Azərbaycanın Mərkəzi Asiya və Türk dövlətləri ilə əlaqələri yeni mərhələdə

post-img

Prezident İlham Əliyevin  bir neçə gün əvvəl  Tacikistan Respublikasına rəsmi səfəri bir daha təsdiqlədi ki, ölkəmiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində  artıq yeni mərhələyə qədəm qoyub. Vətən müharibəsindəki tarixi Qələbəmiz  ölkəmizin  həm Mərkəzi Asiyada, həm Türk-İslam dünyasında, eləcə də dünya birliyində  mövqeyini daha da möhkəmləndirib. Son vaxtlar bu istiqamətdə böyük canlanma müşahidə olunur. Hazırda  Azərbaycanın  yeritdiyi xarici siyasətin əsas prioritetini  birgə əməkdaşlıq istiqamətində atılan addımlar təşkil edir. Bir neçə ildir ki, dünyada baş verən proseslər də dövlətlərdən ümumi səylər göstərmək zərurətini tələb edir. 

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya,  həmçinin Türkdilli ölkələrə mütəmadi səfərləri, eyni zamanda, həmin dövlətlərin başçılarının  və hökümət nümayəndələrinin Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin  daha da möhkəmləndirilməsindən xəbər verir. Ümumiyyətlə, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir. 

Prezident İlham Əliyev  çıxışlarında  indiki geosiyasi vəziyyətdə  qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməyin vacib olduğunu bildirdi.  Bu baxımdan,  Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması yüksək dəyərə malikdir.                              

Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulub. İki ölkə arasında əlaqələr, əsasən, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olub. Ölkələr arasında əməkdaşlıq, eləcə də rəsmi münasibətlər   getdikcə səfirlik səviyyəsinə yüksəlmişdir. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında  Səfirliyi təsis edilmişdir.. Bundan sonra parlamentlərarası, eləcə də siyasi, iqtisadi, mədəni əlaqələr sahəsində əsaslı dönüş yaradılmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətləri daha da möhkənləndirmiş, əlaqələri genişləndirmişdir.  Ümumiyyətlə, bu günə qədər Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında 35 sənəd imzalanmışdır. 

Bir faktı da qeyd etməyi özümə borc bildim. Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Bütün bunlar br daha təsdiqləyir ki, Aərbaycan- Tacikistan dostluğu getdikcə daha da möhkəmləndirilir. Dövlət başçımızın bir neçə gün əvvəl reallaşan dövlət səfəri zamanı da bunun şahidi olduq. Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşdən sonra mətbuta verdiyi bəyanatda da bunu təsdiqlədi.  Qeyd etdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Tarixi faktlar da təsdiqləyir ki,  o vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Tacikistan  Prezidenti, həm də ulu öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. 

Hazırda  Tacikistan və Azərbaycan  sabit dövlətlərdir. Bu gün bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq  yüksək səviyyədədir. Hazırda Tacikistandan olan 50-yə yaxın kursant Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının  daha da artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər. Dövlət başçımız qeyd etdi ki, bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın və sabitlik hökm sürən ölkədir. 

Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində Azərbaycanla Tacikistan arasında imzalanan sənədlər iki ölkə , eləcə də  respublikamızın Mərkəzi  Asiya və Türk dövlətləri  ilə əlaqələri yeni mərhələyə yüksəldib.

Çingiz Qənizadə, 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru 

Siyasət