ABŞ-ın Demokratiya sammiti ətrafında söz-söhbətlər bitmir. Əlbəttə, sözügedən tədbirin demokratiyanı bir norma kimi qoruyacağını söyləmək mümkünsüzdür. Ona görə ki, geniş anlamda götürsək, konkret bəşəri dəyərin özü mahiyyətcə, bilavasitə, hansısa toplantının mövzusu ola bilməz.
Bir qədər ətraflı desək, konfranslar, seminarlar və digər bu sayaq yığıncaqlar həmin dəyərin müxtəlif seqmentlərini vurğulamalıdır. Yəni, ayrı-ayrı tədbir mövzuları, ümumən, demokratik prinsiplərin möhkəmlənməsinə xidmət etməlidir. Məsələn, söz və ifadə azadlığı. Bununla bağlı toplantılar keçirilirsə, deməli, həm də demokratiyaya dəstək göstərilmiş olur. Ancaq yüksək səslə Demokratiya sammiti təşkil olunursa, istər-istəməz, şübhə doğurmağa başlayır. Belə çıxır, bəşəriyyətin neçə əsrdir gəldiyi yol faydasız olub, indi nə isə yenilik icad edilir. Əlbəttə, ilk baxışdan absurd mənzərə var. Əslində, məğz absurd mənzərənin mütərəqqi kimi təqdimatıdır. Problem də elə bundadır.
Qısa desək, ABŞ-ın Demokratiya sammiti keçirməkdə məqsədi dünyanı özününkülərə və özündən olmayanlara bölməkdir. Əlbəttə, belə bölgü şərtidir. Nəzərə alsaq ki, belə bir sammit ikinci dəfədir təşkil olunur, deməli, ideya yoxlanış mərhələsindədir. Yəni, hələlik, layihə formasındadır. Layihənin müəllifi isə Birləşmiş Ştatların prezidenti Co Baydendir. Görünür, Bayden, öz aləmində, dünyanı yenidən şəkilləndirməyi düşünür.
Qeyd etdiyimiz məqamı nəzərə alaraq, demək mümkündür ki, ABŞ Prezidenti hələ “Soyuq müharibə”nin bitmədiyini düşünür. Tutalım, o zaman SSRİ mövcud idi və Qərb dünyası bütün resurslarını onunla mübarizəyə həsr etmişdi və qalib gəldi. Zəfərini demokratiyanın avtoritarizm üzərindəki qələbəsi kimi leqallaşdırdı. Nəzərə alaq ki, bu qələbə, ən əsası, ideya savaşındakı qələbə idi. İdeya baxımından demokratiya tərəf kimi çıxış edə bilər. Amma sual olunur: İndi dünyada demokratiyanın nə olduğunu bilməyən qalıbmı? Hətta, təcrid duruma salınmış tək-tük məmləkətlər də bu dəyərlərdən danışırlar. Əlbəttə, məsələ danışmaqda deyil, əməl etməkdədir. Bu baxımdan nə ABŞ, nə də Qərbin digər qabaqcıl sayılan ölkələrinin öyünməyə, böyük ölçüdə, haqqı yoxdur.
Birləşmiş Ştatlar özü də insan hüquq və azadlıqlarının pozulduğu, söz azadlığının boğulduğu ölkələrdəndir. Bunu biz, təkcə, yayılan müxtəlif xəbərlərdən görmürük, ayrı-ayrı beynəlxalq təşkilatlar reytinq cədvəllərində məsələyə yer verirlər. Əlbəttə, elə məqamlar var ki, onlar heç bir halda, reytinqlərə düşmür. Məsələn, həmin o ABŞ-da insanların ağlara və qaralara bölünməsinin hələ də əxlaqi və mənəvi kateqoriya olaraq saxlanıldığını, yazılmamış qanunların qayəsini təşkil etdiyini götürək. Problem olduqca ciddidir. Təsəvvür edin, Demokratiya sammiti keçirən ölkənin elə ştatları var ki, orada ağdərililər axşam hava qaralanda sonra qorxudan bayıra çıxa bilmirlər və ya əksinə, qorxan qaralardır.
Əlbəttə, dünyanın başqa yerlərində də oxşar xoşagəlməz hallar var. Məqsədimiz heç də bunu vurğulayıb bildirmək deyil ki, Bayden Administrasiyasının demokratiya adı altında hansısa tədbir düzənləməyə mənəvi haqqı yoxdur. Yəni, yalnız bunu söyləmirik. Məsələ ondadır ki, demokratik dəyərləri ilə öyunən toplumlar belə mənfi stereotipləri özlərindən kənarlaşdırmağı bacarmayıblar. Geniş yanaşsaq, onları birmənalı qaydada, qınamaq düzgün deyil. Çünki demokratiya özlüyündə bir yoldur və bu yolda bir çox məsələlərin həlli xeyli dərəcədə zamandan asılıdır. Görünür, zaman keçməlidir. Burada problem isə ondadır ki, zaman zərurətinin obyektivliyi ayrı-ayrı dövlətlərə münasibətdə fərqli qiymətləndirilir. İkili standartlar da məhz bu münasibətdən qaynaqlanır və nəticə etibarilə müəyyənləşdirici faktor rolunda çıxış edir. Nədir müəyyənləşən? Müəyyənləşən odur ki, Demokratiya sammiti, əslində, manipulyasiyaların yeni metod və formalarını müəyyənləşdirir.
