Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Seyminin sədri Elzbieta Vitek ilə görüşüb. Seymin sədri ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərdən razılığını ifadə edib. O, bu səfərin parlamentlər arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən redaksiyamıza verilən məlumata görə, Seymin sədri parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, bu mənada qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Polşa üçün dost ölkə olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini bildirib.
Milli Məclisin sədri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bunu ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafı ilə əlaqələndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya, Polşa Respublikası dövlət başçılarının Azərbaycana səfərlərini xatırladıb və bunun ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Ötən il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan S.Qafarova deyib ki, xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi daha genişdir: “Azərbaycanın Polşa ilə əlaqələri həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində inkişaf edir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir və Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Bu səfər parlamentlər arasında olan münasibətlərə daha bir təkan olacaq”.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

