Xarici İşlər Nazirliyindən redaksiyamıza verilən məlumatda bildirilib ki, dünən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbətdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, ölkəmizin İsrail Dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına və uğurlu əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti təqdir edilib və münasibətlərin daha da şaxələnməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə ölkəmizin İsraildə səfirliyinin açılmasının son 30 ildə inkişaf edən və yeni keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycan–İsrail münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023–2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı”nı imzalayıblar.
“Xalq qəzeti”