Məsələn, sammitə dəvət olunmuş Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında Azərbaycana qarşı hədyanlar yağdırır və dünya ictimaiyyətini ölkəmizin timsalında qeyri-demokratik təmayüllərə qarşı mübarizəyə çağırır. Problem yalnız erməni baş nazirin öz ölkəsini beynəlxalq ictimaiyyətə demokratik qiyafədə göstərməsində, onun müdafiəsinin, bütövlükdə, demokratiyanı qorumaq kimi təqdim edib spekulyasiyaya yol verməsində də deyil. Bu halda başlıca məqam demokratiyanın beynəlxalq hüququ çeynəməsində, heçə saymasındadır. Axı, faktiki olaraq, hazırda Azərbaycanın qanuni ərazisində avantürist iddialar gerçəkləşdirmək istəyən Ermənistandır. 30 ilə yaxın bu ampluada olub. Belə bir dövlətin Demokratiya sammitinə dəvət edilməsi bir yana, onun təmsilçisinin – Paşinyanın çərənləməsinə meydan tanınması nə dərəcədə doğrudur? Guya, Nikol özündən əvvəlki erməni liderlər – Sarkisyandan və Koçaryandan müsbət anlamda nə iləsə fərqlənir? Böyük ölçüdə yox! Ancaq, görünür, ABŞ-ın tərəf kimi gördüyü ölkə olduğundan, ağzına gələni danışmaq səlahiyyətindədir. Nəticə etibarilə, Ermənistan da sanki “siyasi kübarlıq klubunda” iştirak etmək dividendi qazanır...
Bəli, “siyasi kübarlıq”. Demokratiya sammitinə diqqət yetirərkən, onun qeyri-rəsmi egidasını təşkil edən bu ifadəni dırnaqda göstərməmək mümkünsüzdür. Özü də yalnız Ermənistana görə yox. Onlarca belə misal çəkmək, onlarca ideyasında demokratiyanın heç “d” hərfinin olmadığı ölkə göstərmək mümkündür ki, hamısı sammitə dəvətli idi. Ona görə ki, Birləşmiş Ştatlar onları tərəf kimi görmüşdü. Əvvəldə də vurğuladığımız kimi, bu sammit, orada hansı məsələlərin müzakirəyə çıxarılmasından asılı olmayaraq, dünyanın, belə demək mümkünsə, özününkülərə və özündən olmayanlara bölünməsindən başqa bir şey deyil. Ən pisi isə budur ki, ayrı-seçkilik demokratiya adı altında aparılır. Azərbaycanı bir kənara qoyaq, Türkiyə də Ermənistan qədər demokratik olmadı?
Demokratiya bəşəriyyəti birləşdirən dəyər olmalıdır. İndiki halda ondan bölücü məqsədlərlə istifadəni görürük. Sammitin verdiyi mesaj da budur. Tədbir faydalı mesajlar verməyi hədəf seçirdisə, o zaman ora, hətta, demokratik kimi qarşılanmayan ölkələrin dəvət edilməsi də vacib idi. Dəvət edilməli idilər ki, öyrənsinlər, bilsinlər. İndiki halda, onlar özlərinin təcrid olunduqlarını görüb daha da aqressivləşəcəklər. Deməli, vəziyyətin belə şəkil almasını istəyənlər var. Digər tərəfdən, Qərb, konkret olaraq ABŞ belə sammitlər təşkil etməklə, guya, demokratiya təbliğatını apardığını göstərməklə, əslində, dünyanı demokratiyadan bezdirməkdən başqa məqsəd güdmür. Bu isə son dərəcə təhlükəli tendensiyadır.
ABŞ demokratiyasının klassik simalarından olan Benjamin Franklinin obrazlı bir fikri var. O deyirdi ki, demokratiya iki canavar və bir quzunun nahar menyusunu dəqiqləşdirmək üçün səs verməsidir. Azadlıq isə odur ki, yaxşı silahlanmış quzu səsvermənin nəticələrinə qarşı çıxır. Franklinin nəzərindəki demokratiya iki canavarın quzunu yeməsi üçün apardığı məşvərətdir. Görünür, Amerika mütəfəkkiri azadlığı daha üstün sayır və quzunun malik olduğu güc statusunu canavarların demokratiyasına qarşı qoyur. Elə təhlükə də bundan irəli gəlir. Çünki quzu silaha sarılırsa, deməli, demokratiyanın hədəfi doğru deyil. İndiki halda ABŞ-ın Demokratiya sammiti də obrazlı söyləsək, canavarların quzuların azadlığına qəsd etməsi reallığından başqa heç bir perspektiv vəd etmir. O zaman, yaşasın azadlıq!
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”