Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarovun rəhbərlik etdiyi bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir. Astana şəhərində bir sıra görüşlər keçirilib.
Audiovizual Şuradan redaksiyamıza verilən məlumatda bildirilir ki, Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşdə iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, media subyektlərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, 2022-ci il avqustun 24-də Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Xatırladaq ki, sənəd informasiya sahəsində ikitərəfli əlaqələrin formalaşdırılmasının mexanizmləri, mediaməkanda milli maraqların qorunması və təşviq edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi kimi məsələləri özündə ehtiva edir. Bu əməkdaşlıqda məqsəd media və informasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində səmərəli addımlar atmaq, müvafiq qurumların qarşılıqlı təmaslarında mütəmadiliyi təmin etməkdir.
“Xalq qəzeti”