XİN-dən redaksiyamıza daxil olmuş bu başlıqlı şərhdə isə bildirilib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il aprelin 18-də verdiyi müsahibəyə istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə təhrif dolu bəyanatını qətiyyətlə rədd edirik”.
XİN-in şərhində daha sonra göstərilib ki, 30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanın özünü sülhpərvər tərəf kimi göstərməsi və Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir. İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında Dövlət bayrağımızın yandırılmasından da göründüyü kimi, ölkəmizə qarşı nifrət zəminində irqi ədavətin təşviq olunmasını davam etdirən Ermənistanın Azərbaycanın, guya, nifrət zəminində hərəkətlər etməsinə dair iddiasının heç bir əsası yoxdur. Azərbaycan tərəfi ölkəmizin ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır.
Əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir götürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən heç bir hüquqi əsas olmadan insan öldürülməsində ittiham edilməsi hüququn bütün norma və prinsiplərinə ziddir.
Xarici İşlər Nazirliyinin şərhinin sonunda bildirilib ki, Azərbaycan ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır. Bunun üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir.
“Xalq qəzeti”

