Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun “Ucadan danışan həmişə haqlı deyil” başlıqlı məqaləsi dərc edilib.
Bu barədə redaksiyamıza verilən məlumata görə, qəzetin fransız əsilli, əsasən, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxbiri Jean Meyerin böhtan xarakterli yazılarına cavab olan məqalədə Qarabağın Azərbaycanın tarixi xanlığı olduğu, rus işğalı ilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycanda və ölkəmizin Qarabağ bölgəsində demoqrafik dəyişikliklərin aparıldığı, yüz minlərlə azərbaycanlının İrəvan, Göyçə, Zəngəzur kimi bölgələrdən çıxarıldığı və bütün toponimlərin və bölgənin demoqrafiyasının dəyişdirildiyi qeyd edilir.
Məqalədə kommunist rejiminin Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsini kəsmək məqsədilə 1929-cu ildə Meğri rayonunu Ermənistana verdiyi vurğulanır. Yazıda Azərbaycanın on illər boyu Ermənistan hərbi təcavüzünün qurbanı olduğu, 1987-ci ilədək yüz illər boyu azərbaycanlıların hazırkı Ermənistan ərazilərindən qovularaq, mədəni irsinin məhv edildiyi, Qafqazın Xirosiması sayılan Ağdam və digər işğal altında olmuş şəhər və kəndlərdə bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı faktlarla açılıb göstərilir.
1992-ci ildə Xocalıda yüzlərlə dinc azərbaycanlının soyqırımına məruz qalması və bu günədək taleyi məlum olmayan 4 mindən çox insanın itkin düşməsi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın sıx məskunlaşmış ərazilərində yaşayan onlarla azərbaycanlının Ermənistan tərəfindən ballistik raket hücumlarının qurbanı olması da qeyd edilir.
Ermənistanın baş naziri və ovaxtkı müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” hədələrinə baxmayaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin şərtlərini yerinə yetirərək, beynəlxalq ictimaiyyət, o cümlədən, Meksika tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsi də yazıda əksini tapıb.
Məqalədə Ermənistandan fərqli olaraq Azərbaycanın multikultural ölkə olduğu, burada 40-dan çox etnik qrupun, o cümlədən, ermənilərin sülh şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığı, Ermənistandan qovulan azərbaycanlılardan fərqli olaraq, Azərbaycanda yaşayan ermənilərin bu ölkənin vətəndaşları olduğu və hər bir azərbaycanlı kimi ölkə qanunvericiliyinə və Konstitusiyasına tabe olduğu bildirilir.
Təkzib xarakterli materialda J.Meyerin erməni iddialarına istinadən söylədiyinin əksinə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin heç bir blokadaya məruz qalmadığı vurğulanır, bundan əlavə Ermənistanın Azərbaycan ərazisinə silah və piyada əleyhinə mina gətirmək, habelə Azərbaycan ərazisindəki təbii sərvətləri qeyri-qanuni istismar edərək Ermənistan ərazisinə aparmaq məqsədilə gizli yollardan istifadə etdiyi göstərilir.
“El Universal” qəzetinin 7 milyondan çox izləyicisi olan “Twitter” hesabında paylaşılan məqaləyə 3 saat ərzində minlərlə baxış olub.
“Xalq qəzeti”