Bakıda Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb

post-img

Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə məlumat verib.

Qeyd edib ki, Heydər Əliyev Mərkəzi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq tədbirlərlə, konsertlərlə yanaşı türk incəsənətinin nümayişi və təbliğatı istiqamətində bir sıra layihələr həyata keçirib: “Bu istiqamətdə növbəti layihəmiz Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisidir. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Devrim Erbilin rəsm əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək yüzlərlə sərgisi açılıb. Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur”.

“Türkiyədən sevgilərlə” sərgisinin kuratoru Renk Erbil qardaş ölkədə olduğundan məmnunluğunu bildirib: “Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.

Tanınmış türk sənətşünas, professor Kiymet Giray rəssam və onun sərgisi haqqında danışıb. O deyib: “Sərgi ilə əlaqədar burada olmaqdan çox məmnunuq. Sərginin gerçəkləşməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, həmçinin köməyi və dəstəyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Bu gün bizimlə bu həyəcanı bölüşən bütün tədbir iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Devrim Erbil türk rəsm sənətinin ən önəmli sənətçisi olmaqla yanaşı, eyni zamanda, dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. Onun dünyanın bir çox ölkələrində sərgiləri açılıb”.

1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığı onun yaradıcılığından da yan keçməyib. Türkiyənin rəsm sənətinin tanınmış simalarından olan D.Erbilin İstanbula həsr etdiyi əsərləri dünyada məşhurdur. Mərkəzdə açılan ekspozisiyada isə müəllifin həm də Bakıya həsr etdiyi əsərləri ilk dəfə sərgilənir. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi və beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. O, eyni zamanda, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.

Türkiyəli rəssam Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib: “Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Təkcə simanız deyil, həmçinin qəlbiniz gözəldir. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Mənə burada Qarabağın da rəsm əsərini çəkəcəyim barədə sual verdilər. Acısını birgə çəkdik, hiss etdik, amma oranı görəndən sonra bəlkə də oranın da rəsmini çəkəcəyəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Qardaş Azərbaycan xalqı ilə belə bir tədbirdə birgə məkanda görüşmək çox qürurvericidir. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, fırça ustasının Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək.

Mədəniyyət