“Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfrans keçirilir

post-img

Aprelin 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr təşkil etməkdir. Qafqaz Albaniyasında xristianlığaqədərki dinlər, xristianlıq, İslam sivilizasiyası, sosial həyatın xüsusiyyətləri mövzularını əhatə edən konfransda “Tarixi coğrafiya. Əhali və sosial həyat”, “Qafqaz Albaniyası xristianlığaqədərki və xristianlıq dövründə”, “Qafqaz Albaniyası: coğrafi paralellər, iqtisadi və mədəni həyat”, “Qafqaz Albaniyası: məbədlər və abidələr” bölmə iclaslarında müzakirələr aparılacaq. Bölmə iclaslarında Türkiyə, Cənubi Koreya, Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Böyük Britaniya, Norveç və Litvanı təmsil edən tədqiqatçı alimlər, mütəxəssislər Albaniya tarixinin müxtəlif məsələləri ilə bağlı məruzə edəcəklər. Hibrid formatda keçirilən konfransın dilləri Azərbaycan, ingilis və rusdur.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoymuşdur. Bu irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir.

Azərbaycan Respublikası zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi mərkəzin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir.

Elm