun struktur qurumları, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, həmçinin Azərbaycan Respublikası Milli Məclisi və Nazirlər Kabineti, Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Maliyyə Nazirlikləri, Dövlət Təhlükəsizlik Xidməti də daxil olmaqla 20-dən artıq dövlət qurumunun əməkdaşları iştirak etmişlər.
Dəyərləndirmə mərhələsinin ölkə missiyasının yekunlaşması ilə əlaqədar olaraq ekspert qrupunun üzvləri ilə qurumun Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmiz üzrə Milli Koordinator – Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.
Sonra Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin meneceri xanım Olqa Savran dəyərləndirmə missiyasının yüksək səviyyədə təşkil edilməsini qeyd edib. Ekspertlər Qrupunun rəhbəri xanım Jolita Vasiliaskuayte yaradılmış işgüzar şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Xatırladaq ki, səfər çərçivəsində əldə edilmiş məlumatlar əsasında yekun ölkə hesabatının hazırlanaraq cari ilin oktyabr ayında Parisdə keçiriləcək müzakirələrdən sonra qəbul edilməsi nəzərdə tutulur.
“Xalq qəzeti”