İsrail Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir

post-img

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Mikayıl Cabbarov Azərbaycanla İsrail arasında yüksək səviyyəli əlaqələri vur­ğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizin İsraildə səfirliyinin açılması ikitərəfli mü­nasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan Respublikası Hö­kuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələri­miz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Ölkələrimiz iqtisadi-ticarət əməkdaşlığının gücləndiril­məsi istiqamətində işləri davam etdirir. İs­rail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə qarşılıqlı investisiya, həmçinin energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətin­də fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. Həmçinin sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq olunur. İsraillə innovativ inkişaf və rəqəmsal iqti­sadiyyat sahəsində əməkdaşlıq Azərbay­can üçün xüsusi önəm daşıyır.

İqtisadiyyat naziri Azərbaycanın əlve­rişli işgüzar mühiti, azad edilmiş əraziləri­mizdə həyata keçirilən quruculuq layihələ­ri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlu­mat verib.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla əlaqələ­rin genişlənməsinə önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif sahələrdə tərəfdaş­lığa maraq göstərdiyini qeyd edib, əmək­daşlığın gücləndirilməsi üçün geniş im­kanların olduğunu vurğulayıb.

“Xalq qəzeti”

Siyasət