Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir.
AZƏRTAC-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, YAP nümayəndə heyəti tərkibinə partiyanın İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsənov və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev daxildir.
Nümayəndə heyəti əvvəlcə aprelin 13-də Bursa şəhərinə səfər edib. Bursa Böyükşəhər Bələdiyyəsinin binasında keçirilən görüşdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala və Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşın iştirak etdikləri görüşdə Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin səfərinin dostluq, qardaşlıq və həmrəylik örnəyi olduğu vurğulanıb.
Efkan Ala bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyəyə çatıb. İki ölkə arasındakı qardaşlıq münasibətlərinin bütün dünya üçün nümunə olduğunu deyən Efkan Ala diqqətə çatdırıb ki, dostluq və əməkdaşlıq, həyata keçirilən beynəlxalq layihələr böyük bir coğrafiyaya sülh, inkişaf və rifah gətirib. O, mayın 14-də Türkiyədə keçiriləcək seçkilərin önəmindən bəhs edib.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır” fikrini xatırladılaraq, iki qardaş dövlətin birliyinin əbədi və sarsılmaz olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı Prezident Rəcəb Tayyib Ərdoğanın qardaş ölkəyə rəhbərliyi dövründə daha da dərinləşib. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün aparılan 44 günlük Vətən müharibəsində bir millət, iki dövlət prinsipinə layiq mövqe nümayiş etdirildi. Qardaş Türkiyə Azərbaycana böyük siyasi və mənəvi dəstək verdi.
Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş qonaqlara şəhər haqqında ətraflı məlumat verib. Bildirib ki, Türkiyədə özünəməxsus xüsusiyyətləri ilə seçilən bölgələrdən biri də Bursadır. Bu şəhər turizm, kənd təsərrüfatı, mədənçilik kimi mühüm sahələrdə böyük imkanlara malikdir. O, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən qürur duydularını dedi. Bursanın 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olduğunu xatırladan bələdiyyə sədri keçirilən tədbirlər çərçivəsində qardaş Azərbaycandan nümayəndə heyətlərinin gəldiyini xatırladıb. Alinur Aktaş Türk Dünyasının Mədəniyyət Paytaxtı estafetinin Şuşaya verilməsindən qürurlandıqlarını bildirib. O, füsunkar mənzərəsi ilə seçilən Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində təqdim etdiyi rəngarəng proqramları ilə dünyanın hər yerindən turistləri cəlb edəcəyini vurğulayıb.
Sonra Azərbaycan nümayəndə heyəti Bursa Böyükşəhər Bələdiyyəsinin tarixi binasının xatirə kitabına ürək sözlərini yazıblar.
Bildirilib ki, 1880-ci ildə inşa olunan bu bina Türkiyənin ən qədim bələdiyyə binasıdır.
Bursa Təyyarə Mədəniyyət Mərkəzi ilə tanış olan nümayəndə heyəti sonra şəhərlə tanış olub, yerli sakinlərlə söhbət edib. Söhbət əsnasında bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir sıra sınaqlarla üzləşsə də, həmin çətinliklərdən mətanətlə çıxıb. Ən qürurlandırıcı məqam odur ki, dövlətlərimiz və xalqlarımız bu çətinliklərin öhdəsindən gəlmək üçün bir-birinə əsl qardaşlıq dəstəyi göstərib.