Dinc ekoloji aksiyanın davam etdiyi müddət ərzində, ümumilikdə, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 5600-dən çox avtomobil Laçın–Xankəndi yolundan maneəsiz keçib. Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Azərbaycan Ordusu tərəfindən Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldükdən sonra Laçın–Xankəndi yolundan keçən nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir.
Ermənilərin talançılığı tək Azərbaycan üçün yox, bütövlükdə region üçün ekoloji təhlükədir. Ermənistana havadarlıq edən beynəlxalq təşkilatlar da bilməlidirlər ki, o ərazilərdəki meşələri, heyvanat aləmini, biomüxtəlifliyi bu gedişlə bərpa etmək çox çətin olacaq. Məsələn, ölkəmiz tərəfindən işğaldan azad edilmiş ərazilərə ceyranlar buraxıldı, xeyli ağac əkildi. Bütün bunlar təbiətin bərpasıdır. Bəs ermənilər təbiətə ziyan vurmaqdan başqa nə ediblər? Oradakı çaylar zəhərlənib, meşələr qırılıb, nadir ağacların kökü kəsilib, bulaqlar, kəhrizlər quruyub və s.
Kəlbəcər, Zəngilan və digər yerlərdə təbii sərvətlərimizin olduğu yataqlar istismar edilib. Həmin ərazilərimizdə olan qızıl, gümüş və digər əlvan metallar qanunsuz şəkildə daşınıb. Bu işlər həyata keçirilərkən heç bir ekoloji normativə əməl edilməyib. Nəticədə həmin ərazilər çirkləndirilib. 44 günlük Qələbəmizdən sonrakı 2 il ərzində də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə bu istismar davam etdirilib. Təbii sərvətlərimiz Laçın yolu və digər yollar vasitəsilə qeyri-qanuni daşınıb.
Əgər biz tərəfdən Ermənistan ərazisinə bir silah aparardıqsa, bədxahlar dünyada vay-şivən qoparardılar. Qəribədir, öz sərhədlərindən bir quşun belə keçməsinə imkan vermək istəməyən dövlətlər, Azərbaycanın başına ağıl qoymaq istəyirlər. Özünüzə rəva bilmədiyinizi bizdən niyə tələb edirsiniz? Laçın–Xankəndi yolunda keçirilən aksiyanın tələbləri həm ölkə qanunlarına, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Bu aksiyalar yalnız bir qrup ictimai fəalın deyil, bütövlükdə, Azərbaycan cəmiyyətinin iradəsini ifadə edir. Ölkəmizin hər qarışı üzərində suverenliyimiz bərqərar olmalıdır.
Ötən gün Şuşada hava soyuq keçib, qar yağıb. Havanın temperaturunun aşağı düşməsinə, soyuq, şaxtalı və qarlı hava şəraitinin hökm sürməsinə baxmayaraq, ekokönüllülər etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Hazırda aksiya iştirakçılarının Laçın–Xankəndi yolunda fəallığı müşahidə olunur. Artıq 112 gündür davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!
Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə maneə törətməyiblər. Dünən də humanitar təyinatlı avtomobillər Laçın–Xankəndi yolundan keçib. Həmin nəqliyyat vasitələrinin arasında evakuasiya, tibbi yardım maşını, təminat-təchizat və minik avtomobilləri də olub.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”